Dərmanların satışı ilə bağlı cərimələr sərtləşdirilir

İnzibati Xətalar Məcəlləsində dərman vasitələri haqqında qanunvericiliyin pozulması ilə bağlı 221-ci maddəyə bir sıra əlavələr nəzərdə tutulur.

Pressaz.az xezerxeber.az-a istinadən bildirir ki, əlavələrə əsasən, dərman vasitələrinin istehsalına, daşınmasına və saxlanmasına, eləcə də topdan satışına dair tələblərin pozulmasına görə vəzifəli şəxslər 1 500 manatdan 2 500 manatadək məbləğdə, hüquqi şəxslər 5 min manatdan 7 min manatadək məbləğdə cərimə edilir.

Qeyd olunan xəta inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbehvermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədildikdə vəzifəli şəxslər 2 500 manatdan 4 500 manatadək məbləğdə, hüquqi şəxslər 6 min manatdan 8 min manatadək məbləğdə cərimə edilir.

Məcəllənin 452-ci maddəsinə təklif olunan əlavələrdə isə göstərilir ki, aptek təşkilatlarına dair tələblərin pozulmasına görə vəzifəli şəxslər 500 manatdan 700 manatadək məbləğdə, hüquqi şəxslər min manatdan iki min manatadək məbləğdə cərimə edilir.