Fazil Əsəd -Yeni şeirlər…
ÜRƏYİM
Baharda şimşəyəm – çaxıram elə,
Coşğun dağ çayıyam- axıram elə.
Ardınca yollara baxıram elə ,
Sən yoxsan, deməli, boşdu ürəyim.
Yolçusu olmuşuq uzun bir yolun,
Səninlə getdiyim yollar – sirr yolum !
Sən ürəyimdə ol -qoy mən də olum…
Sevgidən çırpınan quşdu ürəyim.
Canımda çoxalan ağrılar nədi?
Sevdiyim mələkdi,ruhum Kəbədi !…
İlahi,ürəyim -sevgi məbədi,
Sən varsan -sevginlə coşdu ürəyim.
Qoy hər şey dayansın, sükuta dalsın,
Aşiqlər həyatdan kamını alsın.
…Səninlə danışmaq bir yana qalsın,
Səninlə susmaq da xoşdu, ürəyim !..
GÖNDƏRİR
Etdiyin yaxşılıq heç yadda qalmır,
Dua istəyəndə qarğış göndərir.
Başına döndüyüm nəzərə almır,
Günəş istəyəndə yağış göndərir.
Sevirəm -sevgimdən naz istəyirəm ,
Çoxla işim yoxdu, az istəyirəm.
Bir güllü – çiçəkli yaz istəyirəm,
Başına döndüyüm qar – qış göndərir.
Olur ki, bilmirsən hara düşübsən?
Hansı cəhənnəmə, gora düşübsən?..
Amma ki, görəndə dara düşübsən,
“Şahmat taxtasıda” çıxış göndərir.
Fazil Əsəd -Pressaz.az