Beyləqanın Xalac kəndində əsaslı təmir olunan məktəb binası istifadəyə verilib

Beyləqan rayonunun Xalac kəndində əsaslı təmir olunan 320 şagird yerlik məktəb binası istifadəyə verilib. Bu münasibətlə rayon ictimaiyyətinin, təhsil işçilərinin, valideynlərin, kənd sakinlərinin iştirakı ilə açılış mərasimi keçirilib.
Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev, təhsil şöbəsinin müdiri Tahir Həsənov və başqaları tədbirdə çıxış edərək, müəllim, şagird və valideynləri təhsil müəssisəsinin istifadəyə verilməsi münasibətilə təbrik edib, ölkədə və rayonda gedən sosial-iqtisadi inkişafdan, təhsil sahəsində əldə olunan uğurlardan danışıblar.
Tədbirdə söz alan pedaqoji kollektivin və kənd ictimaiyyətinin nümayəndələri təhsil ocağının əsaslı təmir olunaraq istifadəyə verilməsinə görə ölkə rəhbərliyinə dərin minnətdarlıqlarını bildirib, yüksək qayğıya əməli işlə cavab verəcəklərini söyləyiblər.
Sonda mərasim iştirakçıları məktəbdə yaradılan şəraitlə tanış olublar. Əsaslı təmir olunan təhsil ocağında şagirdlərin keyfiyyətli təhsil almaları üçün hər cür şərait var. Məktəbdə fənn kabinələri, laboratoriya, kompüter və sinif otaqları, akt və idman zalları, bufet, kitabxana yaradılıb. Bina istilik və müşahidə sistemləri, müasir inventar və avadanlıqlarla təmin olunub. Məktəbin həyətində abadlıq işləri aparılıb, yaşıllıq salınıb.

Mənbə: AZƏRTAC