Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində Milli Mətbuat Günü qeyd edilib

Şəhid jurnalistlər İbrahimov Məhərrəm Əli oğlu və Abışov Sirac Abış oğlu “Hərbi vətənpərvərlik tərbiyəsində xidmətlərə görə” medalı ilə təltif olunublar


Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində (SHXÇDX) Milli Mətbuat Günü ilə əlaqədar media orqanlarının əməkdaşlarının, həmçinin Vətən müharibəsində səfərbərlik çağırışı ilə ordu sıralarına çağırılmış jurnalistlərin iştirakı ilə tədbir keçirilib.
SHXÇDX-dən AZƏRTAC-a bildiriblər ki, tədbirdə çıxış edən Xidmət rəisinin birinci müavini general-mayor Zaur Abdullayev media nümayəndələrini təbrik edərək milli mətbuatın keçdiyi inkişaf mərhələlərindən danışıb. Qırx dörd günlük Vətən müharibəsində Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Silahlı Qüvvələrimizin ölkənin ərazi bütövlüyünün təmin olunması uğrunda döyüşlərdə qəhrəmanlıq nümayiş etdirərək işğal altındakı torpaqlarımızı azad etməsinin hərb tariximizin şanlı səhifəsi olduğunu vurğulayıb. Hərbi əməliyyatlar zamanı media nümayəndələrinin döyüş bölgələrindən reportajlar hazırlamalarının, beynəlxalq aləmə erməni terrorizminin mahiyyətini çatdırmalarının informasiya savaşında ölkəmizin mövqelərinin güclənməsinə töhfə verdiyi diqqətə çatdırılıb.
Z.Abdullayev Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə mətbuat orqanları arasında daimi əməkdaşlıq münasibətlərinin formalaşdığını və uğurla davam etdiyini vurğulayaraq, mətbuat nümayəndələrinə müstəqil Azərbaycanımızın inkişafı naminə şərəfli və çətin fəaliyyətlərində müvəffəqiyyətlər diləyib.
Media orqanlarının cəbhə bölgələrində çalışan əməkdaşları, Vətən müharibəsində döyüşçü kimi iştirak etmiş jurnalistlər, Xidmətlə yaxından əməkdaşlıq edən mətbuat nümayəndələri, hərbi blogerlər Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi general – polkovnik Arzu Rəhimovun müvafiq əmri ilə “Hərbi vətənpərvərliyin təbliğində xidmətlərinə görə” diplom, fəxri fərman və xatirə plaketləri ilə təltif ediliblər. Şəhid jurnalistlər İbrahimov Məhərrəm Əli oğlu və Abışov Sirac Abış oğlu “Hərbi vətənpərvərlik tərbiyəsində xidmətlərə görə” medalı ilə təltif olunublar.

Mənbə: AZERTAC