AYNUR YASƏMƏN QARABAĞLI – QAYSAQLAMIR MƏNİM YARAM…
QAYSAQLAMIR MƏNİM YARAM
Ruhum əsir düşüb mənim,
Qara bəxtli Qarabağda.
Çicəkləmir çölü-düzü,
Qara geyib, qara bağ da.
Qaranquşda gəlmədiki,
Soruşum elin halını.
Əlacsızam, küləkdən də,
Sordum elin əhvalını.
Qələm qaşlı el qızları,
Gəlin köçdü qərib eldə.
Qocaları dözəmmədi,
Dərdli getdi, dərdi beldə.
Şəhid qanı hopan torpaq,
İnildəyir, yaralıdı.
O torpağın qundaqları,
Soruş, bilmir haralıdı.
Unudulur elim, obam,
Yaddan çıxır, aram-aram.
Elə bunu düşündükcə,
Qaysaqlamır mənim yaram.
TORPAĞIMIZ BEZİB ALLAH
Hamı deyir gözlərinin,
Dərinliyi kədərlidir.
Day demirlər bu köçkün qız,
Xirtdəyəcən qəhərlidir.
Eli batıb qəmə, dərdə,
Çəkə bilmir şələ dərdi.
Daşıyammaz biz çəkəni,
Qoşan olsa vələ dərdi.
Yol-yolağa itib getdi,
Daha ümid pas bağlayıb
Qarabağın qara dərdi,
Ərən sinəsin dağlayıb.
Quruyubdu göz yaşları,
Şiş uclu uca dağların.
Bəhrəsini murdarlayıb,
erməni bizim bağların.
Daha bar vermir ağaclar,
Kök budağa güc ötürmür.
Torpağımız bezib ALLAH,
Haqsızlığı day götürmür.
UŞAQ VAXTI İTKİN DÜŞƏN BİRİYƏM!
Dodağında təbəssümü don vuran,
Çadıra sığınıb, boynunu buran,
İçi yanan, külün qəlbə sovuran,
Uşaq vaxtı itkin düşən biriyəm!
Camaatı qərib olan, dağılan,
Geniş evdən bir daxmaya yığılan,
Güllələrin tüstüsündən boğulan,
Uşaq vaxtı qəlbi bişən biriyəm!
Körpəlikdən ata, dayı itirən,
Gözündəki sevincini bitirən,
Eldən-elə qəribliyi gətirən,
Uşaq vaxtı dərdi şişən biriyəm!
Pressaz.az