Bu gün şair Mübariz Hüseynovun ad günüdür – FOTO

Bu gün şair Mübariz Hüseynovun ad günüdür. Milli Mətbuatımızın 145 illiyi  və eyni zamanda  ad günü münasibətilə dəyərli ziyalımızı  təbrik edir, ona həyat və yaradıcılığında uğurlar diləyirik. Ad gününüz mübarək, Mübariz bəy!

Pressaz.az Mübariz Hüseynovun şeirlərini təqdim edir:

BU GÜN AD GÜNÜMDÜR

Altmış ili ötürdün,
Nə gördün, nə götürdün?
Bir darıxan görəndə
Tez özünü yetirdin.

Arzu istək oldu kəm,
Dünya hey baxdı ötkəm.
Artırdı dərd yükünü
Taqət vermədi çəkəm.

Üç övlad, iki nəvə
Böyütdüm sevə – sevə.
Halal süd əmən aldım
İsindim doğma evə.

Namərdi əyən oldum,
Üzlərə deyən oldum.
Alın təri yuduğu
Qazancı yeyən oldum.

Qorudum həya, ismət,
Verdim abıra kəsmət.
Otuz üç il dənizdə
Yaşamaq oldu qismət.

Haqqa inanan oldum
Özgəyə yanan oldum.
Kimdə bir ağrı görsəm
Canımda sanan oldum.

Uzun ömür sürəsiz,
Övladdan bar dərəsiz.
Məni təbrik eyləyən
Sevincli gün görəsiz.

ACI DÜŞÜNCƏLƏR

Kölğələsə qəm günü
Şəfəqi göydən gedər.
Artıq daha ömrünü,
İçdiyi həbdən güdər.

Taqətini bənd alan,
Dünyanın kəməndidi.
Dərdə cavabsız qalan,
Yetişdi, son hədd dedi.

Yardıma ki, çatmadı,
İnsan oğlunun gücü.
Əl – ayaq ki, tutmadı
Yaşam olar üzücü.

Bu imiş alın yazın.
Dünya, sənin işindi.
Can tapşıran halsızın
Döğması nə düşündü?

Ona dayaq olmağa
Öz canıma qıyardım.
Aparar sonsuzluğa
Mələk eyləsə yardım.

 

 

Pressaz.az