Azərbaycan elminə ağır itki üz verib – FOTO

Azərbaycan elminə ağır itki üz vermişdir. Azərbaycanın tanınmış elm xadimi Azərbaycan Texniki Universitetinin Elektronika üzrə kafedra müdiri, əməkdar müəllim, professor Hüseyn Surxay oğlu Orucov 8 dekabr 2020- ci il tarixində 73 yaşında vəfat etmişdir.
Bu zaman kəsiyindən 40 günə yaxın vaxt keçsə də Hüseyn Orucovun bu hüznlü günü döğmalarının qəlbində silinməz iz salmış bir anım tarixi kimi qalır.
Alimin dünya elminə verdiyi töhfələr yüz illər ötsə də hər zaman dəyərlidri, hər vaxt qiymətlidir. Onun xatirəsi dünya durduqca unudulmayacaq. Elmi nəaliyyətləri bəşəriyyətə xidmət edəcəkdir.
Hüseyn müəllim səmimi insan, fenomen biliyə malik alim, peşəkar mütəxəssis, doğma Vətənini canı ilə, qanı ilə sevən əsl vətəndaş, ideal ailə başçısı idi. Onun ruhu əzizlərinin, elm xadimlərinin, yetişdirdiyi gənc alimlərin, onu tanıyan bir çox ziyalıların, yaradıcı insanların qəlbində daim yaşayacaqdır.
Hüseyn Surxay oğlu Orucov 24 may 1948- ci ildə Beyləqan rayonunun Dünyamallılar kəndində dünyaya göz açmışdır.
1965- ci ildə Dünyamallılar kənd tam orta məktəbinin məzunu olmuşdur.
Elə həmin il Azərbaycan Dövlət Texniki Universitetinin ( indiki Bakı Dövlət Universiteti) fizika fakültəsinə daxil olmuş, 1970- ci ildə həmin universiteti bitirmişdir.
1970 – 1972ci illərdə leytenant rütbəsi ilə Sovet Ordusu sıralarında motoatıcı alayın tağım komandiri kimi qulluq etmişdir.
1972 – 1975 – ci illərdə Beyləqan rayon Dünyamallılar tam orta məktəbində müəllim işləmişdir.
1975 – 78 – ci illərdə Azərbaycan Milli Elmlər Akademiyasının Fizika İnstitutunun Aspiranturasının əyani şöbəsini bitirmişdir.
1978- 84- cü illərdə Azərbaycan Elmlər Akademiyasının Fizika İnstitutunda “Yarımkeçiricilərin nəzəriyyəsi” laboratoriyasında baş laborant, kiçik elmi işçi işləmişdir.
1984 – 86 cı illərdə N. Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında, 1986-90- cı illərdə Təbii Ehtiyatların Kosmik Tədqiqatları İnstitutunda böyük elmi işçi vəzifəsində çalışmışdır.
1983-86- cı illərdə Azərbaycan Pedaqoji İnstitutunun” Nəzəri Fizika və Astrofizika” kafedrasında əvəzçiliklə nəzəri fizika fənnlərini tədris etmişdir.
1990- cı ildə Azərbaycan Texniki Universitetinin ” fizika ” kafedrasında baş müəllim, 1995- ci ildə dosent, 2009- cu ildən professor kimi elmi- pedaqoji fəaliyyətlə məşğul olmuşdur.
2010- cu ildə Azərbaycan Texniki Universitetinin ” Elektronika” kafedrasının müdiri vəzifəsində çalışmışdır.
1981- ci illərdə Yarımkeçiricilər və dielektriklər fizikasi ixtisasında” TİSe tipli yarımkeçirici birləşmələrin elektron spektri” mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir. 2007- ci ildən həmin ixtisasda ” Zəncirvari A3 B3 C6 2 laylı A4 B6 aşağıöçülü birləşmələrdə enerji spektrləri, optik sabitlər və kimyəvi rabitə” mövzusunda doktorluq dissertasiyalarını uğurla müdafiə etmiş, fizika – riyaziyyat elmləri doktoru alimlik dərəcəsi almışdır. Aldığı mühüm nəticələr bu tip kristal birləşmələr üzərində aparılan eksperimentlərin izahında geniş istifadə edilir.
Hüseyn müəllim Yarımkeçiricilərin nəzəriyyəsi sahəsində mütəxəssis olmuşdur. AMEA- nın həqiqi üzvü professor Firudin Haşımzadənin elmi məktəbinin yetirməsi idi. Yarımkeçiricilərin dielektrik kristalların elektron, fonon və optik spektrlərini hesablamaq üçün FORTRAN alqoritmik dilində kompüter proqramlar paketini tətbiq etmişdir.
O, 120- dən çox elmi əsərin, ali məktəb tələbələri üçün 2 dərslik, 4 dərs və metodiki vəsaitin, abituriyentlər üçün 1 test kitabının müəllifi idi.
2004- 2010- cu illərdə Azərbaycan Texniki Universitetində nəşr olunan ” Elmi əsərlər- fundamental Elemlər,” jurnalının məhsul katibi olmuş, 2010- cu ildən həmin jurnalın, həmçinin , ” AzTU- nun Elmi əsərləri” jurnalının Redaksiya Şurasının üzvü idi.
Hüseyn Orucov Azərbaycan təhsilinin inkişafındakı xidmətlərinə görə 2011- ci ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə ” Əməkdar Müəllim” Fəxri adına layiq görülmüşdür.
2009-2014- cü illərdə Azərbaycan Respublikası Prezident yanında Ali Attestasiya Komissiyasının fizika elmləri üzrə Ekspert Şurasının üzvü olmuşdur.
O, AAK fizika və Astronomiya üzrə Ekspert Şurasının sədri, AMEA nəzdində Respublika elmi Tədqiqatların Əlaqələndirmə Şurasının nəzdində Texnika problemləri Elmi Şurasının üzvü olmuşdur.
Türkiyə, Almaniya, Yaponiya, Belarusiya, Litva, alimlərinin iştirakı ilə birgə elmi layihələrdə çalışmışdır.
Hüseyn Orucov gənc alimlərin hazırlanmasında fəal iştirak etmişdir, Onun rəhbərliyi ilə 5 nəfər uğurla müdafiə etmiş, bunlardan 3 nəfər fizika- riyaziyyat elmləri namizədi, 2 nəfər isə fizika üzrə fəlsəfə doktoru elmi adını almışdır.
2010- cu ildən müxtəlif ölkədaxili və beynəlxalq qrant layihələrinin iştirakçısı və birinin həmrəhbəri idi.
Hüseyn Orucov 2010- cu ildən ömrünün sonunadək AzTU-nun Elektronika kafedrasının müdiri vəzifəsində çalışmışdır.
Şərəfli ömür yaşamış alimin elmi kəşflərinin Azərbaycan elmində önəmli yeri var. Yetişdirdiyi gənc alimlər özündən sonra Hüseyn Orucovun yolunu davam edirlər.
Hüseyn müəllim ailəli idi, 3 oğlu, 7 nəvəsi bu səcərənin davamçılarıdır.
Allah rəhmət eləsin!

 

Rövşən Budaq
şair, ” Novator ” qəzetinin redaktoru