“Abşeron” qaz-kondensat yatağından ilkin qazın çıxarılması əhəmiyyətli hadisədir.
Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında bu gün Azərbaycan dünya miqyasında sabit və dayanıqlı iqtisadiyyatı, eləcə də böyük maliyyə resursları olan, mühüm geosiyasi və geoiqtisadi mövqe tutan, qlobal enerji təhlükəsizliyinin təminatında strateji rol oynayan dövlətə çevrilmişdir. Azərbaycan beynəlxalq və regional əməkdaşlığa sanballı töhfələr verir, ölkəmizin təşəbbüsü və iştirakı ilə qlobal layihələr uğurla icra edilir. Artan iqtisadi güc və beynəlxalq nüfuz Azərbaycana Cənubi Qafqazın və ətraf regionların iqtisadiyyatlarının mənzərəsini dəyişdirməyə qadir olan iri layihələrin təşəbbüskarı kimi çıxış etmək imkanı yaratmışdır.
İyulun 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə 2023-cü ilin altı ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə inkişafın müxtəlif aspektlərinə toxunulmuşdur. Ölkə başçısı son altı ayda iqtisadi həyatada baş verən mühüm dəyişiklikləri təhlil edərək, gələcək strateji hədəflərin istiqamətini göstərmişdir.
“Bu günlərdə “Abşeron” qaz-kondensat yatağından ilkin qazın çıxarılması doğrudan da çox əhəmiyyətli hadisədir. Çünki bu günə qədər bizim ixracla bağlı əsas qaz resursumuz “Şahdəniz” qaz-kondensat yatağı idi”.
Dövlət başçısı deyib ki, bu, doğrudan da çox əhəmiyyətli hadisədir: “Çünki bu günə qədər bizim ixracla bağlı əsas qaz resursumuz “Şahdəniz” qaz-kondensat yatağı idi. Bu gün bizim artıq iki böyük qaz-kondensat yatağımız var. “Abşeron” qaz yatağı ilə bağlı bizim ümidlərimiz böyük idi. Bilirdik ki, “Abşeron” qaz-kondensat yatağı böyük ehtiyatları özündə ehtiva edir. Bir neçə gün bundan əvvəl mənə məlumat verildi ki, ilkin qaz hasil edildi, debitlər də çox yaxşıdır. Hətta bir quyudan “Şahdəniz” qaz yatağından da daha çox qaz və kondensat hasil edilir. Əlbəttə, “Şahdəniz” qaz yatağından “Abşeron” yatağı ehtiyat nöqteyi-nəzərindən daha kiçikdir, ilkin hesablamalara görə təqribən 300 milyard kubmetrdir. Amma mən tam əminəm ki, daha çox olacaq. İndidən demək, əlbəttə ki, düzgün deyil. Ona görə bu, bizim həm enerji təhlükəsizliyimizi daha yüksək səviyyədə təmin edəcək, həm də ixraca gedən qazın həcmi ildən-ilə artacaq – təkcə “Şahdəniz” yatağı hesabına deyil, o cümlədən “Abşeron” yatağı hesabına”.
Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən işlənib hazırlanmış və müasir Azərbaycanın gələcək inkişafını təmin edən neft-qaz strategiyası ölkəmizin siyasətində mühüm yer tutur. Azərbaycanın qaz sənayesi 170 illik tarixə malikdir və bu tarix neft tarixi ilə də sıx bağlıdır.1969-cu ildən başlayaraq Ulu Öndər Heydər Əliyevin başçılığı ilə bütün sahələrdə olduğu kimi neft və qaz sənayesinin inkişafında yeni mərhələ başladı.
Azərbaycanda qaz quruda və dənizdə hasil edilir. Uzun illər respublikamızda qaz quru sahələrdə hasil edilmişdirsə, hazırda bu nisbət kəskin olaraq dəniz yataqlarının xeyrinə dəyişmişdir.Yeni qaz yataqlarının kəşf edilməsi bu prosesi sürətləndirmişdir. ”Əsrin Müqaviləsi” çərçivəsində dənizdə hasil edilən qaz ölkənin daxili tələbatının ödənilməsində və xarici ölkərə satılmasında mühüm rol oynayır
Bu gün Azərbaycanın beynəlxalq nüfuzunun artması, regionda enerji-nəqliyyat qovşaqlarının yaradılmasında rolunun güclənməsi, qeyri-neft sektorunun rekord addımlarla irəliləməsi dünya enerji siyasətində rolunu artırır. Bütün bunlar bir daha təsdiqləyir ki, Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən hərtərəfli islahatlar konkret nəticələrə hesablanıb və yürüdülən sosial-iqtisadi siyasət Azərbaycan vətəndaşının rihafının daha da yaxşılaşdırılmasına yönəldilib.
Niyaməddin Əsgərov
Yeni Azərbaycan Partiyası
Beyləqan rayon təşkilatının məsləhətçisi