Aşıq Yaşar Gülümcanov: “Həyatdakı bütün nailiyyətlərimə görə anama borcluyam” -FOTOLAR
Aşıq Gülümcanov Yaşar Rahat oğlu 1975 -ci il fevral ayının 17-də Qazax rayonun Çaylı kəndində anadan olub. Uşaqlıqdan musiqiyə həvəsi olan aşıq bu istedadın ona anası Zərnigar xanımdan keçdiyini söyləyir: “Anamdan 30-40 mahnı öyrənmişəm. O, mənim həyatdakı ilk ilham pərim olub. Həyatdakı bütün nailiyyətlərimə görə anama borcluyam. Saz çalmağı isə qonşumuz Tahir Rüsyəmov öyrənmişəm.Sazda ilk dəfə “Naxçıvani” havasını çatmışam”.
Ali məktəbə qəbul ola bilməyən Yaşar hərbi xidmətə gedir. Hərbi xidmətdən qayıdandan sonra yavaş-yavaş el məclislərinə, şənliklərə gedir. Beləliklə öz işinin ustasına çevrilir.
Bir gün el məclislərinin birində saz çalarkən orda qonaq olan şair Qulu onun ifasını bəyənir və onu özünə şəyird götürür.
2001-ci ildən aşıq sənətində professional olaraq fəaliyyət göstərir. Şair Qulunun oğlu aşıq Məhəmmədəli ilə birlikdə el şənliklərində, böyük rəsmi tədbirlərdə, rayonun ictimai tədbirlərində iştirak edən aşıq Yaşar insanların sevimlisinə çevrilir. 2002-ci ildə müsabiqələrdə iştirak edirəli və yer tutaraq diplomla təltif olunur. Bir çox Televiziya kanallarına dəvət olunur. 2003-cü ildə Əlibayramlı şəhərində keçirilən milli alətlər üzrə müsabiqənin 1-ci dərəcəli laureatı olan aşıq Yaşar Gülümcanov qızıl diploma layiq görülür. Respublika Sarayında Aşıq Ələsgərin yubileyində və digər tədbirlərdə çıxış edir. Hazırda da rayonun bütün mədən-ictimai tədbirlərində fəal iştirak edir.
“Aşıq sənətində belə püxtələşməyimin əsas səbəbi tanınmış aşıqların ifalarını dinləməkdir” deyən aşıq Yaşar “Dünya Aşıq festivalın”da iştirak edir və layiqli iştirakına görə ona Aşıq Xudu ocağından saz hədiyyə edilir.
Gözəl saz ustadı olan aşıq Yaşar Gülümcanov onu sevən dinləyicilərini hərdən yazdığı şeirləri ilə də təəccübləndirir. Onun bir neçə şeirini oxucularımıza təqdim edirik.
SEVGİ
Sevgi zamansızdı, zamanı olmur.
Qapısı açıqdır açarı olmur.
O,açan çiçəkdir, heç zaman solmur.
Sevgi göydən gəlir, Allahdan gəlir.
Bu sevgi yordusa dilə gəl danış,
Vicdanı sorğu et, qəlbinlə barış.
Bu nə oyun deyil, nədə ki, yarış,
Sevgi göydən gəlir Allahdan gəlir.
Kimə bənzətmisən, məni özün bil,
Qəlbimlə bağlıdı danışdığım dil.
Gözlə yer üzündə gözlə neçə il,
Sevgi göydən gəlir, Allahdan gəlir.
Kimki yer üzündə sevgi axtarır,
Onu bil varlığı, qəlbi saxtadı.
Sevgi axtaranlar, sevgi haqdadı,
Sevgi göydən gəlir,Allahdan gəlir.
Sevginin nə rəngi, nə dadı vardır,
Nə qohum yoldaşı,nə yadı vardır.
Bax onun bir adı ünvanı vardır,
Sevgi goydən gəlir, Allahdan gəlir.
Mən sevgi deyirəm sənsə dinmirsən,
Baxıb əhvalıma, bəlkə gülürsən.
Sən özün hamıdan yaxşı bilirsən
Sevgi göydən gəlir, Allahdan gəlir.
SAZ HAVASI VAR.
Həsrətdən qəlbimə soyuqlar düşüb
Sənsiz bu dünyada buz havası var.
Sən gəlsən hər yerdə,quşlar ötüşər
Bax,onda deyərəm, yaz havası var.
Sənə çatmaq üçün uzaqdı yolum
Gəl qoyma həsrətdən saralım,solum.
Oturaq diz-dizə qurbanın olum
Bir oğrun baxışın, göz havası var.
Sən mənim sinəmdə döyünən ürək
Bax sənsiz bu dünya nəyimə gərək.
Bir yerdə oturaq,danışaq,gülək
Dillənsin könlümdə, saz havası var.
Pressaz.az