COP29-un Azərbaycanda keçirilməsi Azərbaycanın yaşıl keçidlə bağlı səylərinin qəbul edilməsidir.

COP29-un Azərbaycanda keçirilməsi Azərbaycanın yaşıl keçidlə bağlı səylərinin qəbul edilməsidir.

Martın 14-də Bakıda, “Gülüstan” sarayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə XI Qlobal Bakı Forumu öz işinə başlayıb. Forumun bu dəfəki mövzusu “Parçalanmış dünyanın bərpası”dır. Forumun açılış mərasimində etdiyi çıxışında cənab Prezident İlham Əliyev bir çox digər məsələlərlə yanaşı son bir ildə regionumuzda baş vermiş qlobal əhəmiyyətli hadisələrin də detallı təhlilini təqdim etdi. Dövlət başçısı bildirdi ki, bəzi dəyişikliklər lokal xarakterli kimi görünsələr də, əslində daha geniş təsir dairəsinə malikdirlər. Təbii ki, qeyd olunan dövr ərzində baş verən ən önəmli dəyişiklik Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməsidir. Bu, həqiqətən də həll olunmayan kimi görünən bir çox münaqişələrin həllinə çox müsbət təsir göstərə biləcək bir nümunədir. Azərbaycan uzun illər ərzində bu münaqişənin sülh yolu ilə həllini tapmaq üçün çox çalışdı. Azərbaycan bu məsələnin beynəlxalq ictimaiyyətin diqqət mərkəzində qalması üçün demək olar ki, 30 il ərzində hər zaman ədalətsizlik, işğal, beynəlxalq hüququn pozulması, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə əməl olunmaması barədə danışırdı. İstədi ki, ədalət zəfər çalsın. Ancaq bu, məsələni sülh yolu ilə həll etmək mümkün olmadı. Əksinə, keçmiş Minsk qrupunun timsalında bəzi beynəlxalq təşkilatlar yalnız münaqişənin dondurulmasına və Azərbaycan torpaqlarının əbədi olaraq işğalda qalmasına çalışırdılar. Beləliklə, ölkəmizin münaqişənin sülh yolu ilə həllini tapmaq istiqamətində bütün cəhdləri uğursuzluqla qarşılandı. Yalnız bundan sonra Azərbaycan öz legitim hüquqlarından istifadə edərək hərbi yolla işğala son qoydu. Münaqişənin hərbi-siyasi yolla həlli faktiki olaraq göstərdi ki, sülhə nail olmaq üçün bəzən hərbi variantdan istifadə edilməlidir. Cənubi Qafqazın müstəqillik tarixində heç vaxt sülh bu qədər yaxın olmayıb. Bu, İkinci Qarabağ müharibəsinin nəticəsidir. Bu, Azərbaycanın ötən ilin sentyabrında 24 saatdan da az vaxt ərzində həyata keçirdiyi antiterror əməliyyatının nəticəsidir.
Ölkə başçısı bildirdi ki, indi biz Ermənistanla heç vaxt olmadığımız qədər sülhə yaxınıq. Cənubi Qafqazın müstəqillik tarixində heç vaxt sülh bu qədər yaxın olmayıb. Bu, İkinci Qarabağ müharibəsinin nəticəsidir. Son 3-4 il ərzində Azərbaycanda baş verənlər təkcə lokal xarakter daşıyan bir məsələ deyil. Bunun artıq çox müsbət təsiri var və söhbət təkcə Cənubi Qafqazdakı vəziyyətdən getmir. Bu, həll olunmayan kimi görünən münaqişələrin həlli üçün bir model olaraq istifadə edilə bilər. Beynəlxalq hüququn normaları bizim tərəfimizdə idi, Azərbaycan qeyri-qanuni işğala, etnik təmizləməyə və soyqırımına məruz qalmışdı. Biz ədaləti və beynəlxalq hüququ özümüz bərpa etdik. Bizə heç kəs kömək etmədi, biz bunu özümüz etdik.
Ölkə rəhbərinin səsləndirdiyi kimi, bütün amillərin vəhdəti Qələbəmizi təmin etdi. İqtisadi inkişafımız, maliyyə imkanlarımız, müdafiə potensialımız, hərbi qulluqçularımızın təlimi, Birləşmiş Millətlər Təşkilatı, ATƏT, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı və bütün digər aparıcı beynəlxalq təşkilatlar tərəfindən Azərbaycanın ərazi bütövlüyünün tanınılması Qələbəmizi mümkün etdi.
Dövlət başçısı qeyd etdi ki, 2018-ci ildə Ermənistan hökumətində dəyişiklik baş verəndə razılığa gəlmək imkanı var idi. Ermənistanın yeni hökuməti bizi əmin etdi ki, onlar beynəlxalq hüquqa uyğun davranacaq və əraziləri geri qaytaracaqlar. Bizim belə gözləntilərimiz var idi və əgər o vaxt Ermənistanın yeni hökuməti indiki kimi davransaydı, onda suverenliyimizin güc yolu ilə bərpa edilməsinə ehtiyac qalmazdı.
Ölkə rəhbəri vurğuladı ki, COP29-un Azərbaycanda keçirilməsi Azərbaycanın yaşıl keçidlə bağlı səylərinin qəbul edilməsidir. Neft və qaz sərvətlərinə sahib olmağımız bizim günahımız deyil və biz buna görə tənqid edilməməliyik. Artıq yaşıl keçidlə bağlı bütün gördüyümüz işlərin praktiki nəticələri var.
Ölkə başçısı diqqətə çatdırdı ki, ötən ilin oktyabrında biz Qafqazın və Mərkəzi Asiya regionunun 230 meqavat gücündə ən böyük günəş elektrik stansiyasının açılışını etdik. Daha iki stansiya ilə bağlı hazırlıq və tikinti işləri gedir. 2030-cu ilədək 5000 meqavat bərpaolunan enerji istehsalı potensialına malik olmağı planlaşdırırıq. Bu, tamamilə real hədəfdir, çünki bunun üçün çoxsaylı müqavilələr və anlaşma memorandumları imzalanıb.
Perspektivli layihələrdən danışan dövlət başçısı qeyd etdi ki, hazırda biz Xəzər dənizindən Qara dənizə və Avropaya qədər uzanacaq yaşıl enerji elektrik kabelinin inşası ilə fəal şəkildə məşğuluq və həmin layihənin texniki əsaslandırılması demək olar ki, hazırdır. COP29 bizə onu nümayiş etdirməyə imkan verəcəkdir ki, müstəqil yaşayan və heç kəsdən asılı olmayan bir ölkə uğurla inkişaf edə bilər. Bu, həm də Azərbaycanın son 30 ildə apardığı düzgün siyasəti nümayiş etdirir. Azərbaycan inteqrativ təşəbbüslərlə çıxış edir. Azərbaycanın dördillik sədrliyinin nəticəsində 120 üzvlə BMT-dən sonra ikinci ən böyük beynəlxalq təsisat olan Qoşulmama Hərəkatında xüsusi ab-hava yarandı. Avropa İttifaqının 9 üzvü ilə Azərbaycan strateji tərəfdaşlığa dair bəyannamə imzalayıb. Biz 50-dən çox ölkəni birləşdirən İslam Əməkdaşlıq Təşkilatının üzvüyük.

Niyaməddin Əsgərov

Yeni Azərbaycan Partiyası
Beyləqan rayon təşkilatının sədr müavini.