Azərbaycan ilə Gürcüstan arasında beynəlxalq təşkilatlar çərçivəsində də qarşılıqlı dəstək təcrübəsi var.
Azərbaycanla Gürcüstan arasında qarşılıqlı faydalı əməkdaşlıq münasibətləri mövcuddur və ölkələrimizin bu əlaqələri əsl regional əməkdaşlıq nümunəsidir. İki ölkə arasındakı strateji tərəfdaşlıq münasibətləri mütəmadi surətdə yeni keyfiyyət çalarları ilə zənginləşməkdədir. Belə ki,Oktyabr ayının 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Gürcüstanın Baş naziri İrakli Qaribaşvilinin dəvəti ilə Gürcüstanda işgüzar səfərdə olub. Həmin gün Dövlətimizin başçısının Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə təkbətək görüşü keçirilib. Həmçinin iki dövlətin rəhbərləri Tbilisidə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilmiş “The Architect of Prosperity” – “Firavanlığın memarı” adlı fotosərgi ilə tanış olublar.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin oktyabrın 8-də Gürcüstana işgüzar səfəri ölkələrimiz arasında yüksək səviyyədə olan əlaqələrin daha da inkişafına və qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın gücləndirilməsinə töhfə vermək məqsədi daşıyır. Burada qeyd etmək yerinə düşər ki, bu səfər Prezident İlham Əliyevin Gürcüstana sayca 11-ci səfəridir.
Son dövrlər Azərbaycan Prezidenti İlham Əliyev və Gürcüstanın Baş naziri İrakli Qaribaşvili beynəlxalq tədbirlərdə də birgə iştirak edirlər. Buna misal olaraq cari il yanvarın 19-da Davos Dünya İqtisadi Forumunda “Avrasiya Orta Dəhlizi: Yoldan magistrala” mövzusunda panel iclası və fevralın 18-də Münxen Təhlükəsizlik Konfransında “Dağları aşmaq? Cənubi Qafqazda təhlükəsizliyin qurulması” mövzusunda plenar iclası göstərmək olar.
Azərbaycanla Gürcüstanı mehriban qonşuluq və tarixi dostluq əlaqələri, siyasi, iqtisadi, humanitar və digər sahələrdə strateji tərəfdaşlıq əlaqələri birləşdirir. 1996-cı il martın 8-də imzalanan “Azərbaycan Respublikası ilə Gürcüstan arasında dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizliyin möhkəmləndirilməsi haqqında Müqavilə” ölkələrimiz arasında strateji tərəfdaşlığın təməlini qoyub. Azərbaycan-Gürcüstan münasibətləri daim yüksək səviyyədə olub. Dövlətlərarası əlaqələrimizin zəngin tarixi var. İki ölkə arasında diplomatik münasibətlər 1992-ci il noyabrın 18-də qurulub. Keçən il bu münasibətlərin 30-ci ildönümü qeyd olunub. Ötən illər ərzində qarşılıqlı hörmət və etimad üzərində qurulmuş Azərbaycan-Gürcüstan əlaqələri dinamik şəkildə inkişaf edib və ölkələrimiz arasında siyasi, iqtisadi, enerji, mədəni və digər sahələrdə səmərəli əməkdaşlıq formalaşıb.
Ümummilli Lider Heydər Əliyevin və Prezident Eduard Şevardnadzenin dostluq münasibətləri dövlətlərarası əlaqələrimizi inkişaf etdirməyə əhəmiyyətli dərəcədə təkan verib. Ali və yüksək səviyyədə çoxsaylı qarşılıqlı səfərlər baş tutub, indiyədək 118-dən çox sənəd imzalanıb. 1995-ci ildə Gürcüstanın ölkəmizdə, 1996-cı ildə isə Azərbaycanın Gürcüstanda səfirliyi fəaliyyətə başlayıb. Həmçinin 2009-cu ildə Gürcüstanın Batumi şəhərində Azərbaycanın Baş konsulluğu, 2013-cü ildən etibarən isə Gəncə şəhərində Gürcüstanın Baş konsulluğu açılıb. Gürcüstanın dövlət və hökumət başçıları, müxtəlif rəsmi nümayəndə heyətləri ölkəmizə mütəmadi səfərlər ediblər. 2022-ci ildə də ölkələrimiz arasında intensiv yüksək səfərlər təşkil olunub.
Azərbaycanla Gürcüstan arasında uğurlu regional əməkdaşlıq münasibətləri çərçivədə irimiqyaslı qlobal enerji və nəqliyyat-kommunikasiya layihələrinin (Bakı-Tbilisi-Ceyhan neft boru kəməri, Bakı-Tbilisi-Ərzurum qaz boru kəməri, Bakı-Tbilisi-Qars dəmir yolu və sair) reallaşdırılması regional sülhə və sabitliyə xidmət edir. Bu xüsusda yeni bir inkişaf kimi, 2022-ci il dekabrın 17-də Rumıniyanın paytaxtı Buxarestdə imzalanmış “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”i qeyd etməliyik. Bu Saziş yeni dünya düzəninin formalaşdığı bir mərhələdə Avropanın iqtisadi və enerji təhlükəsizliyinin təmin edilməsi prosesi ilə bağlı zəncirin ən vacib halqalarından biridir. Mühüm əhəmiyyətə malik bu sənəd hər iki ölkənin yalnız regionda deyil, həmçinin Avropa ölkələri ilə münasibətlərində etibarlı tərəfdaş olmasının daha bir sübutudur.
Ölkələrimiz arasında əlaqələrin və əməkdaşlığın inkişaf dinamikası onu deməyə əsas verir ki, Azərbaycan-Gürcüstan münasibətləri gələcəkdə daha da genişlənəcək və yeni sahələri əhatə edəcəkdir.
Niyaməddin Əsgərov
Yeni Azərbaycan Partiyası
Beyləqan rayon təşkilatının sədr müavini.