Bakı və Abşeronda məcburi köçkünlər üçün şəhərciklər tikilir – VİDEO

Paytaxtın Sabunçu rayonu, Ramana qəsəbəsində Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən 1512 məcburi köçkün ailəsi üçün binalar inşa edilir. Əsas hədəf işləri avqust ayının sonuna qədər yekunlaşdırmaqdır.
Pressaz.az-ın məlumatına görə, binalardakı mənzillərin 108 ədədi bir, 378-i iki, 810-u üç, 216-sı isə 4 otaqdan ibarətdir.
Sakinlərin rahatlığını təmin etmək üçün bütün bloklara liftlər də quraşdırılır. Kompleksdə böyük məktəb binası da təhvil verilmək üzrədir. 280 yerlik bağça da tikilib.
Şəhərcikdə həmçinin idman meydançaları, park ərazisi, klub-icma mərkəzi, təsərrüfat və içməli su çənləri də tikilib.
Abşeronda isə məcburi köçkünlər üçün iki böyük qəsəbə salınır. Qəsəbələrdən biri 1890 ailə, digəri isə 1152 ailə üçün nəzərdə tutulur. Dövlət Neft Fondundan ayrılmış vəsait hesabına tikilən 1-ci qəsəbədə 35 ədəd 9 mərtəbəli yaşayış binası inşa edilib.
İş icraçılarının verdikləri məlumata görə, birinci qəsəbədə 1512 şagird yerlik məktəb, 280 yerlik uşaq bağçası da tikilir. Həmçinin burada da klub icma mərkəzi və musiqi məktəbi ilə yanaşı, polis bölməsi də tikilir. Abşeronda hazırda tikintisi davam edən iki şəhərciyə 3 min 42 ailənin köçürülməsi planlaşdırılır. Bura əsasən Sumqayıt şəhərində yaşayan məcburi köçkün ailələri köçürüləcək. Tikinti işlərinin noyabr ayının sonuna qədər yekunlaşdırılması qarşıya hədəf qoyulub. Ümumilikdə isə bu il 7 mindən artıq məcburi köçkün ailəsinə mənzil verilməsi planlaşdırılır.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: