BALAYAR SADİQ POEZİYASINDAN: AZƏRBAYCAN BAYRAĞI
Balayar Sadiq poeziyasından…
AZERBAYCAN BAYRAGI
Milyonlara müjdəsən Şah Xətai elindən,
Səni təbrikə gəldim Şəhriyarın dilindən.
Göylər əyilib öpür dalğalanan telindən,
Sən ey azadlığımın gülümsəyən dodağı,
Azərbaycan bayrağı!
Səni görmək eşqinə çox ümidlər qocaldı,
Bir canda ünvan etdin üç hikməti, üç adı.
Sən ucalan ucalıq şəhidlikdən ucadı,
Hürriyyət kitabımın ilk mübarək varağı,
Azərbaycan bayrağı!
Üç rənginlə Tanrıya üç köynək yaxın oldun,
Milyonları isitdi bu hənirin, bu odun.
Neçə adsız səhidin arzusundan doğuldun,
Sən bölünmüş yurdumun bölünməzlik sorağı,
Azərbaycan bayrağı!
Ey iman işığından köynək geymiş hilalım,
Sənin ucalığınla qanadlanır xəyalım.
Təbrizdən – Dərbəndəcən göz oxşayan amalım,
Əbədiyyət ətirli həqiqətin duvağı –
Azərbaycan bayrağı!
Zəngəzurun, Göyçənin yuxusunda dalğalan,
Qarabağsız həsrətin qorxusdunda dalğalan.
Sən Şuşanın, Laçının qoxusunda dalğalan,
Ey milli qeyrətimin ən ovxarlı yarağı,
Azərbaycan bayrağı!
Rənglərinlə yoğurdum şeirimin hər sətrini,
Ürəyimdən asmışam hörmətini, xətrini.
Dalğalan, duysun ellər azadlığın ətrini,
Milyon-milyon ürəkdə istiqlalın növrağı,
Azəbaycan bayrağı!
Pressaz.az