“Azərbaycanın səsini dünyaya çatdırmağa çalışan fədakar Qadın!” – Könül Səssiz

        Qadın Ana deməkdir! Qadın həyatın özüdür. Qadın – Ana! Sevməyi, arzularla yaşamağı bacaran, qəlbi günəş kimi nurlu müqəddəs varlıq!
        Dahi Nizamiyə, Füzuliyə süd verən Ana! Koroğlunun sadiq Nigarı!… Qaçaq Nəbinin məğrur silahdaşı!…Bu günə qədər qadın -ana obrazı bir çox rəssamları düşündürüb, ilhamlandırıb və beləcə uğurlu rəsm əsəri yaradılıb… Sevgisi, məhəbbəti, əzmi, səbri, sədaqəti ilə hər zaman şairlərin ilham pərisi olub qadınlar!
          Bu gün Qadın adını şərəflə, qeyrətlə daşıyan, adını tarixə yazdıran, bir çox xanımların adını çəkərkən qürurla danışdığı, ər- kişi qeyrətli, qorxmadan, aslan kimi savaşlara atılan bir Azərbaycan xanımından yazmaq istədim. “Aslanın erkəyi-dişisi olmaz” deyib atalarımız. Hər zaman, həm xoş, həm də çətin günündə daim xalqının yanında olan, öz sadəliyi ilə onların sevgisini qazanan səmimi insan! Kimdir o? Azərbaycan Respublikasının Milli Məclisinin deputatı Qənirə xanım Paşayeva. Bəli, bu gün onun haqqında danışarkən qürur hissi keçirirəm. Çünki, bu günlərdə Tovuz rayonunda mənfur ermənilərin təxribatı nəticəsində gedən döyüş zamanı heç nədən qorxmadan öz xalqının, əsgərinin, şəhid analarının yanında olan və Azərbaycanın səsini dünyaya çatdırmağa çalışan fədakar Qadın! Xalqının yanında olub onlarla birgə acılarını paylaşdı, dərdlərinə şərik oldu. Əsgərlərimizə ümid çırağı oldu və bununla da sübut etdi ki, Azərbaycan Qadını daim öz oğlunun yanındadır və lazım gələrsə düşmənlə döyüşə hazırdır.
         Bax, bu Qadın obrazı qəlbimi riqqətə gətirdi və Qənirə xanımın timsalında bütün Həcər qeyrətli xanımların qarşısında baş əyirəm.

         Bu gün bizlər də  Qənirə xanımı dəstəkləyərək, onun yanındayıq  və deyirik: “Azərbaycan Əsgəri, biz Sizinləyik!”

       SƏNİNLƏ FƏXR EDİRİK!
(Qənirə xanım Paşayevaya)
Vətən acısını qəlbində daşıyırsan,
Alovların içində ordan-ora qaçırsan,
İşıq olub dünyamıza, ətrafa saçırsan,
Elimin igid qızı, səninlə fəxr edirik!

Geyib əsgər paltarın döyüşlərə atıldın,
İgid-ər oğulların cərgəsinə qatıldın,
Sən qorxaq ermənin səsin elə batırdın,
Elimin igid qızı, səninlə fəxr edirik!

Bu torpaq ər qeyrətli nə qadınlar yetirdi,
Gültəkin, Salatını, Qənirəni yetirdi,
Anamız Tomris kimi ər qadınlar yetirdi,
Elimin igid qızı, səninlə fəxr edirik!

Baxın! Duyun! Budur Azərbaycan qadını!
O şərəflə daşıyır vətəninin adını!
Yeri gəlsə şəhid olar, halal edər qanını!
Elimin igid qızı, səninlə fəxr edirik!

Səsindəki həyacan, o məğrur baxışların,
Əsgərlərlə bərabər şimşək tək çaxışların,
İlmə-ilmə toxuyur qələbə naxışların,
Elimin igid qızı, səninlə fəxr edirik!

Pressaz.az: Könül Səssiz