AYNUR YASƏMƏN QARABAĞLI: GÖZLƏRİM GÜLƏR YENƏ
GÖZLƏRİM GÜLƏR YENƏ
Pərvazlanıb gözəl gül,
Damı dəlib keçəcək.
Qarabağa boylanıb,
Nəfəsinə çəkəcək.
Alışacaq sinəsi,
Güllə qoxusu ilə,
Gözündən yaş sellənib,
Axacaq gilə-gilə.
Yalvarıram gözel gül,
Boylan bizim yurda da.
Atam nigaran yatır,
Nigarandır orda da.
Ümidimi qırma sən,
Şad xəbər de tez mənə.
Bəlkə əvvəlki kimi,
Gözlərim gülər yenə.
Aynur Yasəmən
HƏR İLDIRIM BİR DAĞ ÇƏKİR SİNƏMƏ
Bu gün yenə hava dolub dayanıb,
Qaçıb gəlib xoşbəxtlərin əlindən.
Buludların göz yaşları atılıb,
Asılıbdı budaqların telindən.
Bozarıbdı asimanın bənizi,
Tanış gəlir göy üzünün bu halı.
Qarabağın bəxti qara günü tək,
Kainat da bürünüb qara şalı.
Bu buludlu, gözü yaşlı havanı,
Özümədə oxşadıram arada.
Hərdən bir də arsız yaşa deyirəm,
ALLAH bir də səni çətin yarada.
Arsız olmaq istəsəmdə alınmır,
Anam kimi dürüst qadın oluram.
Gözlərimlə can verirəm buxara,
Özüm boyda bulud qadın oluram.
Hər ildırım bir dağ çəkir sinəmə,
Sıziltılı yaralarım ağlayır.
Amma yenə təbəssümlə əllərim,
Ətrafına göy qurşağı bağlayır.
ÇÖRƏK KİMİ BƏRKİMİŞƏM
Qağayı tək köç etmişəm,
Göy Xəzərin sahilinə.
Yovuşmuşam balıqların,
Gözlərinin giləsinə.
Calaq edib gül koluna,
Bənövşətək hər telimi.
Köçkün yurdun naləsitək,
Yadırğamışam evimi.
Tənhalığa məhkum etdim,
Hakimim də oldum özüm.
Bu boşluğun qandalına,
Öyrəşəcək məhbus gözüm.
Qarğıdalı qabığına,
Sarılmışdı sarı bəxtim.
Dən-dən olub səpilmişdi,
Yeyilirdi darı bəxtim.
Sellənərək hayqırırdı,
Ağlayırdı dərə dərdim.
Lillənmiş bulannıq günə,
Qaya kimi sinə gərdim.
Qorxunc bir təndir görmürəm,
İstisində yanam, bişəm.
Lavaş qədər kövrəy idim,
Çörək kimi bərkimişəm.
Pressaz.az