Bu il Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan olunmuşdur – FOTO
İqlim dəyişmələri ilə bağlı olan qlobal tədbirə ev sahibliyi etmək istəyimizin olması faktı bizim iradəmizi nümayiş etdirir.
Prezident İlham Əliyev cari ilin 1 mart tarixində Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclaslarında çıxış edib. Azərbaycan və Albaniya iki dost ölkədir. Ölkələrimiz müxtəlif sahələrdə fəal əməkdaşlıq edir və olduqca fəal siyasi dialoqumuz var. Hər iki ölkə bir-birini beynəlxalq təsisatlarda dəstəkləyir. Ölkələrimiz enerji təhlükəsizliyi məsələlərində fəal əməkdaşlıq edir. Albaniya Cənub Qaz Dəhlizi layihəsinin həyata keçirilməsində çox vacib rol oynayıb və TAP heyətinin üzvü qismində vacib rol oynamaqda davam edir.
Prezident çıxışı zamanı bildirib ki, Azərbaycan qazı yeni mənbədir. Bu gün Avrasiyadakı geosiyasi vəziyyət gördüyümüz işlərin nə dərəcədə düzgün olduğunu sübut edir. Cənub Qaz Dəhlizi tamamilə yeni marşrutdur. Bu gün ona artıq bir çox marşrutlar – interkonnektorlar əlavə edilib. Qeyd olunub ki, ötən il baş verən vacib hadisələrdən biri Xəzər dənizinin Azərbaycana məxsus sektorunda yerləşən “Abşeron” qaz-kondensat yatağında təbii qazın kommersiya hasilatı oldu. Bu “Şahdəniz”dən sonra ikinci nəhəng qaz ehtiyatlarının kəşfi deməkdir. “Abşeron” qaz-kondensat yatağı bizim gələcək şaxələndirmə layihələrimizin resurs bazasını təşkil edəcək. Bildirilib ki, “Abşeron” layihəsinin ilk fazası artıq təsdiq edilib. Orada illik hasilatın 1.5 milyard kubmetr həcmində olmasını gözləyirik. İkinci faza ilə bağlı razılıq əldə edildikdən sonra daha 4-5 milyard kubmetr həcm əlavə ediləcəkdir ki, onun böyük əksəriyyəti beynəlxalq bazarlara nəql olunacaq.
Diqqətə çatdırılıb ki, gələn ilin ilk rübündən etibarən “Azəri-Çıraq-Günəşli” dərin qaz layihəsi çərçivəsində təbii qazın hasilatını gözləyirik. Bu, çox böyük ehtiyata malik olmaqla ümidverici strukturdur. Uzun illərdir ki, “Azəri-Çıraq-Günəşli” bizim neft ixracımızın əsas mənbəyidir. İlkin mərhələdə hasilat təqribən yarım milyard kubmetr olacaq, ancaq bir neçə il ərzində bu rəqəm 3-4 dörd dəfə artacaqdır. Bu “Şahdəniz” və “Abşeron” yataqlarından hasil ediləcək həcmlərlə yanaşı, yeni mənbə olacaqdır. Vurğulanıb ki, Azərbaycan yaşıl enerjiyə keçid prosesində iştirak edir. Bu il Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan olunmuşdur. Bizim bərpaolunan enerji layihələrimiz yüksək göstəricilər nümayiş etdirir. Günəş Elektrik Stansiyanın gücü 230 meqavatdır. Bu stansiya bərpaolunan enerji sahəsində aparıcı şirkətlərdən biri “Masdar” tərəfindən inşa olunmuşdur və bu, yalnız başlanğıcdır. İmzalanmış müqavilələrə və anlaşma memorandumlarına əsasən 2030-cu ilədək 5 min meqavata qədər, yəni 5 qiqavat günəş və külək enerjisinin istehsalı planlaşdırılır. Avropada Azərbaycan qazına böyük tələbat var idi və olmaqda qalır. Qaza tələbat var, resurslarımız və müvafiq infrastrukturumuz da var. Avropa maliyyə institutlarının maliyyələşməsi real yanaşmaya əsaslanmalıdır və ümumi hal almış qazıntı yanacağına qarşı meyllərin kölgəsi altına düşməməlidir. Azərbaycan yaşıl enerjiyə keçid prosesinin aktiv fazasındadır. Lakin, heç kim bu faktı dana bilməz ki, ən azından yaxın gələcəkdə qazıntı yanacağı olmadan dünya inkişaf edə bilməz. Azərbaycana COP29-a sahiblik edən ölkə olmaq şərəfi nəsib olmuşdur. Keçən ilin dekabrında qərar qəbul olunan kimi biz dərhal, yalnız bir səbəbdən müxtəlif QHT-lər və media təşkilatlarının hücumuna məruz qaldıq. Hücum edərək dedilər ki, necə ola bilər qazıntı yanacağı ilə zəngin olan bir ölkə COP-a ev sahibliyi edə bilər.
Ölkəmizə qarşı bu hücumları sifariş edən QHT və media resurslarının əksəriyyəti ya erməni lobbisi tərəfindən maliyyələşdirilir, yada ki, o QHT-lərin rəhbər şəxsləri arasında, qərəzli yazıları yazanların arasında bilavasitə erməni əsilli şəxslər yer alır. Fransa mediası da bu məsələdə kifayət qədər aktivdir. Bir yandan rəsmi Parisin diktəsi altında işləyən, o biri yandan isə erməni lobbisinin “çirkli pul”ları ilə maliyyələşən fransız KİV-i Azərbaycanı qaralamaq üçün dəridən-qabıqdan çıxır. Lakin Azərbaycan öz yoluyla gedir, uğurlu enerji siyasətini inamla davam etdirir və bu yolda heç kim bizi yolumuzdan döndərə bilməz.
Niyaməddin Əsgərov
Yeni Azərbaycan Partiyası
Beyləqan rayon təşkilatının sədr müavini.