Avropa Məhkəməsinin heç bir qərarının bizim üçün hüquqi qüvvəsi yoxdur.

Prezident İlham Əliyevin 9 aprel 2025-ci ildə ADA Universitetində keçirilən “Yeni dünya nizamına doğru” adlı beynəlxalq forumda çıxışı qlobal müstəvidə tarixi missiya daşıyır. ADA Universitetində ənənəvi olaraq keçirilən beynəlxalq tədbirlər sırasına daha biri əlavə olundu. Cənab İlham Əliyevin iştirakı ilə “Yeni dünya nizamına doğru” Forumu xarici ekspertlərə dünyada baş verən proseslər, Ermənistanla münasibətlərin tənzimlənməsi prosesi, eləcə də Azərbaycanın Qoşulmama Hərəkatına sədrlik etdiyi müddətdə dünya üçün buraxdığı irsin müzakirəsi baxımından əlverişli imkan yaratdı.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev “Müxtəlif ölkələrdən olan beynəlxalq ekspertlərin böyük bir qrupu qlobal gündəlikdə duran mühüm məsələləri müzakirə etmək üçün Azərbaycanı yeddinci dəfədir ki, ziyarət edir. Eyni zamanda, bütün bu səfərlər Azərbaycanı daha da yaxşı tanımağa, ölkənin nəbzini tutmağa xidmət edir. Azərbaycanın tarixi ərazilərinin azad edilməsindən sonra beynəlxalq ekspertlərin həmin ərazilərə müntəzəm səfərləri onlara ölkəmizin tarixi haqqında daha dolğun məlumat verir.” kimi fikirləri ilə beynəlxalq tədbirlərin prioritetini açıqladı. Və qeyd olundu ki, regionda vəziyyət böyük dərəcədə dəyişikliklərin təşəbbüskarı Azərbaycandır.
Prezident İlham Əliyevin Forumdakı çıxışı da mühüm məqamları, çağırışları, Ermənistana və havadarlarına ünvanlanan mesajları ilə diqqətdə oldu. 30 illik işğal, 44 günlük Vətən müharibəsi, postmünaqişə dövrünün reallıqları, Azərbaycan-ABŞ, Azərbaycan-Türkiyə və Azərbaycan-İsrail münasibətləri barədə Forum iştirakçılarına geniş məlumat verən dövlətimizin başçısı bildirdi ki, “Əminəm ki, dünənki və bugünkü müzakirələr və ekspertlər arasında qarşılıqlı əlaqələr bizə birgə yanaşmaları hazırlamağa və keçən dəfə, ötən il görüşdüyümüzdən bəri tamamilə fərqli olan sürətlə dəyişən dünya ilə bağlı fikirlərimizin mübadiləsinə kömək edəcək.” Eləcə də Azərbaycanın Cənubi Qafqazın aparıcı ölkəsi, Qlobal Cənubun bir hissəsi olduğunu xatırladan dövlətimizin başçısı qeyd edib ki, bizim Qoşulmama Hərəkatında güclü mövqeyimiz, Mərkəzi Asiya ilə yaxşı əlaqələrimiz var. İqtisadi baxımdan güclü, enerji resurslarına, ordusunun döyüş meydanında sübuta yetirilmiş gücə malik olan ölkə olduğumuzu vurğulayan Prezident əlavə edib: “Buna görə biz Birləşmiş Ştatlar üçün çox mühüm tərəfdaş ola bilərik”. Eyni zamanda, Türk Dövlətləri Təşkilatının daha da güclənməsi ölkəmiz üçün prioritetdir. Bütövlükdə, beynəlxalq Forum yeni dünya nizamına ölkəmizin baxışının təqdimi baxımından mühüm tədbirdir.
“Yeri gəlmişkən, Azərbaycan Avropa İnsan Haqları Məhkəməsinin hakimlərinin seçilməsində iştirak etmədiyindən biz bu məhkəmənin qərarlarını tanımırıq. Bu bizim mövqeyimizdir və fürsətdən istifadə edərək bəyan edirəm ki, Avropa Məhkəməsinin heç bir qərarının bizim üçün hüquqi qüvvəsi yoxdur”. Bu sözləri Prezident İlham Əliyev ötən gün ADA Universitetində keçirilən “Yeni dünya nizamına doğru” mövzusunda beynəlxalq forumda çıxışı zamanı deyib. “Çünki biz səsvermə hüququmuzdan məhrum edilmişik. Biz bu hakimlərə səs verməmişik. Biz onların kim olduğunu bilmirik. Zənnimcə, Avropa Şurası “üzərində oturduğu budağı” kəsdi. Onlar Azərbaycana qarşı ayrıseçkilik etdilər, bizi təcrid etməyə cəhd göstərdilər, lakin bununla özlərini Qafqazdan məhrum etdilər. Gürcülər də eyni addımı atdılar. Mən Gürcüstanın orada təmsil olunmasının dayandırılması ilə bağlı hökumətin qərarını tam dəstəkləyirəm. Çünki bu, növbəti ayrıseçkilik halı idi”, – dövlət başçısı bildirib.
Prezident İlham Əliyevin ADA Universitetində keçirilən “Yeni dünya nizamına doğru” forumundakı çıxışı bir neçə aspektdən həm yerli, həm də beynəlxalq ictimaiyyət üçün strateji əhəmiyyət daşıyır. Bu çıxış Azərbaycanın öz suverenliyini bərpa etməsi, regional güc mərkəzinə çevrilməsi, enerji və nəqliyyat layihələrində lider rolu, yaşıl enerjiyə keçid planları və Cənubi Qafqazda sülh gündəminin formalaşmasında aparıcı mövqe tutduğunu bir daha nümayiş etdirdi.
Bununla yanaşı, Prezidentin çağırışları dünyaya bir mesaj idi: yeni dünya düzəni artıq formalaşır və Azərbaycan bu düzənin fəal iştirakçısıdır. Geosiyasi yerləşməsi, iqtisadi sabitliyi, diplomatik balansı və strateji düşüncə ilə idarə olunan siyasi liderliyi sayəsində Azərbaycan gələcəkdə də regionun və dünyanın diqqət mərkəzində olacaq. Prezident Əliyevin qeyd etdiyi kimi, Azərbaycanın nəzərə alınmaması artıq mümkün deyil – çünki bu ölkə təkcə coğrafi deyil, siyasi və iqtisadi baxımdan da xəritənin mərkəzində dayanır.

Niyaməddin Əsgərov

Yeni Azərbaycan Partiyası
Beyləqan rayon təşkilatının sədr müavini.