Beyləqanda Milli Mətbuatın 146 illiyi ilə bağlı tədbir keçirilib – FOTO

22 iyul 2021-ci il tarıxdə Beyləqan rayonun Heydər Əliyev Mərkəzində Milli Mətbuat Günü münasibəti ilə tədbir keçirilib. Əvvəlcə Mətbuat işçiləri xalqımızın ümummilli lideri Heydər Əliyevin abidəsi önünə gül-çiçək dəstələri düzərək xatirəsini ehtiramla yad etdilər. Sonra tədbir yuxarıda adı çəkilən məkanda davam etdirildi.
Beyləqan Rayon İcra Hakimiyyətinin və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən tədbirə qəzet , sayt rəhbərləri, yerli qəzetin əməkdaşları, rayon Ağsaqqallar Şurasının sədri qoşulublar.
Bayram tədbirini giriş sözü ilə açan Heydər Əliyev Mərkəzinin direktoru Xəyalə Kərimova iştirakçıları İcra başçısı Asif Ağayevin adından salamlayaraq jurnalistləri 22 iyul – Milli Mətbuat günü münasibəti ilə təbrik etdi. O, bildirdi ki, böyük maarifpərvər ziyalımız Həsən bəy Zərdabi Azərbaycan Milli Mətbuatının əsası qoyub. “Əkinçi” qəzetinın işıq üzü görməsi ilə Azərbaycan jurnalistikası tarixə, mədəniyyətimizə öz töhfələrini verdi. X.Kərimova qeyd etdi ki,əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan siyasi kurs Möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu gün ölkədə azad, demokratik və güclü mətbuat var.
Çıxışının sonunda X.Kərimova mətbuat işçilərini təbrik etdi, yeni uğurlar arzuladı.
Rayon Ağsaqqallar Şurasının sədri Etibar İmanov Milli Mətbuatımızın yaranma tarixində ilk maarifpərvər Həsən bəy Zərdabinin həyat və fəaliyyətindən, Azərbaycan Milli Mətbuatının, keçdiyi tarixi və şərəfli yoladan, müasir medianın inkişafından danışdı.
AYB,AJB -nin üzvü “Quruluş” qəzetinin təsisçisi və baş redaktoru, hergun.az saytının rəhbəri Elman İsrafiloğlu çıxış edərək Milli Mətbuatımızın yaranmasında böyük maarifpərvər Həsən bəy Zərdabinin mətbuat tariximizdəki xidmətlərindən bəhs etdi. 44 gün çəkən Vətən müharibəsi dövründə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin beynəlxalq jurnalistlərlə keçirdiyi görüşlərdən danışdı. 22 İyul Milli Mətbuat Günü münasibəti həmkarlarını təbrik etdi və onlara yeni yaradıcılıq uğurları arzuladı.
Mətbuat işçilərindən Binnət Əliyev (AJB-n üzvü, “Quruluş” qəzetinin redaktoru ), Sabit Mehdiyev ( AJB-nin üzvü,”Quruluş ” qəzetinin şöbə müdiri, YAP Beyləqan rayon təşkilatının məsləhətçisi, Azərbaycan Respublikası Şəhid ailələrinə “Qayğı” cəmiyyətinin Beyləqan rayon Şöbəsinin sədri), Fazil Əsəd (AYB-nin Beyləqan rayon şöbəsinin sədri,“Beyləqan” qəzetinin redaktoru), Rövşən Budaq (AYB-nin üzvü,“Novator” qəzetinin redaktoru), dövlətə, dövlətçiliyə, xalqa sədaqətlə xidmət edən jurnalistlərin çətin, məsuliyyətli vəzifələrinin öhdəsindən layiqincə gəlməyindən danışdılar. Bütün media işçilərini Milli Mətbuatın yaranmasının 146-cı il dönümü münasibəti ilə təbrik etdilər.


Elman İsrafiloğlu