Azərbaycanda sahibkarlığın inkişafı Ulu Öndərin adı ilə bağlıdır

Azərbaycanda sahibkarlığın inkişafı və təşəkkül tapması ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Bu sahədə 1993-cü ildə təsdiq edilmiş “Azərbaycanda sahibkarlığın inkişafı (1993-1995)” Dövlət Proqramını qeyd etmək olar. Sahibkarlıq sektorunda həyata keçirilən islahatlar ölkədə fəaliyyət göstərən kiçik və orta sahibakarların sayını artırdı, onların xarici iqtisadi fəaliyyəti genişləndi və bu sahədə nisbi uğurların əldə olunmasına şərait yarandı. Azad sahibkarlığın inkişafı ümummilli lider Heyder Əliyevin daim diqqət mərkəzində olmuşdur. Təsadüfü deyil ki, ulu öndərimiz ölkəmizin sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun tərəqqisi ilə əlaqələndirmiş, bu istiqamətdə dövlət qayğısının artırılmasına və ən əsası mövcud potensialın reallaşdırılmasına yönəlib. Ulu öndər Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinə rəhbərlik etdiyi 15 ilə yaxın dövr ərzində respublikanı geridə qalmış və yalnız xammal mənbəyi sayılan aqrar respublikadan inkişaf etmiş sənaye respublikasına çevirməyə müvəffəq olmuş, adı heç yerdə çəkilməyən Azərbaycanı qısa müddətdə sovet respublikaları arasında ön sıralara çıxarmağa, ən sürətlə inkişaf edən bir respublikaya çevirməyə nail olmuşdu.
Heydər Əliyev çox gözəl bilirdi ki, respublikanın inkişafı ilk növbədə onun iqtisadi qüdrətini artıran enerji təminatının yaxşılaşdırılmasından, sənaye potensialının yaradılmasından, elm və mədəniyyətinin, ən başlıcası, insan potensialının inkişaf etdirilməsindən asılıdır. İttifaq rəhbərliyinin göstərdiyi maneələrə baxmayaraq o, iradəsindən dönmür, bütün vasitələrlə bu maneələri aradan qaldırmağa çalışır və bunu bacarırdı. Hazırda Azərbaycanın 2020-ci ilədək inkişaf konsepsiyası ətrafında gedən müzakirələr, bu konsepsiyada müəyyən olunacaq əsas hədəflər də Heydər Əliyev ideyalarından güc alır.

Ulu öndər Azərbaycanda sahibkarlığı, bir sözlə, özəl sektoru inkişaf etdirmək üçün ona hər vasitə ilə dəstək verir, bu prosesi sürətləndirmək, bu sahədə yaranan maneələri aradan qaldırmaq üçün bilavasitə yerli və xarici sahibkarların özü ilə vaxtaşırı görüşlər keçirir, hətta elə həmin görüşlər zamanı anket sorğusu vasitəsilə onların rəylərini öyrənirdi. Həmin sorğuların nəticələrini ciddi surətdə araşdıraraq problemlərin aradan qaldırılması üçün qəti tədbirlər görürdü. Həmin prinsiplərin və ənənələrin bu gün dövlət başçısı İlham Əliyev tərəfindən daha qətiyyətlə davam etdirildiyini heç kəs inkar edə bilməz.

Azərbaycanın Heydər Əliyev tərəfindən təməli qoyulan dövlət müstəqilliyinin möhkəmlənməsinə xidmət edən siyasi və iqtisadi inkişaf konsepsiyası ondan sonrakı illərdə ulu öndərin ən sadiq davamçısı İlham Əliyev tərəfindən yeni geosiyasi şəraitdə, dünya iqtisadiyyatında baş verən kataklizmlər nəzərə alınmaqla yeni ideyalarla zənginləşdirilmiş və böyük bacarıqla tətbiq edilmişdir. Prezident İlham Əliyev bu müdrik insanın ideyalarını rəhbər tutaraq ölkəyə rəhbərlik etdiyi dövr ərzində Azərbaycan iqtisadiyyatını üç dəfə artıra bilmiş, Azərbaycanı dayanıqlı və sabit inkişaf edən, öz çoxşaxəli iqtisadiyyatını yaratmış, vaxtilə xarici investisiyalardan asılı olduğu halda, indi xaricdə investisiya qoymaq imkanı olan bir ölkəyə çevirmiş, Azərbaycanda ən müasir texnologiyaları tətbiq etməklə ölkənin gələcək inkişafını sürətləndirən çox böyük potensial yaratmışdır.

Musa Quliyev Beyləqan rayonu -sahibkar