Dilguşə Gülümcan: Məzar yolu

     

        KÜSÜLÜYƏM MƏN

Nə vaxtdır bəxdimdən küsülüyəm mən,
Qəlbimdə silinməz eşq izi salıb.
İtirib ruhumu üşüyürəm mən,
Donmuşam,həyatım yarımçıq qalıb.

Sənsə gözdə qəmli bulağı gördün,
Dedin,ver badəni o sudan içim.
Nəmli kipriyimlə sən hasar hördün,
Aşdım o hasarı odlandı içim.

Nə olar oyatma yatmış bəxdimi,
Qürb edən günəşim saralıb indi.
Güllərlə bəzəmə sevgi taxdımı,
Susmuş qəlbim mənim kədərlə dindi.

Kaş sən indi deyil, gələydin çoxdan,
Bu qədər gecikmiş gəliş olarmı?
Közsüz bir alovu yandırsam yoxdan,
Nuru ürəyimə görən dolarmı?

Dilguşə,düşünmə həyatın bitib,
Qurumuş bulağa yenə su dolur.
Bəxtin bəxtsizlərin içində itib,
Bil ki, itmiş bəxti axtaran olur.

 

 

           MƏZAR YOLU

Oturub səkinin üstündə qoca,
O nə fikirləşir,nə düşünürdü?
Yanıb külə dönüb evində ocaq,
İndi istidə də o üşüyürdü.

Daş divarı soyuq,ev səs- səmirsir,
Ağrısın, qayğısın yoxdur çəkəni.
Üst-başı ütüsüz,olub səbirsiz,
Dibçəklər quruyub yox gül əkəni.

Ağzının dadı da zəhərə dönüb,
Nə bişirəni yox,nə gətirəni.
Evladlar çıxıblar üzləri dönük,
Sönmüş ocağına yox üfürəni.

Qəddar tənhalığa o olub əsir,
Canının yarısı onu tərk edib.
Könül baxçasında küləklər əsir,
Onu yaşadan ruh yarıyla gedib.

Olduğu hər bir yer ona gəlir dar,
İndi həyatında əzab doludur.
Rahat yaşamağa tək bir yolu var,
Bu onun son yolu,məzar yoludur.

 

EŞQİNLƏ ODLANDIR.

Eşqsiz bütün qəlblər,daş imiş demə,
Sevgisiz bir ömür,boş imiş demə.
Qızıla bürünmüş saray taxtından,
Sevgi dolu koma,xoş imiş demə.

Ruhumu götürüb gedənim mənim,
Yerdən də, göydən də, edənim mənim,
Sənin cahanında bəxtəvərdim mən,
Ay yaşam ümidi verənim mənim.

Eşqin məlhəmini səninlə daddım,
Sevgi aləminə həmişə yaddım.
Cənnət qapısını sən mənə açıb,
Üzümə çilədin Zəmzəm,hər addım.

Səninlə unutdum dərdi-qəmimi,
Yam-yaşıl elədin quru zəmimi.
Bülbüllər oxudu eşq baxçamızda,
Dəryada sən sürdün sevgi gəmimi.

Dilguşə vurğundu sənə əzəldən,
Sən də, ona oxu muğam, qəzəldən.
Qoyma odu sönsün,közü kül olsun,
Odlandır sevginlə onu təzədən.

 

 

XƏYAL QURMAYAQ

Xəyal əfsanə tək,gəzər dünyadır,
Qaranı nurlara bəzər dünyadır.
Uşaqlıq çağından qocalana tək,
Arzularla dolu özəl dünyadır.

Niyə olmayanı xəyal edirik?
Söylə bu ürəklə hara gedirik?
Ağılın çəkdiyi səddi keçərək,
Bataqlıq görünən yerə gedirik.

Kədər baxçasını gül tək görürük,
Gül əvəzi ondan çələng hörürük.
Əzizləyib onu başa taxanda,
Sevinc əvəzinə dərd-qəm bölürük.

O xəyal dünyamız əl- əlvan rəngdir,
Şəkərdir, şirindir,elə bil qənddir.
Amma xəyallardan ayılan zaman,
Selin qabağından uçan bir bənddir.

Dilguşə deyir ki, xəyaldan gen qaç,
Sabaha yolunu sən ağılla aç.
İnanma fələyin fəndi felinə,
Ağılsız bir başa Allah qoymaz tac.

 

MƏN DƏ GEDİRƏM

Gecə qaranlığı süküt içində,
Ulduzlar göz vurur səmadan yerə.
Ay da ayparadır gözəl biçimdə,
Elə bil asiman bəzənib zərə.

Dənizə baxıram, lal dimnəz durub,
O da seyr eləyir bu gözəlliyi.
İçində bərq vuran bir səma qurub,
Sənət əsəri tək var özəlliyi.

Sahillə öpüşür kiçik ləpələr,
Gecə sükutuna nəğmə oxuyur.
Sahildən aralı güllü təpələr,
Təbiət qoynuna xalı toxuyur.

Baxıb təbiətin mən bu rəsminə,
Yaradan rəssama səcdə edirəm.
Elə bil ruhum da durub qəsdimə,
Deyir: o göylərə mən də gedirəm.

 

 

 

 

Pressaz.az