Azərbaycan dilinin saflığının qorunması hər bir Azərbaycan vətəndaşının işi olmalıdır – FOTO
Azərbaycan dilinin saflığının qorunması hər bir Azərbaycan vətəndaşının işi olmalıdır.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin apardığı ardıcıl və uğurlu dövlət quruculuğu siyasətində ana dilinin qorunması və zənginləşdirilməsi məsələləri həmişə önəmli yer tutmuşdur. Bunu ölkə Prezidentinin Azərbaycan dili ilə bağlı silsilə sərəncam və fərmanları, eləcə də müxtəlif tədbirlərdəki çıxışları zamanı səsləndirdiyi qiymətli fikirlər sübut edir. Ölkə başçısı cənab İlham Əliyev dilimizə böyük sevgi, diqqət və qayğısının bariz ifadəsi olaraq bildirmişdir: “Əsrlər boyu bizi xalq kimi, millət kimi qoruyub saxlayan bizim ana dilimizdir, Azərbaycan dilidir. Azərbaycan dilinin qorunması hamımızın vəzifəsidir”.
Müstəqilliymizin qazanılmasından sonra yaranmış tarixi şərait xalqımızın dünya xalqlarının ümumi yazı sisteminə qoşulması üçün yeni perspektivlər açdı və latın qrafikalı Azərbaycan əlifbasının bərpasını zəruri etdi. Bu mənada Azərbaycan Əlifbası və Azərbaycan Dili Gününün təsis edilməsi haqqında Ulu Öndər Heydər Əliyevin 9 avqust 2001-ci il tarixli 552 nömrəli Fərmanı tarixi hadisədir. Ümumiyyətlə, ana dili hər bir xalqın varlığının əsas təminatçısıdır. Azərbaycan dilinə dövlət dili statusunun verilməsi Ümummilli Lider Heydər Əliyevin xalq qarşısında ən böyük tarixi xidmətlərindən biridir. Hər bir xalqın milli- mənəvi dəyərlərini yaşadan, inkişaf etdirən onun ana dilidir və dil hər bir xalqın varlığının ən əsas təminatçısıdır. Azərbaycan xalqının da ana dili onun milli varlığını müəyyən edən başlıca amillərdəndir. Ana dili dövlət rəmzlərimiz olan himn, gerb, bayraq kimi müqəddəsdir. Müstəqillik dövrünün Azərbaycan dilinin müasir inkişaf mərhələsinin başlanğıcı olduğunu diqqətə çatdıran deputat bildirib ki, xalqın təkidli tələbi ilə ölkə rəhbərliyinə qayıdan Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 1995-ci ildə Azərbaycan Respublikasının Konstitusiyası hazırlanarkən dövlət dilinin necə adlandırılması ilə bağlı müxtəlif təkliflər irəli sürülüb. Bu təkliflərin çox böyük əksəriyyətində ana dilimizin Azərbaycan dili adlandırılması dəstəklənirdi. Geniş müzakirələrdən sonra 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş konstitusiyanın 21-ci maddəsində Azərbaycan Respublikasının dövlət dilinin Azərbaycan dili olması öz əksini tapıb. Bundan sonra ana dilimizin inkişafı və qorunması işi daha da gücləndirilmişdir. Ulu Öndər Heydər Əliyev dövlət dilinin yeni inkişaf dönəmində yaranmış vəziyyəti nəzərə alaraq 2001-ci il iyunun 18-də “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Fərman imzalamışdır.
Azərbaycan dilinin saflığının qorunması milli kimliyimizin əsas təminatıdır. Dilin saflığı hər bir xalqın milli varlığının, mənəvi irsinin və mədəni bütövlüyünün əsas göstəricisidir. Azərbaycan dili — xalqımızın düşüncə tərzini, dünyagörüşünü, tarixini və milli kimliyini özündə daşıyan müqəddəs bir dəyərdir. Bu dil əsrlər boyu böyük sınaqlardan keçmiş, xalqımızın milli şüurunun formalaşmasında, ədəbi və elmi fikrin inkişafında aparıcı rol oynamışdır. Azərbaycan dilinin saflığının qorunması məsələsi bu gün təkcə dilçilərin və ədəbiyyat adamlarının deyil, bütün cəmiyyətin — dövlətin, alimlərin, müəllimlərin, jurnalistlərin və hər bir vətəndaşın üzərinə düşən mühüm vəzifədir. Prezident cənabnİlham Əliyevin də qeyd etdiyi kimi: “Azərbaycan dilinin saflığının qorunması hər bir Azərbaycan vətəndaşının işi olmalıdı. Əgər biz xalq kimi, millət kimi öz dilimizi qorumasaq, onda yavaş-yavaş bizim milli kimliyimiz də sarsıla bilər.”
Bu çağırış təkcə dil məsələsi deyil, həm də milli təhlükəsizlik və mədəni müstəqillik məsələsidir. Çünki dilin yad təsirlər qarşısında zəifləməsi, onun saflığının pozulması milli düşüncənin parçalanmasına, mədəniyyətin bərbad olmasına səbəb ola bilər. Azərbaycan dili xalqımızın mədəni varlığının əsas sütunudur. Bizim klassik ədəbiyyatımız, dastanlarımız, bayatılarımız, atalar sözlərimiz və müasir yazılı irsimiz bu dilin saflığı sayəsində qorunub və nəsildən-nəslə ötürülüb. Hər bir xalqın dili onun ruhudur; ruhsuz xalq isə tarix səhnəsində öz varlığını uzun müddət qoruya bilməz. Bugünkü qloballaşma dövründə dünya dilləri bir-birinə daha çox təsir göstərir. İnformasiya texnologiyalarının, sosial medianın və kütləvi mədəniyyətin sürətli yayılması nəticəsində Azərbaycan dilinə də çoxlu sayda yad kəlmələr daxil olur. Bu proses bəzən dilin lüğət tərkibini zənginləşdirsə də, çox hallarda onun orijinallığını və təbii ifadə imkanlarını zəiflədir. Buna görə də dövlət səviyyəsində dilin qorunması, normativ qaydalarının möhkəmləndirilməsi, ədəbi dilin saflığının təmin olunması mühüm vəzifədir.
Niyaməddin Əsgərov
Yeni Azərbaycan Partiyası
Beyləqan rayon təşkilatının sədr müavini.
