Beyləqanda Şəhid, Baş leytenant Quliyev Əvdil Qardaşxan oğlunun doğum günü ilə bağlı tədbir keçirilib – FOTO
31 iyul 2021- cı il tarixində Şəhid, Baş leytenant Quliyev Əvdil Qardaşxan oğlunun doğum günü münasibətilə tədbir keçirilib.
Tədbir, şəhidin doğulduğu Beyləqan rayon Təzəkənd kəndində, kənd qəbiristanlığında Qarabağ Müharibəsi şəhidləri üçün yaradılan Şəhidlər Xiyabanı kompleksində baş tutub.
6 noyabr 2020- ci il tarixində 2- ci Qarabağ Vətən Müharibəsində qəhrəmancasına şəhid olmuş baş leytenant Əvdil Quliyevin məzarı önündə keçirilən tədbirə Təzəkənd kənd icra nümayəndəliyi, Azərbaycan Yazıçılar Birliyinin Beyləqan Bölməsinin nümayəndələri, Yeni İctimaiyyətə Nəzarət Təşkilatının nümayəndələri, Azərbaycan Jurnalistlər Birliyinin Regional Bölməsinin sədri Amil Qabiloğlu, Təzəkənd kənd tam orta məktəbin müəllimləri, Şəhidin həyat yoldaşı, ailə üzvləri və yaxınları, şəhid ailələri, Mətbuat nümayəndələri, televiziya əməkdaşları, Təzəkənd kənd bələdiyyə nümayəndələri, kənd ağsaqqalları və sakinləri iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə şəhid Əvdil Quliyevin qəbirüstü abidəsi önünə əklillər və gül-çiçək dəstələri düzərək xatirəsini 1 dəqiqəlik sükutla yad ediblər.
Sonra Təzəkənd kənd qəbiristanlığının axundu şəhidin ruhuna Quran oxuyub. Şəhidin yaxın qohumu Həsən Mustafayev çıxışında tədbir iştirakçılarına geniş məruzə edərək qeyd etdi ki, Quliyev Əvdil Qardaşxan oğlu 31 iyul 1972- ci ildə Beyləqan rayon Təzəkənd kəndində anadan olub. 1990- cı ildə Təzəkənd kənd tam orta məktəbini bitirdikdən sonra Azərbaycan Kənd Təsərrüfatı İnstitutuna daxil olub, burada institutun hərbi kafedrasını bitirərək leytenant rütbəsini alıb.
1996- cı ildə həqiqi hərbi xidmətə çağırılan Ə. Quliyev Tovuzda yerləşən ” N” saylı hərbi hissədə motoatıcı tağım komandiri kimi hərbi xidmətə başlayır.
Ə. Quliyev 2000- ci ildə baş leytenant rütbəsi ilə hərbi xidməti başa vurub.
2018- ci ildən Ə. Məmmədov adına Təzəkənd kənd tam orta məktəbində “Gənclərin Çağırışa Hərbi Hazırlığı” fənninin tədrisi metodikası üzrə müəllim işləyib.
2020- ci ilin iyul ayında Tovuz rayonunda baş verən hadisələrdən sonra orduya yazılmaq üçün könüllü olaraq müraciət edib.
27 sentyabr 2020- ci il tarixində Vətən Müharibəsi başladıqdan sonra oktyabrın 1- də SHXÇDX- i tərəfindən hərbi xidmətə çağırılıb. Füzuli, Cəbrayıl, Qubadlı, Hadrut və Şuşa istiqamətlərində gedən döyüşlərdə vətənpərvər zabit kimi fəal iştirak edib.
6 noyabr 2020- ci il tarixində Şuşukənd istiqamətində gedən döyüşlərdə yaralı zabit yoldaşına kömək edərkən düşmən mövqelərindən açılan snayper atəşi ilə qəhrəmancasına şəhid olub. 8 noyabr 2020- ci ildə Təzəkənd kənd Şəhidlər Xiyabanında yaxınları tərəfindən dəfn olunub.
Əvdil Qardaşxan oğlu Quliyev ölümündən sonra Azərbaycan Respublikasının Ali Baş Komandanı İlham Əliyev tərəfindən verilən fərmana əsasən “Vətən uğrunda”, ” Şuşanın işğaldan azad olunmasına görə”, “İgidliyə görə”, medalları ilə təltif olunub.
Tədbirdə çıxış edən Azərbaycan Yazıçılar Birliyinin Beyləqan Bölməsinin sədri Fazil Əsəd şəhid Ə. Quliyevin rəşadətli döyüş yolunun gənclərimizə örnək olduğunu vurğuladı. Şəhidlərə həsr etdiyi şeiri söylədi.
Çıxışçılardan Yeni İctimai Nəzərət Təşkilatının rəhbəri Asif Quliyev, Təzəkənd kənd tam orta məktəbin müəllimlərindən Tapdıq Qasımov, Lalə Hüseynova, Minarə Bayramova, şəhidin həyat yolundan, vətənpərvər zabitin rəşadətindən söhbət açdılar.
Sonda Şəhid Əvdil Quliyevin həyat yoldaşı Səbinə müəllim bu tədbirin təşkilatçılarına, tədbir iştirakçılarına və Təzəkənd kənd Şəhidlər Xiyabanının abadlaşdırılmasnda yaxından köməklik göstərmiş bütün insanlara təşəkkürünü bildirdi.
Rövşən Budaq -Pressaz.az