Azərbaycan müharibəni həm döyüş meydanında, həm siyasi müstəvidə qazanıb.

Azərbaycanın yeni tarixinə yazılan şanlı zəfər, müstəqil Azərbaycan dövlətinin hərbi qüdrətinin, iqtisadi gücünün nümayişi ilə yanaşı, xalqımızın qələbə əzminin əyani təsdiqidir. Müharibə dövründə xalq öz dəmir yumruğunu, birliyini və gücünü nümayiş etdirə bildi. Ali Baş Komandanın əmrinin icrasını təmin etmək üçün 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan Ordusu və xalq Prezident İlham Əliyevin ətrafında birləşmişdir.
Sentyabrın 27-si səhər saatlarından başlanan Vətən müharibəsi 44 gün ərzində Ali Baş Komandanın rəhbərliyi və müzəffər ordumuzun rəşadəti ilə böyük zəfərlə başa çatdı. 2020-ci ilin 10 noyabr tarixində Ermənistan məcbur olub kapitulyasiya aktına imza atıb. Bu kapitulyasiya aktına görə, bir güllə atmadan Kəlbəcər, Laçın və Ağdam rayonları Azərbaycana qaytarıldı, Azərbaycan bayrağı orada qaldırıldı. Bu, onu göstərir ki, Azərbaycan müharibəni həm döyüş meydanında, həm siyasi müstəvidə qazanıb.
44 günlük Vətən müharibəsindən sonra Ermənistan şok vəziyyətinə düşüb. İşğalçı ölkənin hakimiyyəti, müxalifəti və cəmiyyəti sözün həqiqi mənasında çaşqınlıq içindədir. Bu ölkədə ən çox şoka düşənlər isə radikal birləşmələr, qruplar və faşist təmayülünə bağlı olanlardır. Vətən müharibəsində Azərbaycanın parlaq Qələbəsi, Ermənistanın başına dəyən dəmir yumruq bu ölkənin planlarını, siyasətini, hərbi-sənaye kompleksini və iqtisadiyyatını darmadağın etdi.
Azərbaycan Qarabağın işğaldan azad edilməsi məsələsini silah gücü ilə həll etdi, torpaqlarımızı düşməndən geri qaytardı. İndi Ermənistan daxilində olan radikal qruplar yenidən revanşist çıxışlar edirlər və erməni xalqını intiqama kökləməyə cəhd göstərirlər. Ermənistandakı radikal qruplaşmalar bu yolla Azərbaycandan qisas almaq istəyirlər. Ermənistanın radikal qüvvələri müharibədən nəticə çıxarmalıdırlar. Onlar bir qarış torpağımızı belə silah gücünə zəbt etmək fikrinə düşsələr, bu dəfə daha ağır zərbə alacaqlar. Prezident cənab İlham Əliyevin qeyd etdiyi kimi, heç vaxt imkan verə bilmərik ki, erməni faşizmi bir daha başını qaldırsın. Bu o deməkdir ki, erməni radikalları, faşistləri nəinki bir şəhərimizi, kəndimizi, hətta bir metr ərazimizi belə silah gücünə işğal etmək niyyətinə düşsələr, bu dəfə dəmir yumruq onları birdəfəlik məhv edəcək. Çünki Azərbaycan Ordusu Qafqazın ən güclü ordularından biri olduğunu 44 günlük müharibədə sübut etdi.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Ağdam rayonuna səfərləri zamanı bir sıra obyektlərin təməlinin qoyulması, bəzilərinin açılışlarının edilməsi Ağdam rayonunun bərpası ilə bağlı kompleks tədbirlərin görülməsinin əyani təzahürüdür. Rayonda aparılan bərpa və quruculuq işləri Ağdamın tezliklə nəinki Azərbaycanın, həmçinin regionun ən gözəl və müasir şəhərlərindən birinə çevriləcəyini deməyə əsas verir. Əminik ki, qısa müddət ərzində görülmüş mühüm işlər yaxın gələcəkdə konkret nəticələrə gətirib çıxaracaq.
Dövlətimizin başçısı Ağdam Cümə məscidinin qarşısında çıxışı zamanı azərbaycanın iş adamlarını Ağdama və azad edilmiş digər ərazilərə sərmayə qoymağa, orada müasir layihələri reallaşdırmağa çağırdı. Bildirdi ki, bu gün Azərbaycanda biznes üçün, sahibkarlar üçün çox gözəl şərait yaradılıb. Dövlət sahibkarları dəstəkləyir, onlara mənəvi-siyasi dəstək, eyni zamanda, güzəştli kreditlər verilir. Bu, ölkəmizdə biznesin inkişafına göstərilən dəstəyin daha bir nümunəsidir, həmçinin sərmayədarları işğaldan azad edilmiş ərazilərə investisiya yatırmağa həvəsləndirəcək. Beləliklə, həyata keçiriləcək layihələr nəticəsində həmin torpaqlarda əhalinin iş yerləri ilə təminatında heç bir problem yaranmayacaq.
Ağdamda yaşayış kompleksinin təməl daşının qoyulması da əlamətdar hadisədir. Ağdam Mərkəzi Şəhər Xəstəxanasının inşası ağdamlılara tibbi xidmətin göstərilməsi üçün imkanlar yaradacaq. Eyni zamanda, 1 nömrəli məktəb inşa olunur. Bu təhsil ocağında təqribən minə yaxın şagird oxuyacaq. Ağdama qaz xətlərinin çəkilişi layihəsi işlənilir. İçməli suyun gətirilməsi, o cümlədən Xaçınçay su anbarının təmiri layihəsi İnvestisiya Proqramında öz əksini tapıb. Bütün bunlar Azərbaycan dövlətinin işğaldan azad olunmuş ərazilərə həyatın qaytarılmasına, keçmiş məcburi köçkünlərin öz doğma torpaqlarına köçürülməsinə və onlar üçün layiqli həyat şəraitinin yaradılmasına nə qədər böyük önəm verdiyini nümayiş etdirir.

Niyaməddin Əsgərov

Yeni Azərbaycan Partiyası
Beyləqan rayon təşkilatının sədr müavini.