AFAQ ALLAHVERDİYEVA: Müəllimlik-vətənpərvərlik peşəsidir!

“Mənə bir hərf öyrədənin köləsi olaram”.

Həzrət Əli (ə)

 «Mənə bir hərf öyrədənin köləsi olaram». Bu sözlər Islam dünyasının parlaq simalarından olan Həzrəti Əliyə məxsusdur. Din, əqidə, məslək uğrunda uca şəhidlik zirvəsinə yüksələn Həzrəti Əlinin öyrədənin – müəllimin əməyini belə yüksək dəyərləndirməsinin səbəbini anlamaq üçün ilk növbədə müəllimlik peşəsinin mahiyyətinə nəzər salmaq gərəkdir.

Dünyada gözəl, nəcib peşələr çoxdur. Həkim insanların sağlamlığının keşiyində dayanır, xəstələrə şəfa verir. Mühəndis fabrik və zavodları işlədir, hündür binalar ucaldır, yollar çəkir, körpülər salır. Kosmonavt fəzanı fəth edir, müxtəlif planetlərin sirlərini öyrənir…
        Fəqət bütün peşələrin fövqündə dayanan müqəddəs bir peşə də var. Bu, müəllimlikdir. Həkim də, mühəndis də, kosmonavt da seçdikləri sənətin sirlərini məhz müəllimdən öyrənirlər. Müəllim elm, bilik xəzinəsinin qapısını insanların üzünə açan bir varlıqdır.

        Müəllimlik çox şərəfli peşədir – vəzifədir, şərəfli olduğu qədər də mürəkkəb, məsuliyyətli vəzifədir. Alimin də, professorun da, həkimin də və s. əlindən tutub ilk kəlməni yazdıran şəxs – müəllimlərdir. Müəllim ikinci valideyn rolunu oynayır. Müəllimlərin insan həyatında rolu əvəzssizdir. Bizim dünyagörüşümüzü açan şəxs müəllimdir. Biz insanları düzgün yola çəkən, dövlətə yararlı şəxs edən müəllimlərdir. Onların bizim həyatımızda olan rolunu heç vaxt unutmaq olmaz. Əminəm ki, sizlər də bizim kimi onlara minnətdarsız.Bu gun Yasamal rayonu 53 Nömrəli Tam Orta Məktəbin ibtidai sinif müəllimi, gözəl pedaqoq Afaq xanım Allahverdiyeva ilə səmimi söhbətimiz oldu. O, qəlbən çox mülayim, həyatsevər, mehriban, nəzakətli, nəvazişli, istiqanlı bir insandır. Şagirdlərinə doğma övladı kimi baxır. Hər birinin uğuruna ürəkdən sevinir. Afaq müəllimə dərs zamanı çox tələbkardır. Heç kimə güzəştə getməz. Çalışar bütün  şagirdlər dərsdən bəhrələnsin, nə isə götürsün. Şagirdi dərsə həvəsləndirir. Yetər ki, onlar nəyisə mənimsəsinlər, öyrənsinlər.  

Afaq xanım Allahverdiyevanın Pressaz.az saytı ilə olan müsahibəsini sizlərə təqdim edirik:

-Salam,  Afaq müəllimə. İlk öncə Sizi 5 oktyabr müəllimlər günü münasibətilə təbrik edirəm.

-Salam, təşəkkür edirəm.

-Qazandığınız uğurlardan , savadlı, təcrübəli pedaqoq olduğunuz hamıya məlumdur. Lakin hər bir insanın görünməyən, başqalarına məlum olmayan tərəfləri olduğu kimi, sizin də keçdiyiniz ömür yolunda müəyyən məqamları işıqlandırmaq ücün verəcəyim suallara səmimi olmağınızı xahiş edirəm. Necə oldu ki, müəllimlik sənətini seçdiniz?

-Uşaq vaxtı hamı kimi mənim də ibtidai sinif müəllimim olub. Yəqin ki, haqq dünyasındadır.Allah rəhmət eləsin. Onun uşaqlar arasında fərq qoymaması, dərsləri ətraflı izah etməsi məndə bir fikir yaratdı ki, mən müəllim olmalıyam. Elə o vaxtdan qarşıma məqsəd qoydum ki, elə müəllim olmalıyam ki, uşaqlar hamısı məni sevsin. Nə dərəcədə nail olmuşam bilmirəm. Amma mən şagirdlərimi çox sevirəm…

– Neçə ildir müəllim kimi fəaliyyət göstərirsiniz?

-Artıq 38 ildir ki, müəllim işləyirəm. 18 yaşımdan işləyirəm. Pedaqoji texnikumu bitirib, ali məktəbə qəbul oldum. Amma uşaqlara, işimə olan sevgimə görə qiyabi təhsil aldım. Həmin vaxtdan bu günə qədər həmişə rəğbətləndirilmişəm.

-Təhsil müəssisələrində tədrisin keyfiyyətli aparılmasında müəllimin rolu boyukdur. Sizin məktəbinizdə necə, həmkarlarınızın işindən razısınızmı?

-Bəli, rəhbərlikdən də,  həmkarların işindən də razıyam. Necə deyərlər ” çörəyi ver çörəkçiyə”….

-Afaq muəllimə, bu illər ərzində neçə -neçə şagirdləri məzun kimi yola salmısınız. Onlardan sonradan sizinlə əlaqə saxlayanı varmı?

-Bu illər ərzində çox şagirdləri məzun kimi yola salmışam. Xaricdə təhsil alanlar da var. Hər dəfə tətilə gələndə görüşümə gəlirlər. Hətta toylarına dəvət edirlər.

-Sizə verəcəyim bu suala tam səmimi olmağınızı istəyirəm. Afaq muəllimə uşaq olan zaman necə bir qız olub? Uşaqlıq illəriniz necə keçib?

-Uşaqlıqda həssas; qayğıkeş, dəcəl bir qız olmuşam. Sinifdə sakitləri, fağırları müdafiə etmişəm.

-Bu gün müəllimlər günüdür. Həmkarlarınıza urək sözləriniz?

 – Müəllim yüksək əqidə, məslək sahibi, müəllim — Vətəndaş olmalıdır. O, xalqın, Vətənin problemləri ilə yaşamalı, gəncliyi də bu ruhda yetişdirməlidir. Müəllimlik-vətənpərvərlik peşəsidir. Məhz biz müəllimlər uşaqları, gəncləri vətənə məhəbbət ruhunda tərbiyə edir, onları vətənin müdafiəsinə hazırlayırıq. Bu  gün bizim üçün  iki qat bayramdır. Ali Baş Komandanımızın rəhbərliyi altında igid oğullarımız işğal altında olan torpaqlarımızı geri alır. Hər qələbə xəbərini eşitdikcə qürur hissi keçirirəm.  Cünki o igid oğulların arasında mənim də tələbələrim var. Hər bir azərbaycanlı kimi mənim də ən böyük arzum Qarabağımızın düşmən tapdağından azad olunması, Azərbaycan bayrağının Şuşada dalğalanmasıdır. İnşallah tezliklə o gün də gələr.

Müəllim sənəti çətin və  məsuliyyətli, eyni zamanda şərəfli işdir. Və bu gün 5 oktyabr  müəllimlər günüdür. Mən Müəllimlər Günü münasibəti ilə məktəbimizin direktoru Tünzalə xanım Zeynalovanı və onun simasında butun həmkarlarımı  təbrik edirəm. Bu şərəfli işdə onlara uğurlar diləyir, şəxsi həyatlarında sağlam və uzun omür arzu edirəm.

Könül Səssiz – Pressaz.az