Bu gün nəğməkar şair Nizami Qəribin ad günüdür…

Bu gün nəğməkar-şair Nizami Qəribin doğum günüdür. Bu münasibətlə şairi bütün qələm dostları  və Media.info.az saytı  təbrik edir, uzun ömür, can sağlığı, yeni yaradıcılıq uğurları arzulayır.

ƏLLİNCİ PAYIZIM SƏNİ XOŞ GƏLDİN

Keçib fəsillərdən, ötüb illərdən,
Əllinci payızım, səni xoş gəldin.
Deyirlər müdriklik əlamətisən,
Qara saçlarımın, dəni, xoş gəldin.

Nələri görmədim bu əlli ildə,
Neçə dost bildiyim ələndi, getdi.
Kimi sevincimi alıb apardı,
Kimi nifrətimi diləndi, getdi.

Toplandım, vuruldum artım hər dəfə,
Qəlblərdə bölünüb, çıxılmamışam.
Tufanlar keçmişəm bu əlli ildə,
Çox şükür, büdrəyib yıxılmamışam.

Yaxşılıq edəndə fərq qoymamışam,
Kasıbdır, varlıdır, doğmam, yadımdır.
Nələr dəyişmədi əlli payızda,
Təkcə dəyişməyən təmiz adımdır.

Qarşıla ömrümün əlli birinci,
Baharı gəlirəm, yayı, gəlirəm.
Sel kimi kükrəyib axan illərə,
Verib gəncliyimdən payı, gəlirəm.

Nizami Qərib.
05.12.2022.