Aynur Yasəmən Qarabağlı – Yeni Şeirlər
İLLƏRDİ YOLUNA DİKİLİB GÖZUM
Verdiyin həsrətin taqəti yoxdu,
Zarıyir yol üstə, qayıt gəl daha.
Bezibdi şəkilin baxışlarımdan,
Nəfəsin evində bahadan, baha.
Ayaq izlərinə həsrət döşəmə,
Qapı dəstəyindən gedib əl izin.
Elə təmizlənib “səndən” hər tərəf,
Sanki yolu keçib burdan dənizin.
Evin hər yanına buludlar çöküb,
Səpilir evinə soyuq yağış, qar.
Atalar düz deyib: “Böyüklü evin,
Hər yerinə göydən bərəkət yağar”.
Nə yatdım səninlə, görüm nə yuxu,
Hicranın qoynunda tərk edib getdin.
Guya qısqanırdın məni hər kəsə,
Niyə ayrılıqla adaxlı etdin?
Gileyli olmuşam, dərdli olmuşam,
İllərdir yoluna dikilib gözüm.
Vərdişkar olmuşam özüm bilmədən,
Adınla bəzəkli hər cümləm, sözüm.
Əmimin bu seirini oxuduqdan sonra, mən də, biixtiyar olaraq yazdım ardınca gələni…
ÜMİD XƏYALA QALIB…
Mayil Dostu
Xəyal,məni gör gözünlə,
Götür apar sən özünlə,
Yurda gedim yox izinlə,
Qoy tökülsün mıxım, nalım.
***
Dumana, çənə qarışım,
Neçə təpə, bələn aşım,
Kor dumanda azıb çaşım,
Lal dərədə naçar qalım.
***
Dizə qədər qara batım,
Əzgillidə ocaq çatım,
Mürgü vurum, qəmi atım,
Bəxtəvər olum, ay zalım!
***
Qara Suda yarpız dərim,
Böyük Şişdə axsın tərim,
Yoxa çıxsın dərdim – sərim,
Fərəhlənim, fit də çalım.
***
Mamır üstə bardaş qurum,
Nəfəs dərib tez də durum,
Nazlı döşə bir baş vurum,
Kor cığıra çəhlim salım.
***
Nərgiz dərim, dəstə tutum,
Bülbül ahın səsdə tutum,
Şəlalədən bəstə tutum,
Təzələnsin tövrüm, halım.
***
Tükənməsin ov həvəsim,
Dağa qalxım, tez tələsim,
Dar ciğirda bərə kəsim,
Doyunca xəyala dalım.
***
Yağı Yurddan ayrı salıb,
Dərd gözümün odun alıb,
XƏYAL, ÜMİD SƏNƏ QALIB,
Yurda apar, qadan alım!
GETSƏN KƏNDƏ APAR MƏNİ
Baxışı gözləri dələr,
Sözü qızıl, kəlməsi ləl.
Yalın əlimə uzat əl,
Qəriblikdən qurtar məni…
Getsən, kəndə apar məni.
Gedək sevinsin mahalım,
Oralarda ölüm, qalım.
Müəllimim, qadan alım…
Bu həsrətdən qurtar məni,
Getsən, kəndə apar məni.
Yaralıyam, yaram dərin,
Sızldaram sərin-sərin.
Götür ginən qəm-kədərin…
Ağuşundan qurtar məni,
Getsən kəndə apar məni.
Saçı dağ qarından bəyaz,
Dərdin böyük, gileyin az.
Gecikməynən, elə bu yaz…
Bu şəhərdən qurtar məni,
Getsən kəndə apar məni.
Sırxavəndin havası xoş,
Onsuz burda həyat bomboş.
Sənə yalvarir bu naxoş…
Bu bəladan qurtar məni,
Getsən kəndə apar məni.
Aynur Yasəmən – Pressaz.az