Asif Cəfərli: “AZƏRBAYCAN ƏSGƏRİ” – FOTO VİDEO
AZƏRBAYCAN ƏSGƏRİ!
Qarabağın torpağı olub qarğa ormanı,
Şəhid qanı tökülən yer, indi hava limanı,
Düşmən üçün göz oymağın, deyən çatıb zamanı,
Sən yenilməz türk oğlusan, sən bir cahan əsgəri!
Ayaqda ol, möhkəm dayan, Azərbaycan əsgəri!
Tarixlərdə izi qalan, sən igid bir ad almısan,
Göy Türkümə, Ağ Huna, Oğuzuma dad olmusan.
Tarix boyu sən şərlərə, yalanlara yad olmusan,
Sən bir haqsan, bir həqiqət, sən bir divan əsgəri!
Ayaqda ol, möhkəm dayan, Azərbaycan əsgəri!
Xalqın vuran ürəyisən, sən xalqımın gözüsən,
Ata, ana, bacıların, sevənlərin sözüsən.
Haqq sözünlə, sən həmişə, elə haqqın özüsən.
Mərhəmətli doğulmusan, sən bir vicdan əsgəri!
Ayaqda ol, möhkəm dayan, Azərbaycan əsgəri!
Yazılıbdır şərəf, qeyrət, doğulandan adında,
Üzüqara çıxmamısan xalqımızın yanında.
Gözün yoxdur bir kimsənin torpağında, malında.
Sən bir torpaq, sən bir səma, sən bir zaman əsgəri!
Ayaqda ol, möhkəm dayan, Azərbaycan əsgəri!
Səni xalqla görünməz məhəbbət, tel bağlayıb,
Doğma yurdun Qarabağa, sevdiyin el bağlayıb,
Dövlətim də, millətim də, sizlərə bel bağlayıb,
Yaralara məlhəm olan, sən bir loğman əsgəri!
Ayaqda ol, möhkəm dayan, Azərbaycan əsgəri!
https://youtu.be/lqfbCYiBKQI
Pressaz.az