Daha geniş regionun enerji təhlükəsizliyinə əlavə bir töhfə.
Azərbaycanın ərəb dünyası, xüsusilə, rəsmi Əbu-Dabi ilə əlaqələrinin həm siyasi, həm də iqtisadi baxımdan inkişaf etdirildiyi dövrdə ölkə başçısının Əbu-Dabi Dayanıqlılıq Həftəsinə fəxri qonaq kimi dəvət olunması mühüm əhəmiyyətə malikdir. Əlaqələrin siyasi yönümdə inkişafına misal olaraq, BƏƏ-nin Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasında Fransanın təşəbbüsü ilə müzakirə olunan anti-Azərbaycan qətnamənin əleyhinə səs verməsini göstərmək olar. Əbu-Dabinin Azərbaycana beynəlxalq səviyyədə göstərdiyi dəstək rəsmi Bakı tərəfindən yüksək qiymətləndirilir. Bundan başqa, iki ölkənin “yaşıl enerji” sektorunun inkişafına göstərdiyi diqqəti xüsusi qeyd etmək lazımdır. Məsələn, ötən ilin mart ayında BƏƏ-nın “Masdar” şirkəti tərəfindən Azərbaycanda inşa ediləcək 230 MVt gücündə Qaradağ Günəş Elektrik Stansiyasının təməli qoyulub.
Oktyabrın 26-da 230 MVt gücündə Qaradağ Günəş Elektrik Stansiyasının rəsmi açılış mərasimi olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mərasimdə iştirak edib. Qeyd edək ki, 2021-ci il aprelin 6-da Azərbaycanın Energetika Nazirliyi, “AzərEnerji” ASC və Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti arasında investisiya, enerji alqı-satqısı və ötürücü şəbəkəyə qoşulma ilə bağlı müqavilələr imzalanıb. Stansiyanın təməlqoyma mərasimi isə 2022-ci il martın 15-də “Gülüstan” sarayında Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə qoyulub. Qaradağ Günəş Elektrik Stansiyası Xəzər regionunda və MDB məkanında ən böyük günəş elektrik stansiyasıdır. Stansiya 262 milyon ABŞ dolları dəyərində xarici sərmayə hesabına tikilib. Ölkəmizdə xarici investisiya cəlb edilməklə reallaşdırılan sənaye miqyaslı ilk günəş elektrik stansiyasıdır. Stansiyada hər il 500 milyon kilovat-saat elektrik enerjisi istehsal edilməklə 110 milyon kubmetr həcmində təbii qaza qənaət ediləcək. Eyni zamanda, atmosferə atılan karbon emissiyası 200 min ton azaldılacaq. 550 hektar ərazini əhatə edən elektrik stansiyada 570 min günəş paneli quraşdırılıb. Bu stansiyanın şəbəkəyə qoşulması üçün 330 kilovoltluq yarımstansiya tikilib.
Gələcəkdə nəzərdə tutulan bütün layihələrin uğyurla icra ediləcəyinə böyük əminlik var. Baş tutan açılış mərasimi buna yaxşı nümunədir. Şübhə yoxdur ki, bu, Birləşmiş Ərəb Əmirliklərindən olan bir çox şirkətlərə Azərbaycanla əlaqələr qurmaları üçün siqnal olacaq. Onu da vurğulamaq yerinə düşər ki, bu yaxınlarda iki ölkənin milli neft şirkətləri – ADNOC və SOCAR rəsmi qaydada tərəfdaş olduqlarını bəyan ediblər. Hər iki şirkət Birləşmiş Ərəb Əmirliklərində və digər ölkələrdə birlikdə işləməklə bağlı planlar hazırlayıblar. Bütün bunlar onu təsdiqləyir ki, Azərbaycanla Birləşmiş Ərəb Əmirlikləri hökumətlər və milli şirkətlər səviyyəsində əməkdaşlığın inkişafının yeni mərhələsinə başlayıblar. Bu əməkdaşlığın möhkəmlənməsinə və əhatə dairəsinin genişlənməsinə hər iki dövlət ali səviyyədə güclü siyasi iradə və xoş məram ortaya qoyurlar.
Göründüyü kimi, Azərbaycan neft-qaz sektorunda olduğu kimi, gələcəyin enerjisi olan “yaşıl enerji”nin inkişafı üçün həyata keçirilən mühüm layihələrin əsas təşəbbüskarına çevrilib.
Təbii ki, hazırda “yaşıl enerji”yə maraq yüksək səviyyədə olmasa da, qeyd olunan sektorun gələcəkdə hakim enerji növünə çevriləcəyini indidən proqnozlaşdırmaq olar. Bu səbəbdən, Azərbaycanın indidən həm Avropa, həm də Ərəb dövlətləri ilə bu sektorda əməkdaşlıq etməsi ölkəmizi bir addım önə atır. Bundan başqa, Azərbaycanda “yaşıl enerji” sektoruna sərmayənin qoyulması əhalinin dayanıqlı və ekoloji təmiz enerji ilə təmin olunması baxımından önəmlidir. Ölkəmizdə “yaşıl enerji” ilə bağlı dayanıqlı infrastruktur qurduqdan sonra daxildə ekoloji təmiz enerjidən böyük həcmdə istifadə məsələsi gündəmə gələ bilər. Həmçinin, Azərbaycanın “yaşıl enerji” sahəsində icrası planlaşdırılan qlobal layihələrdə pay sahibi olması, həmçinin ölkə daxilində bu sektora sərmayə yatırması iqtisadiyyatımızın şaxələndirilməsi baxımından da böyük önəmə malikdir.
Niyaməddin Əsgərov
Yeni Azərbaycan Partiyası
Beyləqan rayon təşkilatının sədr müavini.