Azərbaycan Qarabağ ermənilərinə normal həyat təklif edir.

Vətən müharibəsində Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə döyüşən Silahlı Qüvvələrimiz düşmən üzərində şanlı qələbə qazandı. Ali Baş Komandan İlham Əliyevin israrlı mövqeyi nəticəsində məğlub və çıxılmaz vəziyyətə düşən Ermənistan rəhbərliyi işğal edilmiş bütün torpaqlarımızdan qeyd-şərtsiz çıxmaq və bunun üçün çıxış qrafikini təqdim etməyə məcbur olmuşdur. Prezident İlham Əliyev həm ölkə daxilində, həm də beynəlxalq səviyyədə qatıldığı bütün mötəbər tədbirlərdə həmişə ölkəmizin ərazi bütövlüyünün bizim üçün prinsipial əhəmiyyət daşıdığını, münaqişənin tarixi ədalət və beynəlxalq hüquq normaları çərçivəsində həllinin zəruriliyini diqqətə çatdırırdı. Müharibənin tərəfdarı olmayan, sülhə böyük önəm verən Azərbaycan üç onillik ərzində ATƏT-in Minsk qrupu formatında aparılan danışıqlarda fəal iştirak etdi və daim konstruktivlik göstərdi. Bununla belə, Prezident İlham Əliyev həmişə açıq şəkildə bildirirdi ki, sülh danışıqları nəticə verməyəcəyi təqdirdə ölkəmiz özünün ərazi bütövlüyünü digər vasitələrlə, o cümlədən də hərbi yolla təmin edəcək.
Azərbaycan 44 gün ərzində XXI əsrin müharibəsini apararaq öz gücünü bütün dünyaya göstərdi. Bu qələbə sayəsində ölkəmizin ərazi bütövlüyü təmin olundu. Müharibə bitdikdən sonra Ermənistanda qismən də olsa, başa düşməyə başlayıblar ki, revanşizm cəhdləri heç bir fayda verməyəcək. Azərbaycanın təklif etdiyi sülh müqaviləsini imzalamaqdan başqa yol yoxdur. Bölgədə dayanıqlı sülhün və təhlükəsizliyin təmin edilməsi də onun xilası ola bilər. Azərbaycan isə hər zaman olduğu kimi bölgədə sülh və təhlükəsizliyin bərqərar edilməsi istiqamətində səylərə sadiqdir.
“Qarabağ erməniləri başa düşməlidirlər ki, təhlükəsizlik təminatları, hüquqlarının, o cümlədən təhsil, mədəniyyət, dini, bələdiyyə hüquqlarının təmin edilməsi ilə Azərbaycan cəmiyyətinin bir hissəsi olaraq normal həyat yaşayacaqlar. Onlar manipulyasiyanın girovu olmağa son qoyacaqlar”. Bu sözləri Prezident İlham Əliyev “Euronews” televiziyasına müsahibəsində deyib. “Həmçinin onlar başa düşməlidirlər ki, bizi saymamağa davam etsələr, bizim mövcud olmadığımız kimi davranmağa davam etsələr və ya “prezidenti”, “nazirləri”, “parlamentariləri” olan qondarma ölkədə yaşayırlarmış kimi davransalar, bu gün olduqları vəziyyət onların xeyrinə dəyişməyəcək. Bütün bunlar yalandır. Biz onlara normal həyat təklif edirik. Düşünürəm ki, onlar mənə qulaq assalar, başa düşəcəklər və bilirlər ki, mən sözümə əməl edirəm”, – deyə dövlətimizin başçısı bildirib. Hazırda Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması məqsədilə proses davam edir. Avropa İttifaqı, ABŞ və Rusiya buprosesdə vasitəçilik edir. Azərbaycan sülh naminə bütün beynəlxlaq təşəbbüsləri dəstəkləyir. Əgər bu təşəbbüslər sülhə xidmət edirsə, nəticə olmalıdır. Məlumdur ki, Ermənistan Qarabağı Azərbaycanın ərazisi kimi tanıdığını bəyan edib. Avropa İttifaqının vasitəçiliyi ilə bağlı suala cavabından dövlətimizin başçısı bildirib.
Görünən ondan ibarətdir ki, Azərbaycan Prezidenti İlham Əliyevin mesajı və mövcud reallıqlar bəzi erməniləri ayıldıb. Onlar Azərbaycan vətəndaşlığını qəbul etmək istəyi ilə çıxış etməyə başlayıblar. Bu da ondan irəli gəlir ki, ermənilər terrorçu ermənilərdən onlara rəhbər olmayacağını anlayırlar. Revanşıst çıxşlar edən Koçaryan, Sarkisyan, Vardanyan, Artunyan və digər separatçılar öz maraqlarını düşünür və bu istiqamətdə hərəkət edirlər. Anlamağa çalışırlar ki, əsrlər boyu beyinlərinə yeridilən azərbaycanafob, türkofob siyasətin sonu yoxdur. Bu siyasət də şahidi olduqları məğlubiyyətə gətirib çıxarır. İşğalçı siyasət, başqasının torpağını işğal altında saxlamaq heç kimə, o cümlədən Ermənistana xeyir gətirmədi.Normal həyat isə o vaxt təmin olunacaq ki, Qarabağ erməniləri Azərbaycan cəmiyyətinə inteqrasiya olunsunlar. Əks halda, onların vəziyyəti indikindən yaxşı olmayacaq. Çünki beynəlxalq hüquq separatizmi dəstəkləmir.

Niyaməddin Əsgərov

Yeni Azərbaycan Partiyası
Beyləqan rayon təşkilatının sədr müavini.