Mücirəddin Mübariz: “Sən ağla tarım məni”… FOTO + VİDEO

 

            SƏN AĞLA TARIM MƏNİ…

(Gənc tarzən Şəhid İsizadə Elvinin əziz xatirəsinə)

Bir gün toxunmayanda inciyərdi tellərin,
Hərdən getməzdik yola köklənməzdin sən qəti.
Qollarında Vətən var səni tutan əllərin,
Doğulmamış o körpə bəstələr əmanəti,
Ömür bir hava kimi saxladı yarım məni.
Sən ağla tarım məni…

Mərmi hirsini məndə soyutdu ayrı düşdük,
Muma döndü sinəmdə düşmənin hər gülləsi.
Din, ey tarım, astaca bəlkə bir də görüşdük,
Eşitmişəm o günü Şuşadan gəlmiş səsin.
Gözlərində qurutsa soyuq məzarım məni,
Sən ağla tarım məni…Barmağımda simlərin nəğmə dolu izi var,

Mizrabını könlümün yara qabığı bildim.
Yerin elə gəlib ki,yanımdadır Xudayar-
“Xəndan görünür” deyir , yaman həvəsə gəldim.
Daha gül qoxuyuram açmaz baharım məni,
Sən ağla tarım məni…

Şəhid Elvin İsizadə haqqında;

Elvin İsizadə 2001-ci ildə sentyabrın 4-də Ağdam rayonunun Qaradağlı kəndində dünyaya göz açıb. 2007-ci ildə Ayaz Abbasov adına Qaradağlı kənd orta məktəbində təhsil almaqla yanaşı Qaradağlı kənd Musiqi məktəbində tar musiqi aləti üzrə də təhsil almışdır. 2018-ci ildə kollecə qəbul oldu. 2019-cu ildə isə könüllü olaraq hərbi xidmətə gedib. 

2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi zamanı FüzuliCəbrayılQubadlı və Xocavənd istiqamətində gedən döyüşlərdə iştirak edib. Oktyabrın 26-da Füzuli istiqamətində gedən döyüşlərdə şəhid oldu.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elvin İsizadə ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edildi.

Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Elvin İsizadə ölümündən sonra “Xocavəndin azad olunmasına görə” medalı ilə təltif edildi.

 

Mücirəddin Mübariz – pressaz.az