Azərbaycanın maraqlarına cavab verən nəticə

10 noyabr 2020-ci il Üçtərəfli Bəyanatın imzalanması ilə ölkəmizin siyasi, diplomatik və iqtisadi sahələrdə növbəti uğurlarının əsası qoyulmuş oldu. Siyasi uğurlardan danışarkən ilk növbədə Ağdam, Laçın, Kəlbəcər rayonlarının, Laçın şəhərinin, Zabux və Sus kəndlərinin qan tökülmədən qaytarılmasını qeyd etməliyik. Bundan əlavə15 iyun 2021-ci ildə Şuşa Bəyannaməsinin imzalanması Azərbaycan dövləti ilə Türkiyə dövləti arasında tarixi münasibətlərin yeni mərhələsinin əsasını qoydu. Türkiyənin Azərbaycanla qardaşlıq əlaqələri hər zaman yüksək səviyyədə olub, Şuşa Bəyannaməsinin imzalanması isə dövlətlərimiz arasında strateji müttəfiqlik münasibətlərini ən üst səviyyəyə qaldırmış oldu. Hətta deyə bilərik ki, Türkiyə Azərbaycan dostluğunun, qardaşlığının dünyada analoqu yoxdur. Üçtərəfli razılaşmanın müddəaları Azərbaycanın maraqlarına tam cavab verirdi. Ən önəmli məqam isə bundan ibarət idi ki, 10 noyabr 2020-ci il Üçtərəfli Bəyanatının imzalanması ilə Ermənistanın və onun havadarlarının işğala və tədricən Azərbaycan ərazilərinin ilhaqına əsaslanan planları alt-üst oldu. Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevin qətiyyəti və ordumuzun şücaəti sayəsində müqəddəs Vətən torpaqlarımız yağı tapdağından azad olundu. Bütün dünya Azərbaycan xalqının sarsılmaz iradəyə sahib olduğuna bir daha şahidlik etdi. Rəsmi İrəvanın uzun illər ərzində ordu haqqında bəslədiyi mif puç oldu.
Üçtərəfli Bəyanatda Azərbaycan öz tərəfindən sülh müqaviləsi üçün əsas olan beynəlxalq hüququn beş əsas prinsipini irəli sürdü. Bu prinsiplər ölkələrin ərazi bütövlüyünün qarşılıqlı tanınmasını, gələcəkdə ərazi iddialarından çəkinməyi, güc tətbiq etməməyi və ya güc tətbiq etmək hədəsindən çəkinməyi, dövlət sərhədlərinin müəyyən edilməsini və kommunikasiyaların açılmasını özündə ehtiva edirdi. Buraya sərhədlərin delimitasiyası ilə bağlı müvafiq komissiyaların yaradılması da daxil idi.
Azərbaycan Respublikasının əsas diplomatik uğuru ölkə başçımız Cənab İlham Əliyevin 6 oktyabr 2022-ci il tarixində Praqada Avropa İttifaqı Şurasının Prezidenti, Fransa Prezidenti və Ermənistanın baş naziri ilə görüşlərin nəticəsində imzalanmış Bəyanatla Azərbaycanın ərazi bütövlüyünün tanınması idi. Belə bir sənədin imzalanması gələcək perspektivdə Cənubi Qafqazda qalıcı sülhün təmin olunmasına ciddi əsaslar yaradırdı.
Bu gün Azərbaycan regionun yeganə ölkəsidir ki, düşünülmüş və milli maraqlara söykənən xarici siyasəti ilə regional təhlükəsizliyin təmin olunması istiqamətində ardıcıl və sistemli addımlar atır. Hazırda Azərbaycan dövlətinin həyata keçirdiyi enerji layihələri, regional inteqrasiyaya xidmət edən əməkdaşlıq formatları Cənubi Qafqazda sabitliyin təmin edilməsində mühüm rol oynayır. Bununla yanaşı, Azərbaycan dünyada sülhyaratma prosesində fəal iştirak edir, səmərəli təklif və təşəbbüslərlə çıxış edir, öz praktik fəaliyyəti ilə sülhün və təhlükəsizliyin möhkəmlənməsinə dəyərli töhfələr verir.
2023-cü il sentyabrın 19-20-də Azərbaycan apardığı lokal antiterror tədbirləri nəticəsində həm ərazi bütövlüyünü, həm də suverenliyini bərpa edərək Cənubi Qafqaz regionunda sülhün bərqərar olması üçün əsaslı zəmin yaratdı. 2023-cü il oktyabrın 15-i daha bir şərəfli gün kimi tarixə düşdü. Ali Baş Komandan, Prezident İlham Əliyev Ağdərədə, Xocalıda, Əsgəranda, Xocavənddə və Xankəndidə Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltdı. Nəticədə, İkinci Qarabağ müharibəsi son yüz ildə şərəf və qəhrəmanlıq salnaməsi kimi Azərbaycan tarixinə yazıldı. Bu gün üçrəngli müqəddəs bayrağımız Azərbaycanın bütün işğaldan azad edilmiş ərazilərində – Cəbrayılda, Füzulidə, Zəngilanda, Qubadlıda, Kəlbəcərdə, Laçında, Ağdamda, Şuşada, Xocavənddə, Hadrutda, Ağdərədə, Xocalıda və Xankəndidə qürurla dalğalanır.

Niyaməddin Əsgərov

Yeni Azərbaycan Partiyası
Beyləqan rayon təşkilatının sədr müavini.