Asif Əsədullazadə: “ELLƏR APARDI”… – FOTO

             ELLƏR APARDI

Sevgilim! Soruşma xoşbəxtlik hanı,
Bizim xoşbəxtliyi illər apardı.
Hər gün üzümüzə qibtə eyləyən,
Arxamızca deyən dillər apardı.

Soldu açmamışdan qəlbimdə çiçək,
Qurudum kökündən qopmuş ağactək.
Bütün ümidimi arzularımtək,
Hər tərəfdən əsən yellər apardı.

Söndü baharımın inam çırağı,
Məhv oldu ömrümün ən gözəl çağı.
Min bir əzab ilə saldığım bağı,
Dibindən yuyaraq sellər apardı.

Qoruya bilmədim təmtərağımı,
Dərd-qəm neştər kimi deşir bağrımı.
Heyf, gəncliyimi, cavanlığımı,
Zindanda ağaran tellər apardı.

Sən oldun hey mənə təskinlik verən,
Mənimlə ağlayan, mənimlə gülən.
Dünyaya nifrəti qəlbimdən bəzən,
Mənə göndərdiyin güllər apardı.

Səninlə bölərdim dərdimi hər an,
Sənsiz dərdlərimə tapılmaz dərman.
Əgər desələr ki, ölmüşəm inan,
İnan ki, Asifi ellər apardı.

 

 

Pressaz.az