Avropa Komissiyası Azərbaycanı etibarlı tərəfdaş adlandırıb
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 10-da yerli televiziya kanallarına müsahibə verib. Müsahibə zamanı cənab Prezident jurnalistlərin ona ünvanladığı suallara ətraflı və genuş şəkildə cavablandırıb. Azərbaycan enerji sahəsində üzərinə götürdüyü öhdəliklərə sadiqdir. Dövlət başçısı bildirib ki, təbii ki, artan tələbatı ödəmək üçün ilk növbədə resurslar olmalıdır və onlar var. Dövlət başçısı bu barədə demişdir: “Şahdəniz” qaz yatağı dünyanın ən böyük qaz-kondensat yatağıdır. Keçən il başlamışdır, amma bu il artıq 1,5 milyard kubmetr qaz “Abşeron” qaz yatağından çıxarılacaq. Bu, əlavə resursumuzdur. Ondan sonra, ümid edirəm ki, hər halda qarşıya belə vəzifə qoyulub, bu ilin sonuna – dekabr ayına qədər “Azəri-Çıraq-Günəşli” yatağında “Dərin qaz” adlandırılan layihə çərçivəsində də ilk qaz əldə olunacaq. Orada da potensial çox böyükdür. Bizim digər layihələrimiz və “Abşeron” qaz yatağının ikinci fazası – bu barədə də qərar qəbul edilməlidir, yəni investisiya qərarı. Bu qərar qəbul olunarsa, əminəm ki, olunacaq, “Abşeron”da illik hasilatın həcmi 5 milyard kubmetr təşkil edəcək. Yəni bu, çox əhəmiyyətli rəqəmdir. Ondan başqa, “Şəfəq”, “Asiman”, “Ümid”, “Babək”, “Naxçıvan”, “Qarabağ” – bütün bu yataqlarda bu gün hazırlığa doğru işlər gedir və onların da resurs bazası kifayət qədər böyükdür. Yəni mən vaxtilə deyəndə ki, 100 il bundan sonra da Azərbaycan tərəfdaşlar üçün önəmli tərəfdaş olacaq, bunu nəzərdə tuturdum və bu gün bu, reallaşır.
Prezident onu da qeyd etmişdir ki, “Cənub qaz dəhlizi” indi tam gücü ilə işləyir və əgər bu dəhlizlə əlavə qaz həcmini göndərmək istəsək, onda o, gərək genişləndirilsin: “Oraya, əlbəttə, əlavə vəsait qoyulmalıdır. Amma bu nasos stansiyaları vasitəsilə genişləndirilə bilər və tələbat da var. Prinsip etibarilə Azərbaycanda gələcəkdə yeni qaz infrastrukturunun yaradılması məsələsinə də baxıla bilər, bunu da biz nəzərdən keçiririk. Avropa Azərbaycanın bu sahədəki fəaliyyətini nəinki dəstəkləyir, hətta bir çox hallarda bizə müraciətlər də olmuşdur və bu müraciətlərə biz müsbət cavab vermişik”.
Bununla yanaşı, ölkəmizdə uğurla “yaşıl enerji” layihələri həyata keçirilir. Təsadüfi deyil ki, 2024-cü il Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili”dir. İşğaldan azad edilmiş ərazilərimiz – Qarabağ və Şərqi Zəngəzur, eləcə də Naxçıvan Muxtar Respublikası bu sahədəki potensialına görə xeyli vaxtdır.
Prezident İlham Əliyev tərəfindən “yaşıl enerji” zonaları elan edilib. Dünya Bankının bir qolu olan Beynəlxalq Maliyyə Korporasiyası Xəzər dənizindəki potensialımızın 157 min meqavat həcmində təsdiqləyib.
Keçən il oktyabrın 26-da 230 MVt gücündə “Qaradağ” Günəş-Elektrik Stansiyası artıq işə salındı. Bu, Xəzər regionunda və MDB məkanında ən böyük günəş-elektrik stansiyasıdır. Stansiyada hər il 500 milyon kilovatsaat elektrik enerjisi istehsal edilməklə 110 milyon kubmetr həcmində təbii qaza qənaət ediləcək. Eyni zamanda atmosferə atılan karbon emissiyası 200 min ton azaldılacaq. Hazırda Bakıda Səudiyyə Ərəbistanının “ACWA Power” şirkəti ilə “Xızı-Abşeron” Külək-Eletrik Stansiyasının tikintisi davam edir. Cəbrayılda bp şirkəti ilə 240 MVt gücündə “Şəfəq” Günəş-Elektrik Stansiyasının tikintisi nəzərdə tutulur. Bu və digər şirkətlərlə növbəti yeni layihələrin reallaşması üçün bir sıra sənədlər imzalanıb, danışıqlar gedir.
Ölkəmizin həyata keçirilən bütün layihələrdə son dərəcə şəffaf şəkildə öhdəliklərini yerinə yetirməsi, etibarlı tərəfdaş imicini qoruması yeni əməkdaşlıq üçün geniş zəmin yaratmaqda davam edir. Qlobal müstəvidə Azərbaycanla siyasi, iqtisadi əlaqələr partnyorlar tərəfindən məmnunluq xarakteri alır. 2022-ci ilin iyul ayının 18-də Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayenin ölkəmizə səfəri və Prezident İlham Əliyevlə Azərbaycan Respublikası ilə Avropa Komissiyası tərəfindən təmsil olunan Avropa İttifaqı arasında enerji sahəsində strateji tərəfdaşlığa dair Anlaşma Memorandumu imzalanması qeyd olunanların sübutu kimi təsdiqini tapır.
Dövlətimizin başçısı İlham Əliyev hazırda dünya liderləri arasında elə bir nüfuza və yüksək mövqeyə sahibdir ki, bu, Azərbaycan Respublikasının gücünə daha da güc qatır. Azərbaycan lideri dünya çapında öz inkişaf yolu ilə inamla irəliləyir. Bu baxımdan Bakıda Avropa İttifaqı ilə imzalanan saziş də bunun bariz ifadəsi, yüksəlişə doğru atılan inamlı bir addımdır. Yeri gəlmişkən, imzalanan Anlaşma Memorandumu ilə Azərbaycandan Avropa İttifaqına təchiz edilən qazın həcmini ikiqat artırmaq üçün bir neçə il ərzində Cənub Qaz Dəhlizinin ötürücülük imkanının 20 milyard kubmetrə çatdırılacağı ilə bağlı tərəflərin üzərlərinə öhdəliklər götürməsi də mövcud əməkdaşlığın yeni inkişaf səviyyəsinə yüksəlməsindən xəbər verir.
Niyaməddin Əsgərov
Yeni Azərbaycan Partiyası
Beyləqan rayon təşkilatının sədr müavini.