Azərbaycan yaxın gələcəkdə yaşıl və hidrogen enerjisinin ixracatçısına çevriləcək – FOTO

Prezident cənab İlham Əliyev siyasətinin prioritet istiqamətlərindən biri də Azərbaycanın ən yaxın tərəfdaşları və dünya ölkələri ilə uğurlu əməkdaşlıq əlaqələrinin qurulmasıdır. Dövlət başçısının düşünülmüş, planlı, sistemli, strateji xarici siyasətinin nəticəsi kimi bu gün Azərbaycan müxtəlif regional və beynəlxalq təşkilatların işində fəal iştirak edir, onların aparıcı üzvü kimi bu təşkilatların işinə töhfə verir, bəzi zamanlarda isə onlara rəhbərlik edir. Ölkəmizin aparıcı üzvlərindən olduğu və uğurla əməkdaşlıq etdiyi təşkilatlardan biri də İqtisadi Əməkdaşlıq Təşkilatıdır (ECO).
Qeyd edək ki, 1964-cü ildə Türkiyə, Pakistan və İran tərəfindən “Regional İnkişaf üçün Əməkdaşlıq” kimi yaradılan təşkilat 1985-ci ildə İqtisadi Əməkdaşlıq Təşkilatı kimi yenidən formalaşdırılıb və Azərbaycan quruma 1992-ci ildə üzv olub. Noyabrın 9-da İqtisadi Əməkdaşlıq Təşkilatının 16-cı Zirvə toplantısında iştirak etmək üçün Özbəkistanda səfərdə olan dövlət başçısı İlham Əliyev istər tədbirdəki çıxışında, istərsə də dost ölkənin Prezidenti Şavkat Mirziyoyev ilə görüşündə bu kimi məqamlara xüsusi diqqət yönəltdi.
“Azərbaycan yaxın gələcəkdə yaşıl və hidrogen enerjisinin ixracatçısına çevriləcək. Dünyanın aparıcı yaşıl enerji şirkətləri olan xarici investorlarla imzaladığımız sazişlərə və anlaşma memorandumlarına əsasən, qarşıdakı illərdə Azərbaycanda istehsal ediləcək bərpa olunan enerji 10 giqavata çatacaq. Bu ilin oktyabr ayında Azərbaycanda “Masdar” şirkəti tərəfindən inşa edilmiş 230 meqavat gücündə Qaradağ Günəş Elektrik Stansiyasının açılışı olub. Bu, Xəzər dənizi və Qafqaz regionunda ən böyük Günəş elektrik stansiyasıdır”. Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Özbəkistanın paytaxtı Daşkənddə keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının 16-cı Zirvə toplantısında çıxışında deyib.
Azad olunmuş Qarabağda və Şərqi Zəngəzurda 2021-2023-cü illər ərzində 170 meqavat gücündə hidroelektrik stansiyaların istifadəyə verildiyini vurğulayan Azərbaycan Prezidenti qeyd edib: “2024-cü ilin sonuna qədər bu rəqəm 270 meqavata çatacaq. Erməni işğalından azad edilmiş ərazilərdə hidroelektrik stansiyaların ümumi gücü bir neçə ildən sonra 500 meqavat təşkil edəcək”.
Ölkəmizin digər mühüm enerji obyektləri Cəbrayıl rayonu ərazisində, Araz çayı üzərində inşası hazırda davam etdirilən və qoyuluş gücü 200 MVt olan “Xudafərin” və 80 MVt olan “Qız qalası” su elektrik stansiyalarıdır. Hazırda tikintiləri davam etdirilən və inşasının sonrakı 2 il ərzində yekunlaşdırılması nəzərdə tutulan bu SES-lər də enerji baxımından xüsusi əhəmiyyətə malikdir. 2020-2023-cü illər ərzində “AzərEnerji” ASC tərəfindən işğaldan azad olunmuş ərazilərdə 11 yenidən qurulan və bərpaedilən kiçik su elektrik stansiyasında indiyədək, ümumilikdə 110 milyon kilovat/saat (kVts) “yaşıl enerji” istehsal edilib. Kəlbəcər, Laçın və Zəngilan rayonlarında 7 SES-in tikintisinin qısa müddətdə yekunlaşacağı proqnozlaşdırılır. Bu yaxınlarda isə Kəlbəcər və Laçında daha 9 SES-in qurulmasına başlanılıb.
Yeri gəlmişkən, Prezident İlham Əliyevin açılış mərasimində iştirak etdiyi Qaradağ Günəş Elektrik Stansiyasının da əhəmiyyəti böyükdür. Xəzər regionunda və MDB məkanında ən böyük günəş elektrik stansiyası olan bu müəssisə 262 milyon ABŞ dolları dəyərində xarici sərmayə hesabına tikilib. Qaradağ Günəş Elektrik Stansiyası, həmçinin xarici investisiya cəlb edilməklə reallaşdırılan sənaye miqyaslı ilk günəş elektrik stansiyasıdır. Hər il 500 milyon kilovat/saat elektrik enerjisi istehsal edilməsi planlaşdırılan stansiya ümumilikdə 110 milyon kubmetr həcmində təbii qaza qənaət etməyə imkan yaradacaq.
Ölkə başçısı cənab İlham Əliyevin ECO-da mühüm fəaliyyət istiqamətlərindən biri olan energetika sahəsi ilə bağlı çıxışında qeyd etdiyi kimi Azərbaycanın günəş və külək enerjisi ilə zəngin bir ölkə kimi ölkənin enerji ehtiyaclarının ödənilməsində bərpa olunan enerji ehtiyatlarına etdiyi və yaxın gələcəkdə, ən əsası da, işğaldan azad olunmuş ərazilərimizdə hidroelektrik stansiyalarının istifadəyə verilməsi ilə bağlı planlaşdırdığı yatırımlar həm də İƏT-in işinə və onun qarşıya qoyduğu məqsədlərin yerinə yetirilməsinə verdiyi önəmdən irəli gəlir.
Azərbaycan tərəfindən üzv dövlətlərlə təşkilatın fəaliyyət istiqamətlərinə uyğun qarşılıqlı əlaqələrin qurulması, onlarla iqtisadi əlaqələrin genişləndirilməsi, illik ticarət dövriyyəsinin artırılması, mövcud əlaqələrin daha da gücləndirilməsi istiqamətlərində mütəmadi olaraq atılan addımlar, edilən təkliflər, göstərilən təşəbbüslər ölkəmizin regionda və dünyada etibarlı tərəfdaş kimi nüfuzunun artmasına töhfə verir.

Niyaməddin Əsgərov

Yeni Azərbaycan Partiyası
Beyləqan rayon təşkilatının sədr müavini.