AYNUR YASƏMƏN QARABAĞLI: MƏNƏ DAİM ANA GƏRƏK…

HƏR İLDIRIM BİR DAĞ ÇƏKİR SİNƏMƏ

Bu gün yenə hava dolub dayanıb,
Qaçıb gəlib xoşbəxtlərin əlindən.
Buludların göz yaşları atılıb,
Asılıbdı budaqların telindən.

Bozarıbdı asimanın bənizi,
Tanış gəlir göy üzünün bu halı.
Qarabağın bəxti qara günü tək,
Kainat da bürünüb qara şalı.

Bu buludlu, gözü yaşlı havanı,
Özümədə oxşadıram arada.
Hərdən bir də arsız yaşa deyirəm,
ALLAH bir də səni çətin yarada.

Arsız olmaq istəsəmdə alınmır,
Anam kimi dürüst qadın oluram.
Gözlərimlə can verirəm buxara,
Özüm boyda bulud qadın oluram.

Hər ildırım bir dağ çəkir sinəmə,
Sıziltılı yaralarım ağlayır.
Amma yenə təbəssümlə əllərim,
Ətrafına göy qurşağı bağlayır.

 

MƏNƏ DAİM ANA GƏRƏK

Hələ korpəcə uşağam,
Ruhum səsinlə aramdır.
Kefin olmayan zamanlar,
Aldığım nəfəs haramdır.

Bunu bilirsən əzizim,
Gizlədirsən hər ağrını.
Sizə gələndə bilirəm,
Acdin dizindən sarğını.

Addımını yeyinlətdin,
Ürəyimi açdın o an.
Çayim ləziz olsun deyə,
Samovarı çatdın yaman.

Qaynamağı gecikəndə,
Gileyləndin aram-aram.
Ay samovar bir az tez ol,
Uzaq yoldan gəlib balam.

-tələsmirdim samovarın,
Qaynamağı ləngiyəndə.
Dincəlirdim sənə olan,
Həsrət, hicran səngiyəndə.

Səsin pöhrə verdiyi yer,
Ocağının hər yanıdı.
Samovara kömür atman,
Ömrümün gülşən çağıdı.

Aşiqəm sənə ey qadın,
Eşqin sığmır ürəyimə.
Bilmədən analıq haqqın,
Şəlləmisən kürəyimə.

Necə qaytarım bilmirəm,
Haqqının bir hissəsini.
Sənin qədər şirin deməz,
Kimsə qızım kəlməsini.

Uzaq olsamda cismindən,
Bilirəm ki, varsan, şükür.
Bunu anla dağ çicəyim,
Xəzanın qəddimi bükür.

Heç böyümək istəmirəm,
Yanımda ol,uşaq qalım.
Əyər məni sevirsənsə,
Ağrını sat, özüm alım.

Qocalma, insafın olsun
Mane ol öz karvanına.
Mümkündürsə de, yalvarım,
Bu karvanın sarvanina.

Bax, özün bil qocalacam,
Yoxluğunda əriyərək.
Şux qamətli qalmam üçün,
Mənə daim ana gərək!

 

ÖMRÜMƏ GÜNƏŞİ GÖNDƏRƏNİMSƏN

Eşqin bihuş edir baxışın dəli,
Milyonlar içindən belə seçildin.
Kimsəsiz sevgimə, çılpaq sevgimə,
Sahib çıxmaq üçün libas biçildin.

Sənin məhəbbətin ümmandır, ümman,
Çəkir ağuşüna, böğullam orda.
O sirli aləmin dərinliyində,
Yenidən göz açıb doğullam orda

Bir ümid qığılcım sorağındaykən,
Ömrümə günəşi göndərənimsən.
Solmuş bir çiçəyin hər ləçəyini,
Yenidən yaşama döndərənimsən.

Ey sevgi şerimin baş qəhrəmanı,
Həsrətin toz tutmur gözüm üstündə.
Bir ömür dustağam arzularına,
Bir ömür duracam sözüm üstündə.

 

Pressaz.az