Dərya Qılıc:” Keçmişin sədası”… (hekayə)

               KEÇMİŞİN SƏDASI
Niyazi yuxudan quşların səsinə oyandı. Yerindən qalxıb pəncərənin qarşısına gəldi. Siqaret yandırıb, çölə baxdı. Hava yeni işıqlaşırdı. Quşların səsi ona doğma gəldi. Elə indicə ağlına gəldi ki, burada quşlar başqa cür oxuyur. Bu səsdə də bir doğmalıq duydu. O ,artıq iki gün idi ki, Bakıda idi. Hələ də gözünə inana bilmirdi. Çünki bir daha Azərbaycana qayıtmaq istəmirdi. Daha doğrusu darıxsa da gəlməyə halı yox idi. Səhhəti aman vermirdi, ürəyi axır vaxtlar çox ağrıyırdı. Məcbur olub gəlmişdi . Demək olar ki, hər gecə eyni yuxunu görüb yuxudan hövləng oyanırdı. Qulağına qadın səsi gəlirdi. Üzünü görmədiyi ağ paltarlı qadın Niyazi, – deyib səsləyirdi .Hər dəfə yuxudan tər içində oyanıb ,mat qalırdı. Hətta oyanandan sonra da səs qulağına gəlirdi. Amma səsi tanıya bilmirdi. Bir necə gün bundan əvvəl bu yuxuya görə vətənə gəlmək qərarına gəldi. Bu qərar ona bir sakitlik gətirdi. Südabə ilə oğlanları ona mane ola bilmədilər. Düzdür burada olmaqdan həmişəki kimi ləzzət ala bilmirdi. Artıq ata -anası, əzizlərinin çoxu rəhmətə getmişdi. Tayları qocalmışdı ,cavanlara marağı yox idi. Əvvəlki şən söhbətlərin yerini , xəstəlik və dərman adları tutmuşdu. Niyazi uzun müddət, demək olar ki, hava işıqlaşana qədər pəncərənin önündən çəkilmədi. Küçədə adamların sayı artdıqca, aşağıdan gələn səs- küy ona xoş gəlirdi. Hər kəs onun doğma , ana dilində danışırdı. Bu səslər qulağında musiqi kimi səslənirdi. Bir fincan çay içib aşağı düşdü. Dalanda dayanıb ətrafa boylandı. Bu dalanı demək olar ki, hər gün xatırlayırdı ,burnun ucu göynəyirdi. Çünki bütün qonşular bu dalana toplaşıb, laqqırtı təpərdilər .O ,ilk dəfə maşın alanda bu dalan üçün hönkür- hönkür ağlamışdı .Almaniyada maşınını göstərmək üçün kimsə yox idi. Maşını evinin qarşısında saxlayıb, Ağasəlimi, Güloğlanı, Dadaşı gözünün önünə gətirdi. Səsləri qulağında gəlirdi. Kimi siqnalı, kimi təkərləri , kimi isə sükana tərif deyirdi. Xəyaldan az qala axşam tərəfi ayrılıb, kor peşman, maşını sürüb , dayanacağa gətirmişdi. Halbuki bayaqdan bəri onun nə özünə, nə də maşınına gözünün qırağı ilə baxan olmamışdı. Həmin günü xatırlayıb , yenə qanı qaraldı .Gəzə- gəzə gəlib, Aliyəni axırıncı dəfə gördüyü yerə çatdı .Lakin burada həmin günü xatırladan heç nə qalmamışdı. Kiçik çörək dükanı, ət dükanı və ayaqqabı təmiri butkası yox idi. Onların yerində böyük ,gözəl çay evi tikilmişdi. Əvvəl məyus olsa da, əslində burada oturub, xəyala dalmaq xoşuna gəldi. Xəyalların qanadında keçmişə dönürdü. Aliyəni xatırlayırdı. Həmin gün şıdırğı yağış yağırdı. Həmişə o günü xatırlayanda burnuna torpağın palçığın qoxusu gəlirdi. Yenə də qoxunu hiss edib qəribsədi. Telefonu açıb hava haqqında məlumatı oxudu. Yaxın rayonlardan hansına yağış , yağsa mütləq ora getmək qərarına gəldi.
Üç gündən sonra yenidən həmin çay evinə gəldi. İçindəki narahatlığın səbəbini tapa bilmirdi. Rayona gedib , yağışa doyunca tamaşa etmişdi torpaq, palçıq qoxusunu ciyərinə çəkmişdi. Bu torpağın ,palçığın qoxusu dünyanın heç yerində yox idi. Çünki bu torpaq vətən torpağı idi . Bu dəfə qıza müddətlik gəlmişdi. Bir daha bura qayıtmağına ümidi yox idi. Ürəyi çox ağrıyırdı. Vizasının vaxtını uzatmaq haqqında düşünürdü. Vətəni axırıncı dəfə doyunca gəzmək istəyirdi. Gəzmək deyəndə hər anı telefonun yaddaşına köçürməyə çalışırdı. Adi söhbətləri də yazırdı. Bilirdi ki, Almaniyada bu danışıqları dönə- dönə dinləyəcək .Onlarla ruhunu qidalandıracaq. Odur ki ,çay evinə hər gün gəlirdi. Bu gün özünü pis hiss etdiyi üçün evə tez dönmək istəyirdi. Küçəyə çıxanda donub yerində qaldı . Aliyəni görürdü. Qız küçənin o üzündə ağacın altında dayanmışdı. Başının tükləri biz – biz olmuşdu. Özündən aşlı olmayaraq küçəni keçib, lap yaxına gəldi. Heç bir şübhə, filan ola bilməzdi, Aliyə idi. Həmin ala gözlü, qızılı saclı, sərv boylu mələk. Sadəcə geyimi son dəbdə idi. Aliyə,- deyə çağırdığına inanmasa da artıq səsləmişdi. Qız çevrilib, məsum gözlərini Niyazinin üzünə dikdi. Ürəyində küt ağırlıq hiss edirdi. Bir təhər özünü toplayıb, adın Aliyədir ? – deyib sual verdi. Qız cavab verməmiş nənənin adını qoyublar sənə?- dedi. Qız gülümsünüb başını tərpətdi. Ürəyi şiddətlə döyündüyü üçün , zorla skamyada oturdu. Qızın gülüş dodağında dondu. Sizə nə oldu, kömək lazımdır?- dedi. Əli ilə yox işarəsi verib siqaret yandırdı. Qız bir neçə sual verib, sonda nənəmi tanıyırsınız ?- dedi. Niyazi uzaqlara baxdı, sanki xatırlamağa çalışırmış kimi bir görkəm alıb, on il bir sinifdə oxumuşuq ,- dedi. Qızın sevindiyini görən Niyazi , təəccüblə dedi: -Nənənin sinif yoldaşını görmək sənə xoş gəlir? -Qız onun sualına cavab verməyib dedi: Məni nənəm böyüdüb, onun bütün sirlərini bilirəm. Niyazinin bədəninə istilik gəldi. Qız gözləri dolmuş halda , nənəm can verir. Mənə yardım edərsiniz ?- dedi. Halı daha da pisləşməyinə baxmayaraq boğula – boğula , nə kömək ? – dedi. Qız kömək etmək istəsəniz sabah bu vaxt sizi burada gözləyəcəm deyib , bir göz qırpımında yoxa çıxdı. Orada nə qədər qaldığını xatırlamırdı. Evə dönəndə ürəyindən sanki daş asılmışdı. Səhərin açılmağını həsrətlə gözləyirdi. Aliyəni dəlicəsinə sevdiyi o illərə döndü. Qızı aldığı havaya , içdiyi suya qısqanırdı. Onun üstündə dəfələrlə Eminlə dava etmişdi .Aliyə dava edənlərin heç birinə əhəmiyyət verməsə də, Emin əminliklə Aliyənin onu sevdiyini söyləyirdi .Niyazi isə onun əksini düşünürdü. Xatirələrin qanadında döndüyü o illəri bir yerə qədər xatırlayırdı. Ondan sonrasını yada salmaq istəmirdi. Təəssüf ki , mümkün deyildi. Səhər acılana qədər yada salmaq istəmədiyi yerdə ilişib, qalmışdı. Bir necə dəfə eyvana çıxıb siqaret yandırdı.
Ertəsi gün həmin yerə gəlib , təəccüb etdi. Çünki vaxtından çox əvvəl gəmiş olsa da, Aliyə gəlmişdi. Onu görən qız bir başa mətləbə keçdi:
Nənəm ölüm qabağı bir sinif yoldaşından halalıq almaq istəyir. Bəlkə siz gəlib, nənəmi sözlərini ona catdıracağınıza inandırasınız. Niyazi bir an duruxub ,nədənsə Emini düşündü. Onun adını duymaq istəmədiyini söyləmək istəsə də susdu. Qızın yanına düşüb onlara getdi. Yol boyu bir kəlmə danışmadan qızı dinlədi. Aliyənin Eminlə ailə qurmadığını bilirdi. Amma cəmi bir il ailəli olduğunu bilmirdi. Qızını tək böyüdübmüş. Evə çatıb dayandılar. Niyazi ürəyi döyünə- döyünə nənən kimdən halalıq almaq istəyir ? – dedi. Qız onun üzünə baxıb, Niyazidən ,- dedi. Adını eşidib kətan kimi ağardı , bayaqdan Emini düşünürdü. Beş dəqiqədən sonra Aliyənin çarpayısının önündə dayanmışdı. Qadın qırıq- qırıq nəfəs alırdı .O, gözünü Niyaziyə zilləyib, nə yaxşı gəlmisən ,- dedi. Sapsarı saralmış çöhrəsinə sanki nur gəlirdi. Niyazi o solğun bənizi deyil,. Axırıncı dəfə görüşüb ayrıldığı gözəl mələyi görürdü .Hansını ki, bir gün də unutmamışdı .O ,Südabə ilə az qala qırx yaşı olanda evlənmşdi. İki oğul sahibi idi. Ona həmişə hörmətlə yanaşmışdı. Çünki onu sevmədiyi üçün xəcalət çəkirdi. Oğlanlara görə ona minnətdarlıq hissi var idi. Aliyə nənə, gör kimi gətirmişəm? -deyib gətirdiyi stulu çarpayıya yaxın qoydu. Qadının səsi zorla eşidilirdi , Niyazinin üzünə gözünü zilləyib xəfifcə titrədi. Quyunun dibinə düşmüş gözlərindən yaş süsülürdü.Niyazi məni bağışla deyib,- təkrar edirdi. O, qadının titrəyən əllərini ovcuna alıb , axşamdan yadına salmaq istəmədiyi çağlara döndü: Sabah son zəng idi. Aliyə qıpqırmızı don geyinmişdi, şən görünürdü. Eminin üzünə baxa – baxa , Niyazi sabah sən maşınla gəl. Şənliyə səninlə gedəcəm , -dedi. Sonra hamının eşidəçəyi bir səslə Niyazinin yaxşı maşın sürdüyünü söylədi. Emin qızın sözünü ağzında qoyub qəhqəhə ilə gülüb ,Niyaziyə atası maşın verir ki ? – dedi. Onu xatırlayıb yenə də qulağı batdı. O vaxt da qulağı batmışdı. Aliyəyə sabah maşınla gələcəyini deyəndə öz səsini özü eşitməmişdi. Amma atası doğrudan da maşın verməmişdi. O, da nəinki son zəngə gəlməmişdi, gecə ikən Azərbaycanı tərk etmişdi. Düz on il ailəsi onu ölmüş bilmişdi. Anası elə hey Aliyəyə qarğış yağdırırdı. Qız da özünü günahkar sayırdı . Bir kəlmə söz ilə oğlanın həyatını alt – üst etmişdi. Əslində o, özü də Niyazidən başqa heç kimi sevə bilmədi. Ailə qurduğu oğlanla birgə yaşaya bilmədi. Ömrünü tənha başa vurdu. Sonralar Niyazinin sağ olduğunu eşidib sevinsə də , Hökümə xalanın balama qürbət həyatı yaşadanın Allah cəzasını versin sözü həmişə qulağında cingildəyirdi. Son nəfəsində gecələr sayaqlayıb , bağışlanmasını istəyirdi.
Niyazi ovcunun içindəki ağ yumsaq əllərin əvəzində tutduğu titrəyən arıq əlləri tumarladı. Mən səndən heç küsmədim ,-deyə pıçıldadı. Məni həyatda, mənimlə şənliyə getmək istəməyin saxladı. Qışın soyuğunda o sözlərin hənirinə isindim. Qızmar yayda o sözlərlə sərinlədim. Niyazi danışırdı ,Aliyənin ruhu dincəlirdi. Çöhrəsinə sakitlik çökürdü. O ,gedəndə qadın yuxulamışdı. Onu ötürən qız sabah da gəlməyni xahiş etdi Bir an duruxub . onun Niyazinin özü olduğuna təəccüb etdiyini,- dedi .Oradan çıxıb çayçıya getməyə həvəsi qalmadı. Aliyəni düşünürdü. Əslində həyatı tam başqa cür ola bilərdi .Hər ikisi əlaçı idi. Həkim olmaq arzusunda idilər. Evə dönsə də yemək yeməyib, otağına keçdi. Səhəri diri gözlə açdı. Bütün həyatı gözünün önündən keçdi. Düşündükcə onu anladı ki ,ən çox qürbətçilikdən əziyyət çəkib. Vətən üçün, əzizləri üçün burnunun ucu göynəyirdi. Nə olur olsun Aliyəni günahlandırmaq fikri yox idi. Səhər yuxudan oyanan kimi geyinib onun yanına getdi. Blokun qarşısında ilk gözünə satsan üzəri yaşıl örpəkli kəcavə oldu.
Bir həftədən sonra vizasının vaxtını uzatmadan Azərbaycanı tərk edirdi. Bir daha qayıtmayacağına tam əmin. Onu səsləyən sonuncu adamı dəfn edib gedirdi.

Dərya Qılıc – media.info.az