Azərbaycanda bərpaolunan enerji növlərinin yaradılması xarici investorlar tərəfindən həyata keçirilən genişmiqyaslı layihələrdir

Azərbaycanda bərpaolunan enerji növlərinin yaradılması xarici investorlar tərəfindən həyata keçirilən genişmiqyaslı layihələrdir
Azərbaycan enerji potensialını çoxşaxəli və uzunmüddətli strategiya əsasında gücləndirir. Bu strategiya ölkənin regional və qlobal enerji təhlükəsizliyində rolunun möhkəmləndirilməsinə yönəlib. Xəzər hövzəsi ilə Avropa arasında körpü rolunu oynayan Azərbaycan regional əməkdaşlığı gücləndirir, yeni marşrutlar və formatlar təklif edir. Bu da ölkənin enerji potensialını regional təsir gücünə çevirir. Qaz ixracının coğrafiyasının genişlənməsi və həcmlərin artırılması ölkənin enerji potensialını yalnız iqtisadi deyil, həm də strateji nöqteyi-nəzərdən artırır.
Prezident İlham Əliyev yanvarın 8-də Bakıda, “Gülüstan” sarayında Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” şirkəti tərəfindən inşa edilmiş 240 MVt gücündə “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının rəsmi açılış mərasimi zamanı çıxışında demişdir: “Keçən il Mingəçevirdə istismara verilmiş ənənəvi elektrik stansiyasının generasiya gücü təxminən 2000 meqavata bərabərdir və bu gün Azərbaycan enerji təminatı, enerji təhlükəsizliyi nöqteyi-nəzərindən özünü çox rahat hiss edir. Bu yaxınlarda 230 meqavat gücündə Günəş elektrik stansiyası istismara verilmişdir. Bu gün 240 meqavat gücündə külək elektrik stansiyası, işğaldan azad edilmiş ərazilərdə – Cəbrayıl rayonunda hazırda üç Günəş elektrik stansiyası inşa edilir. Bu üç stansiyanın ümumi potensialı 340 meqavatdır”. Səudiyyə Ərəbistanı ilə Azərbaycan arasında çox sıx dostluq və qardaşlıq münasibətlər mövcuddur. Müstəqillik dövründə bu əlaqələrin inkişaf etdirilməsi istiqamətində fəal işlər aparılıb. Bizim ölkələr bir çox sahələrdə uğurla əməkdaşlıq edir. Xalqımız bizim üçün çox ağrılı olan 30 ilə yaxın işğal dövründə Səudiyyə Ərəbistanının ölkəmizə göstərdiyi siyasi dəstəkdən xəbərdardır. Səudiyyə Ərəbistanı o nadir ölkələrdəndir ki, erməni işğalına görə Ermənistanla ümumiyyətlə diplomatik əlaqələr qurmayıb və bu, Azərbaycan xalqına, Azərbaycan dövlətinə göstərilmiş böyük mənəvi dəstək və qardaşlığın əlamətidir.
Bu gün Azərbaycanda gözəl investisiya iqlimi vardır. Artıq ölkəmizə 300 milyard dollardan çox xarici sərmayə cəlb edilib. Bu gün ölkəmizin maliyyə vəziyyəti çox müsbətdir. Bu sahədə aparılan islahatlar, əldə edilən uğurlar dünyanın aparıcı reytinq agentlikləri tərəfindən də yüksək qiymətləndirilir. Təsadüfi deyil ki, bu gün Azərbaycanın kredit reytinqi daha da artırılıb, investisiya və müsbət proqnozu olan reytinq səviyyəsinə qaldırılıb. Ölkəmizin xarici borcu çox aşağı səviyyədədir, ümumi daxili məhsul təqribən 6 faizindən bir qədər çoxdur. Valyuta ehtiyatları xarici borcu 16-17 dəfə üstələyir və bu göstəriciyə görə, Azərbaycan dünya miqyasında aparıcı ölkələr sırasındadır. Prezident İlham Əliyevin mərasimdəki çıxışında qeyd etdiyi kimi “Bütün bu və başqa amillər deməyə əsas verir ki, Azərbaycana qoyulan sərmayə xeyir gətirəcək, mənfəət gətirəcək. Bu gün Azərbaycan sərmayə qoyuluşu üçün çox gözəl bir məkandır. Ölkəmizdə siyasi, iqtisadi və sosial sabitlik hökm sürür. Beş ildir ki, ölkəmiz rəsmən sülh şəraitində yaşayır, ölkəmizdə genişmiqyaslı quruculuq işləri aparılır. Ona görə bugünkü mərasimin timsalında xarici şirkətlərin bizə olan inamını da görürük və bu inam tam əsaslıdır”.
Ölkə başçısı gələcək planları da açıqlayıb. Bildirib ki, gələcəkdə Azərbaycanın bərpaolunan enerji potensialı daha çox artacaq və əlbəttə, biz bu enerjini saxlamaq üçün infrastruktur yaradılmalıdır. Bu məqsədlə ölkəmizdə tarixdə ilk dəfə olaraq gücü 250 meqavat olan Batareya Enerji Saxlanc Sistemi də yaradılır. Bu layihələrin həyata keçirilməsi ölkəmizədaha böyük uğurlar gətirəcəkdir.
Azərbaycan müstəqillik dövründə uzun illər ərzində öz enerji təhlükəsizliyinin təmin edilməsi üçün fəal çalışıb. Azərbaycan dünya miqyasında nadir ölkələrdəndir ki, həm xam neft, həm təbii qaz, neft məhsulları və elektrik enerjisini daxili tələbatı ödəmək üçün tam istehsal edir və eyni zamanda, bu dörd məhsulu dünya bazarlarına ixrac edir. Ölkəmizin enerji təhlükəsizliyi tam təmin edilib və ildən-ilə artan təbii qazın ixracı və elektrik enerjisinin ixracı digər ölkələrin enerji təhlükəsizliyinə də müsbət təsir göstərir.
Niyaməddin Əsgərov
Yeni Azərbaycan Partiyası
Beyləqan rayon təşkilatının sədr müavini.
