Aprel döyüşlərindən üç il ötür – VİDEO

2016- cı il aprelin 1-dən 2-nə keçən gecə düşmən cəbhə boyu zonada təxribat törədərək mövqelərimizi və yaşayış məntəqələrini atəşə tutdu. Erməni təxribatlarının qarşısının alınması zamanı yaranan bu müharibə Dağlıq Qarabağda 1994-cü ildə atəşkəs haqqında saziş imzalandıqdan bəri baş verən ən şiddətli döyüşlər idi.
Pressaz.az xezerxeber.az-a istinadən bildirir ki, döyüşlər Azərbaycan Ordusunun qələbəsi ilə nəticələndi. Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər, Cəbrayıl rayonunun Lələtəpə yüksəkliyi və Cocuq Mərcanlı, Goranboy rayonunun Gülüstan kəndi və Tərtər rayonunun Madagiz kəndi istiqamətində bəzi mövqelər düşməndən azad olundu. Ümumilikdə, 2 min hektardan artıq ərazi geri alındı. Bununla da cinayətkar erməni rəhbərlərinin keçilməz erməni səngərləri haqqında mifi alt-üst edildi.
Erməni silahlı qüvvələri bu döyüşlərdə böyük itkilərə məruz qaldı. 320-dən artıq düşmən məhv edildi və 500-dən artıq erməni hərbi qulluqçusu yaralandı. Qarşı tərəfin 30-dək tankı və digər zirehli texnikası, 25-dən artıq artilleriya qurğusu sıradan çıxarıldı, Madagiz yaşayış məntəqəsində yerləşən qərargahı və əsas hərbi hissələri məhv edildi. Ağdərə-Madagiz, Cəbrayıl istiqamətindəki yolların nəzarətdə saxlanılması imkanı əldə edildi.
Qaxın Şotavar kənd sakini olan Ayaz Cumayev də həmin döyüşlərdə xüsusi şücaəti ilə seçilən hərbçilərdəndir. Ayaz Cumayev göstərdiyi qəhrəmanlıqlarına görə “Şücaətə görə” medalı ilə təltif edilib. O qeyd edir ki, bu döyüşlər ordudakı ruh yüksəkliyini daha da artırıb.
Ayaz Cumayev deyir ki, özü və digər hərbçi yoldaşları hər an döyüşə hazırdır və torpaqların işğaldan azad edilməsi üçün Ali Baş Komandanın əmrini gözləyirlər.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: