15 İyul – Demokratiya və Milli Birlik Günü qəhrəman türk xalqının Vətəninə və dövlətinə bağlılığının təcəssümüdür
Bu gün Türkiyədə 2016-cı il iyulun 15-dən 16-na keçən gecə legitim hakimiyyəti hərbi yolla ələ keçirmək cəhdinin beşinci ildönümüdür. Beş il əvvəl qəhrəman Türkiyə xalqı Prezident Rəcəb Tayyib Ərdoğanın ətrafında sıx birləşərək dövlət çevrilişi cəhdinin qarşısını aldı. Məhz bu qəhrəmanlıq nəticəsində Türkiyə dövləti təlatümlərdən və tənəzzüldən xilas oldu.
Bu qanlı hadisə ilə əlaqədar təsis edilən 15 İyul – Demokratiya və Milli Birlik Günü qəhrəman türk xalqının Vətəninə və dövlətinə bağlılığının təcəssümüdür. Həmin gün cəsur insanlar öz canlarını fəda edərək dövlətin devrilməsinə, ölkədə vətəndaş müharibəsinin başlamasına imkan vermədilər. Hərbi qiyamçılar xalqın gücü qarşısında acizliklə təslim oldular.
FETÖ terror təşkilatının törətdiyi dövlət çevrilişi cəhdi Türkiyə xalqının qan yaddaşında acı izlər buraxıb. Hərbi çevrilişə cəhd nəticəsində 251 nəfər şəhid olub, 2196 nəfər isə yaralanıb. Qədirbilən türk xalqı qəhrəman övladlarının xatirəsini həmişə əziz tutur. Uzun illər dövlət içində paralel hakimiyyət kimi mövcud olan FETÖ ünsürlərinin hazırda dövlət strukturlarından təmizlənməsi mühüm fəaliyyətdir. Baş verən proseslər FETÖ-ya ağır zərbə oldu. Ən əsası odur ki, bu terror təşkilatının mahiyyəti ifşa edildi.
Azərbaycan dövləti və xalqı hadisənin ilk anlarında dövlət çevrilişinə cəhdi böyük narahatlıqla qarşılamış, qəhrəman türk xalqına dəstəyini ifadə etmişdir.
Bu gün 15 İyul – Demokratiya və Milli Birlik Günü ilə əlaqədar Türkiyədə çoxsaylı tədbirlər keçiriləcək. Ankarada təşkil olunacaq mərasimlərdə ölkəmizi Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovun rəhbərliyi ilə deputatlar Asim Mollazadə, Nigar Arpadarai, Nəsib Məhəməliyev və Erkin Qədirlidən ibarət nümayəndə heyəti təmsil edəcək.
Mənbə: Azərtac