Beyləqanda “Qərib həkim bulağı”-nın açılış mərasimi olub – FOTO
İnsan həyatda çalışır ki, bəşəriyyətə xeyir verə bilsin.
O, insan yaddaşlarda qalır ki, elinə-obasına xeyir verməyi bacarır. Belə insanlar el üçün yol çəkir, körpü salır, bulaq tikir, su çəkir, insanların dərdlərinə şərik olur, onların sağlamlığının keşiyində dayanır və sair. Belə insanlar əhali tərəfindən həmişə həm sağlığında, həm də dünyadan köçəndən sonra da böyük ehtiramla yad edilirlər. Qərib həkim də belə insanlardandır.Ömrü boyu insanların sağlamlığı üçün çalışıb. Ömrünü insanların sağlamlığı yolunda şam kimi yanaraq əridib.
Sağlığında insanlara xeyir, fayda verdiyi kimi, ölümündən sonra da “Qərib həkim bulağı”nın istifadəyə verilməsi ilə də insanlara xeyir verir.
Beyləqan şəhər M.Ə.Rəsulzadə küçəsində uzun müddət Rayon Mərkzi Xəstəxanasında həkim işləmiş Qərib Məmmədovun xatirəsinə bulaq açılışı olmuşdu. Tədbirdə Beyləqan şəhər Ərazi İcra Nümayəndəsi Rəşad Quliyev, Beyləqan şəhər Bələdiyyəsinin sədri Novruz Quliyev, Beyləqan rayon Mərkəzi Xəstəxanasının həkimləri, rayon sakinləri,Qərib həkimin qızı Gülnar Məmmədova, qohumları, media işçiləri iştirak etmişdir.
Əvvəlcə həkim Qərib Məmmədovun xatirəsi bir dəqiqə sükutla yad edildi.
Bulağın açılış mərasimində tədbirin aparıcısı Beyləqan rayon İcra hakimiyyətinin məsul işçisi Tofiq Səfərov həkim Qərib Məmmədovun nəvəsi Mələk Məmmədovanı “Qərib həkim bulağı”nın üzərindəki ağ örtüyü götürmək üçün bulağın önünə dəvət etdi. Sonra bulağın önünə əklil və gül dəstələri düzdülər.
Beyləqan rayon Tarixdiyarşünaslıq Muzeyinin direktoru Mehriban İsgəndərova həkim Qərib Məmmədovun həyatından ətraflı danışdı.Xatirələrini tədbir iştirakçıları ilə bölüşdü.
Beyləqan şəhər Ərazi İcra Nümayəndəsi Rəşad Quliyev çıxış edərək Rəhbərlik adından bulağın açılışını dəyərləndirərək bildirdi ki, əvvəllər bura çox bərbad bir vəziyyətdə idi. İndi bu bulağın açılışı şəhərimizə bir gözəllik verməklə yanaşı yaxınlıqda yaşayan sakinlərimiz bu bulağın suyundan istifadə edəcək.
Beyləqan rayon Mərkəzi Xəstəxanasının baş həkimi Üzeyir İsgəndərov həmkarları adından belə bir nəcib işin görülməsini alqışladı. Qərib həkimin Beyləqan rayon Mərkəzi Xəstəxanasında işlədiyi illər ərzində əhalinin hörmətini, rəğbətini qazanmasından danışdı. Qeyd etdi ki, Qərib həkim təkcə rayonumuzun deyil, ölkəmizin ən tanınmış əsəb həkimlərindən olub.
Sonra Beyləqan ədəbi mühitinin tanınmış şairlərindən Əlixan Məmmədəliyev Qərib həkimə həsr etdiyi şeiri söylədi.Şair Elman İsrafiloğlu “Qərib həkim bulağı”-na həsr etdiyi şeiri oxudu.
“QƏRİB BULAĞI”…
Bir bulaqsan suyu sərin,
Alqış edər içənlərin,
Xatirəsisən ellərin,
“Qərib bulağı”…
Hey axarsan sərin-sərin,
Saf sirrin, hikmətin dərin.
Məlhəmisən könüllərin,
“Qərib bulağı”…
Su içən yolçuya baxar,
Hər kəsin könlün oxşayar,
Qərib , qərib qəlbə axar.
“Qərib bulağı”…
Hər açılan səhərlərdən,
Axarsan sən ürəklərdən.
Xatirəsən, sən Qəribdən,
“Qərib bulağı”…
Tədbirin sonunda Qərib həkimin qızı Gülnar Məmmədova, bacısı Tamilə Məmmədova çıxış edərək rayon rəhbərliyinə və bulağın tikintisində zəhməti olanlara, bütün beyləqanlılara Qərib həkimin xatirəsni əziz tutduqlarına görə minnətdarlıqlarını bildirdilər.
Şair-publisist Elman İsrafiloğlu -pressaz.az