Bu gün Azərbaycan-Rusiya əlaqələrinin tarixində daha bir səhifə yazılır – FOTO

Siyasi münasibətlərin ən yüksək səviyyədə inkişaf etdirilməsi iqtisadi münasibətlərin genişləndirilməsinə də müsbət təsirini göstərir.

Bu gün Azərbaycan-Rusiya əlaqələrinin tarixində daha bir səhifə yazılır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəvəti ilə Moskvaya işgüzar səfəri ölkələrimiz arasında münasibətlərin inkişafına yeni və mühüm töhfə verəcək. Azərbaycan-Rusiya əlaqələri dövlətlərimizin başçılarının siyasi iradəsinə uyğun olaraq hazırda sürətlə inkişaf etdirilir. Ölkələrimizin qarşılıqlı əlaqələrində siyasi münasibətlər mühüm yer tutur. Vaxtilə Azərbaycan və Rusiyanın vahid ittifaqda yer alması ölkələrimiz arasında münasibətlərin özünəməxsus xarakterini formalaşdırıb. Müstəqillik illərində bu əlaqələr daha da inkişaf edib. Müstəqil Azərbaycan və Rusiya arasında diplomatik əlaqələr 1992-ci il aprelin 4-də qurulub. 1992-ci il sentyabrın 25-də Rusiyanın Azərbaycanda səfirliyi fəaliyyətə başlayıb.
Ümummilli Lider Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə qayıdışından sonra ölkələrimiz arasında münasibətlərin ən yüksək səviyyədə inkişaf etdirilməsinə başlanılıb. İkitərəfli münasibətlərin hüquqi bazasını təşkil edən əsas sənəd Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında 1997-ci il iyulun 3-də imzalanan “Dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizlik haqqında Müqavilə”dir. 2002-ci ilin yanvarında Ulu Öndər Heydər Əliyevin Rusiyaya dövlət səfəri isə iki qonşu dövlət arasında münasibətlərdə tamamilə yeni mərhələnin əsasını qoyub. Həmin səfər zamanı imzalanan “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında Xəzər dənizində əməkdaşlıq prinsipləri haqqında Birgə Bəyannamə” Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsi baxımından mühüm sənəd olub. Bu sənəd Rusiya-Azərbaycan münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsində inkişafını nümayiş etdirib.
Azərbaycanın xarici siyasətinin əsas tərkib hissəsi olan ikitərəfli əməkdaşlıq istiqamətində qazanılan uğurlar davamlılığı ilə diqqətdədir. Bu baxımdan dövlətimizin başçısının aprelin 22-də Rusiyaya işgüzar səfəri, Rusiya Prezidenti Vladimir Putin ilə təkbətək görüşündə, həmçinin Baykal-Amur Magistralının 50 illik yubileyi münasibətilə dəmir yolu sahəsinin veteranları və işçiləri ilə birgə görüşdəki çıxışında səsləndirilən fikirlər iki ölkə arasında münasibətlərin dünəninə, bu gününə və gələcəyinə bir daha işıq saldı. Məlumdur ki, Azərbaycan-Rusiya münasibətləri qarşılıqlı anlaşma, dəstək və məqsədyönlülük kimi möhkəm təmələ əsaslanır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, biz təkcə böyük nəqliyyat layihələri həyata keçirmir, həm də Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin yaradılmasında fəal iştirak edir, həm iqtisadi, həm siyasi, enerji, humanitar və bir çox digər sahələrdə fəal əməkdaşlıq aparırıq. Bu mühüm məqam da xüsusi vurğulandı ki, hazırda 50 illik yubileyi qeyd olunan bu nəhəng layihənin həyata keçirilməsində Ümummilli Lider Heydər Əliyevin böyük rolu olub. Dövlətimizin başçısı sözügedən görüşdəki çıxışında bu mühüm məqamı xüsusi qeyd etdi ki, Heydər Əliyev amili dövlətlərarası münasibətlərimizdə həmişə mühüm rol oynayıb və oynayacaq. Çünki o, Kremldə işlədiyi illərdə sovet dövlətinin və ona tapşırılan sahənin inkişafına rəvac vermək üçün böyük səylər göstərib. Onlardan biri də nəqliyyat sahəsi idi. Fəxr edirik ki, Azərbaycan inşaatçıları və mütəxəssisləri də bu nəhəng layihənin tikintisində fəal iştirak ediblər. Tarixin müxtəlif məqamları ölkələrimizi, xalqlarımızı daha da yaxınlaşdırır, münasibətlərimizin gələcəkdə də ardıcıl inkişafına töhfə verir.
Ölkələrimiz arasında əlaqələrin sürətli inkişafının qarşıdakı dövrdə də uğurla davam etdirilməsi və daha da genişləndirilməsi məqsədilə bu ilin yanvarında “Azərbaycan-Rusiya əməkdaşlığının inkişafının əsas istiqamətləri üzrə 2024-2026-cı illər üçün Yol Xəritəsi” imzalanıb.
Humanitar əlaqələr də Azərbaycan-Rusiya əməkdaşlığında mühüm yer tutur. Hazırda Azərbaycanın 26 ali məktəbində rus dilində təhsil həyata keçirilir, 16 min Azərbaycan vətəndaşı olan tələbə rus dilində təhsil alır. Həmçinin 324 orta məktəbdə təhsil rus dilində aparılır. Bu, onilliklər ərzində xalqlarımızı birləşdirən bütün yaxşı cəhətlərin qorunmasında, dövlətlərarası münasibətlərin bünövrəsini təşkil edən dostluq əlaqələrinin güclənməsində və inkişafında mühüm əsaslardan birini təşkil edir.

Niyaməddin Əsgərov

Yeni Azərbaycan Partiyası
Beyləqan rayon təşkilatının sədr müavini.