Bakıda bağçada uşaqların psixologiyasına mənfi təsir edən ”Halloven” bayramı keçirilib? – VİDEO

Sosial şəbəkələrdə yayılan və özündə zorakılığı ehtiva edən bir maketin paytaxtdakı uşaq bağçalardan birində ”Halloven” bayramı çərçivəsində nümayiş etdirildiyi iddia edilir. Əməkdaşlarımız bu faktı araşdırıblar və ümumiyyətlə, belə bir bayramın keçirilməsinin nə qədər doğru olduğunu öyrəniblər. Rəsmi qurumlar belə bir bayramı keçirməyi tövsiyə etməslərə də, görünən odur ki, bəzi özəl müəssisələrdə bu tövsiyəyə əməl edilmir.

Pressaz.az Xezerxeber.az-a istinadən xəbər verir ki,  bədəndən ayrılmış insan başı boranının ağzındadır və üstəlik, hər tərəfdə qan izləri var. Sosial şəbəkələrdə hətta böyüklərin belə baxdıqda vahiməyə düşdüyü bu maketin paytaxtdakı “Malvina” özəl uşaq bağçasında keçirilən ”Halloven” bayramı üçün hazırlandığı iddia edilir.

Nəsimi rayonunda yerlşən bağçadan verilən məlumata görə, belə bir maket onlarda nümayiş etdirilməyib, ümumiyyətlə, bu şəkilin bağça ilə heç bir əlaqəsi yoxdur.

Sosial şəbəkələrdə həmçinin iddia edilir ki, hər il tənqid edilməsinə baxmayaraq, bu bayram hələ də bəzi təhsil müəssisələrində qeyd edilir. Baxmayaraq ki, valideynlər bu bayramın keçirilməsini düzgün saymır.

Əslində, “Halloven” bayramının tarixi ingilislər və şotlandlarla bağlıdır. Rəvayətə görə, həmin gün axirət dünyası ilə bu dünya arasındakı darvazalar açılır və ola bilər ki, evlərə ziyanverici ruhlar daxil olsun. Qorxulu balqabaqlar və iyrənc makiyajlar isə bu ruhları qorxutmaq üçün istifadə edilir. Ölkəmizdə isə əsasən özəl təhsil müəssisələri və uşaq bağçalarında bu bayram qeyd edilir. Psixoloqlar bu bayramın qeyd edilməsini düzgün hesab etmir və uşaqlara mənfi təsir göstərdiyini bildirirlər.

Bakı Şəhər Təhsil İdarəsindən isə bildirilir ki, ümumi təhsil müəssisələrinin fəaliyyət planında keçirilməsi tövsiyə olunan tədbirlərin siyahısında hər hansı yad təsirli “bayram”lar yer almır. Yəni, dövlət məktəblərində belə bir bayram keçirilə bilməz. Özəl təhsil müəssisələrində də keçirilməsi tövsiyə edilmir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: