Hidayət yolunun nuru…. – FOTO

Rəhman və Rəhim olan Allahın adı ilə

(Hidayət yolunun nuru ilə SÖZ haqqında düşüncələrim)

İnsan fitrətən, yaradılışdan danışan nəfsə uyğun yaradılmışdır. Nitq söyləyə biləcək sözlərdən istifadə edərək ünsiyyət quracaq nəfs iki halda ola bilir. Birinci hal odur ki, mübahisə etməyən sadə halda olan nəfs, bu halda insan bilmədiklərini öyrənməyə meyillidir. “Bilməmək eyib deyil, bilməyib öyrənməmək eyibdir”. Nəfsin ikinci halı mürəkkəb hal sayılır. Bu hal insanın daxilində elə bir arxayınlıq yaradır ki, insan bilmir ki, bilmir. Və bildiklərinin hamısını haqq blir. O cür şəxs heç vaxt tam həqiqətin dərkinin axtarışında olmayacaq. Həzrəti İsa (ə): “Mən Allahın izni ilə ən ağır cüzəm xəstəliyini sağaldıram, ancaq mürəkkəb cəhlə düşmüş “ axmaqları ” sağaltmaqda acizəm.”
Göründüyü kimi insan mənəviyyatının ən faciəli halı–həm özü üçün, həm də cəmiyyət üçün şəxsin nəfsinin mürəkkəb cəhlə düşməsidir. Bu gün biz dünyamızın elə bir inkişaf mərhələsinə gəlib çatmışıq ki, bizim istəyimizdən asılı olmayaraq iyirmi dörd saat haqq və batil informasiya ilə dolu olan məlumatlar televizor, radio və internet vasitəsi ilə evimizə daxil ola bilir. Bizə vacibdir ki, həm özümüzü, həm də övladlarımızı mürəkkəb cəhl xəstəliyinə düşməmək üçün qoruya bilək. Fakt isə onu göstərir ki, biz bunun öhdəsindən gələ bilmirik. Valideyn övladdan… cəmiyyətin insanları bir-birindən “ayrılırlar”. Bu fərqliliklər onların danışdıqları sözlərdən bəlli olur. Həzrəti imam Əli (ə): “Kişi dilinin altında gizlənmişdir, danışsın onun necə adam olduğunu söyləyim.” Bizim hər birimiz insan mənəviyyatında bu xəstəliyin olduğuna inansaq və onu düzgün diaqnozunu tapsaq, müalicəsi sorağında ola bilərik…
Hər bir kəsin qəlbinin aynası olan sözə münasibət bildirmək istəyirəm. Bu səbəbdən Söz və sözün mahiyyəti haqda baxışlarımı yazmaq qərarına gəldim.
Allah verən paydı söz,
Haraydı,haydı söz.
Eşqimizi yaydı söz,
Saf insana taydı söz.
Tahir Hüseyn
Dörd sətirdə yerləşən tək-tək fərqli fikirləri ümumilikdə bir anlama gətirib bu yazıya münasibətimi bildirirəm:
“Allah verən paydı söz”. Bildiyimizə görə hər şeydən əvvəl söz yarandı. Allah (c.c) bir dəfə “Ol” sözünü işlətməklə külli kainat yarandı, bərqərar oldu. Sonra Allah (c.c) istəyi ilə Adəm (ə) və onun nəsli artaraq bu günə kimi gəlib çatdı. Bildiyimizə görə söz insanlar arasında ünsiyyət vasitəsidir. Bəs nə üçün elə olur ki, eyni dildə danışan insanlar sözlərdən istifadə etdikdə bir-birini anlamırlar?
Bu halda, yəni anlaşılmayan halda istifadə olunan sözlər ünsiyyət yaratmadığından söz öz mahiyyətini itirərək (o anda) adi səsə çevrilir. Bu məsələnin mahiyyəti bu gün sirr olaraq qalmamalı hər kəsə aydınlaşdırılmalıdr. Allah-Təalanın Adəm(ə) öyrətdiyi nə var idisə külli hamısı gələcəkdə onun nəslinin bir-birini tam anlamasına xidmət etməli idi . Bu səbəbdən Adəm(ə) –a öyrədilənlərin topası bir “SÖZDÜR”. Ən təmiz, ən saf olan bu “SÖZÜN” əsli Lövhi-Məhfuzda saxlanılır. Bu gün insanlar o “SÖZDƏN”-əsl sözdən bu və ya digər dərəcədə uzaq düşdüyünə görə bir-birini anlamırlar. İnsan sosial varlıqdır. Allah (c.c) istəklərinin ən üstün mahiyyəti insanların bir-birini tam anlamasıdır. Buradan analoji olaraq çıxır ki, sözün mənəvi aləmdə mərtəbələri var. Çünki, ilk öncə dünyaya gələn Adəm (ə) övladı əşyanın adlarını öyrənməyə səy edir. Uşaq gün ərzində , bu nədir,o nədir? – deyərək üç yüzə yaxın sual verir. Deməli, uşağın ilk öyrəndiyi sözlər maddi aləmə aid olub beyin yaddaşına “köçürülür”.
Onu da qeyd edim ki, ruhda maddi aləmin adlarının-ismlərinin anlamı olmasaydı və bir də ruhumuzda həqiqətə çatmaq fəzilətləri olmasaydı biz heç bir əşyanın adını öyrənə bilməzdik. Bu arada istərdim bəşər övladının yaradılışının məqsədini və bu məqsədə, hədəfə çatmağın yolunu göstərən sonuncu səmavi kitaba -“Qurani Kərimə” müraciət edəm:
-”və Allah Adəmə Onun (Allahın) bütün ismlərini (bu ismlərdəki hikməti) öyrətdi. Sonra onları mələklərə söyləyərək dedi ki, “sadiqlərdənsinizsə bunları isimləri ilə Mənə xəbər verin (söyləyin)” (“Quran” Bəqərə 31 )
-“Mələklər) “Sən paksan, müqəddəssən! (Bütün eyib və nöqsanlardan kənarsan!)”Sənin bizə öyrətdiklərindən başqa biz heç bir şey bilmirik. (Hər şeyi) bilən Sən, hikmət sahibi Sənsən”-dedilər. (“Quran” Bəqərə 32)
Göründüyü kimi ilk bəşər övladı Adəm(ə)-a Allah (c.c) bütün kainatın varlıq aləminin hikmətini və bizim üçün sirr olan hər nə var idisə öyrətdi. Öyrədilənlərin mahiyyətini üç qismə bölmək olar:
1) Maddi aləmə aid olan əşyaların ismləri, adları və anlamı (Anlam dedikdə o başa düşülməlidir ki, hər hansı bir əşyanın, ismin adını eşitdikdə öz təsəvvüründə onu canlandıra bilsin ).
2) Allah (c.c) bütöv elmi və onun anlamı . (Qüdsi hədislərdə Allah (c.c) elminin 73 bənd və ya 73 bölüm şəkildə olduğu bildirilir).
3) Allah (c.c) varlığının həqiqəti və anlamı (Onu bəsirət gözü ilə görmək).
Elə bu da bizim, yer kürəsindəki hər kəsin fitrət yaradılışıdır. Bu öyrənilənlərin bütünlüyü insanın danışığında, düşüncəsində, əməlində beyninə hakim olarsa o kəsin ağlı fitrət ağıl sayılır. Elmin ən yüksək mərtəbəsinə çatmış dahi alim Albert Eynşteynin belə bir kəlamını qeyd etmək istəyirəm.: “Dinsiz (Allahsız) elm axsaq at kimidir”. Dünya boyda alim olsa belə Allah (c.c) varlığının həqiqəti anlamı (Onu bəsirət gözü ilə görmək) olmasa kamil, əsil “SÖZ” sahibi ola bilməz. Deyilənlərə görə o şəxs ömrünün son illərini yalnız ibadətlə məşğul olmuşdur.
Aydın olur ki, təkcə maddi aləmin, elm aləminin deyil Allah-Təalanın Varlığının tamlığı ilə insan bütövləşərək, saflaşaraq öz yaradılış fitrətinə qayıdır.
Yalnız qaynağı, mənbəyi Allah-Təalanın öyrətdiyi “SÖZ” olan hər kəsin bütün danışıqları sözlər Allah (c.c) verən paydır. Bu gün də ilk bəşər övladı Adəm (ə)-a öyrədilənlər bütün anlamlar yəni əsl “SÖZ”, saf “Söz” Yer kürəsində dünyaya gələn hər bir insana ruh vasitəsi ilə sanki hazır gəlir. Bu Allah (c.c) verdiyi paydır. İki bəşər övladının tam ruhlarına uyğun ünsiyyəti zamanı danışdığı sözlər Allah (c.c) verdiyi paydır.
“Allah verən paydır söz” həqiqi anlamına gələrək aydınlaşır.
Yalnız, maddi aləmin anlamının, elm aləminin anlamının deyil Allah (c.c)-ın da varlığının anlamının tamlığında insanın danışdığı söz haqq sözdür. Danışdıqları isə Lövhü-Məhfuzda saxlanılan “SÖZƏ” uyğundur.O insan isə saf insan sayılır.
“Haraydı, haydı söz”.-fikrinə belə yanaşıram:
Yer kürəsində nə qədər insan varsa dünyaya gəlməmişdən qabaq ana bətnində dörd aylıq olanda ruh vasitəsi ilə ona Adəm (ə)-a öyrədilən nə varsa sanki, Allah (c.c) -dan pay kimi verilir. Bəs insan dünyaya gələndən sonra Allahdan verilən SÖZ payından niyə qəflətdə qalır? Allah (c.c) yaratdığı küllü kainatın dərki-sanki insanın içinə qoyduğu bir SÖZDÜR. Bunu izah etməyə çalışaq. Uşaq ana bətnində olanda onun nəfsi olmadığından bəşəriyyətin düşməni olan iblis və onun şeytan ordusu uşağa deyil ananın nəfsinə vəsvəsə verir və gələcək övlada təsir buraxr: Ana hamilə vaxtı iki canlı olduğundan həm özü, həm də gələcək övladı üçün lazım olan mikroelementlərin miqdarını tənzimləyə bilmir. Bu vaxt o qidanı harda olur olsun əldə etmək həvəsində olur (hətta xalq arasında o qadına deyirlər ki, filan qadın “yerikləyir”). O qidanın necə əldə edilməsi çox önəmlidir. Bir dəfə çox hörmətli bir əxlaq, mərifət aliminin az yaşlı oğlundan onun özünə şikayət edirlər. Gör uşaq nə edir? Polad məftil götürür, ucunu çox itiləyir, iynə kimi. Başlayır bulaqdan su gətirən qız-gəlinlərin su tuluqların deşib qaçmağa. Bu məsələni alimin qarşısını kəsib söyləyirlər. Alim evə gəlir arvadından soruşur:
-Bizim uşağımız belə naqis hərəkət edir. De,görüm sən hamilə dövründə buna oxşar bir hərəkət etməmisənmi?
Arvad bir az düşünəndən sonra belə söyləyir:
-Bir dəfə hamilə dövründə ürəyimə nar düşmüşdü. Qonşunun narının bir budağı bizim həyətə keçmişdi. Narı qırmaq istədim ancaq, qırmadım. Onu yumuşaldaraq iynə ilə deşib, suyunu stəkana töküb içdim. Görünür o hərəkətim uşağımıza bu cür xüsusiyyət buraxmışdır.
Dünyaya gələcək uşağın ana bətnində dörd aylıqdan başlayaraq gələcəkdə formalaşacaq mənəviyyatının, halının, xüsusiyyətinin qadının hamilə dövrünü necə keçirməsindən asılılığın bildirən çoxlu misallar çəkmək olar…
Çox böyük kəramət sahibi olan Rəcəbəli Xəyyad ömrünü dərziliklə başa vurmuşdur. Ancaq, çox böyük tanınmış islam alimləri onun yanına dərs almağa gəlmişlər. Bilirsiniz o dərs hansı dərsdir? O dərsin ümumisi bir SÖZDÜR- Allah (c.c) verən paydır. Bu SÖZÜ bilən Rəcəbəli Xəyyad kimi dərs deyə bilər.Bütün tanıyan, bilənlər üçün Rəcəbəlinin bu cür saf olması çox maraqlı idi. Bir gün alimlər bunun sirrini öyrənmək üçün anasını danışdırdılar. Anası:
-Bir gün Rəcəbəli bətnimdə olanda ürəyim kabab istədi. Yoldaşım kababçı idi. Günorta vaxtı evə kabab gətirib stolun üstünə qoydu. Mən üç dəfə yaxınlaşdım ki, yeyəm, qarnımdan sancı qopdu. O üzdən yeyə bilmədim. Yoldaşımdan soruşdum:
-Bu kababı hardan almısan? Mən o kababları yemədim, daha doğrusu yeyə bilmədim.
Yoldaşım dedi:
-Müdir bilmədi, gizlin gətirmişəm.
Sonra yoldaşım gedib öz halal pulu ilə mənə kabab aldı. Deməli, mən düşünürəm ki, Allah (c.c) qoymadı ki, mən hamilə dövrü haram tikə yeyəm. Bir də onu deyə bilərəm ki, Rəcəbəli dünyaya gələndə otuz ay ərzində hər dəfə süd verməzdən qabaq dəstamaz alardım. O şəxsin həyatın oxuyanda çox maraqlı anlarla qarşılaşırıq…
Aydınlaşır ki, uşaq ana bətnində olanda iblis və onun ordusu çalışır ki, ana vasitəsi ilə gələcək uşağın saflığın itirsin və bu yolla Allah verən SÖZDƏN uzaq düşsün. Bu arada çox maraqlı bir hədisin izahı ortaya çıxır. “Cənnət anaların ayağının altındadır”. Əlbəttə, bu Allah (c.c) verdiyi qiymətdir.Cənnət mükafatı insana elə-belə verilmir. O anaya verilir ki, ana bətnində olan uşağın dörd aylığından başlayaraq əsasən süd vermə dövrünün sonuna kimi və sonralar da uşağın saflığının itməməsi üçün fədakarlıq etsin. Bu dövrdə qadının hər bir əməli, hətta düşüncəsi də önəmlidir. Bir şəxs həzrəti Əli (ə) dən soruşur:
-Yer üzündə cənnətin nişanəsin mənə göstərsən sənin dininə gələrəm.
Həzrəti Əli (ə) fikirləşmədən dedi:
-Ana bətni.
Bildiyimizə görə uşaq dünyaya gələndə bədəninə düzgün ölçü-biçidə nəfs daxil olur. Uşaq ilk yaranan şəhvət sonra qəzəb qüvvələri hesabına inkişafa başlayır. İnsanın anatomik bədəni elə yaradılıb ki, baş beyin vasitəsi ilə maddi aləmdən gələn siqnalları mərkəzə qaçan neyronlar vasitəsi ilə baş beyinə ötürülür… Uşaq acanda ağlayır, bir yeri ağrıyanda ağlayır, onlara qarşı tədbir görüləndə sakitləşir…
Sonra beyin inkişaf etdikcə uşaqda hiylə-tədbir qüvvəsi hesabına ağıl (uşağa uyğun) əmələ gəlir. Bu minvalla hamımıza məlum olan proses gedərək uşaq böyüyür. Bəşər övladı üçün ən önəmli dövr ana bətnində uşaq dörd aylıq olanda ruhun daxil olduğu andan başlayaraq uşaq dünyaya gəldikdən sonra beynin tam formalaşdığı ana kimi olan dövrdür. Bu dövrdə qazanılan və itirilən nə varsa insanın gələcəyi üçün önəmlidir. Çünki, bu dövr ərzində ana bətnində dörd aylıqdan başlayıb beyin tam formalaşdığı dövrə kimi uşaq öz saflığını itirərək qazandığı ağıl onu fitrət ağlından, yaradılış ağlından çox uzaq sala bilir. Bu aşağıdakı səbəbdən baş verir.
-Dünyaya gələn insanın özündən altı nəsl qabaq nənə və babaların fitrətdən, yaradılışdan hansı dərəcədə uzaq düşməsi hesabına (Gen vasitəsi ilə ötürülən naqislik)
-Uşağın inkişafı dövrü Adəm (ə) babamızın və onun nəslinin düşməni olan şeytan nəslinin vəsvəsə və təlqini ilə yaxşını pis, pisi yaxşı göstərərək insanı azdırması hesabına (Allah (c.c) öyrətdiyi həqiqətləri unutdurmaq.).
İblis dedi:
“Sənin izzətinə, qüdrətinə and olsun ki, onların (Adəm övladlarının) hamısını (haqq yoldan) azdıracağam”. ( “Quran” Sad 82)
-Dünyaya gələn uşağın öz nəfsi hesabına (nəfsin meyilliklərinə əsasən) bu üç faktordan asılı olaraq qızlar doqquz, oğlanlar isə on beş yaş dövründə özünə məxsus yaddaşa malik olan baş beyin funksiyasının tam formalaşdığı andan etibarən hər kəsin özünə məxsus daxili aləmi formalaşaraq o şəxsin mənəviyyatını yaradır. Bu məqamda Adəm (ə) övladının bildikləri Allah (c.c) öyrətdiyi bilgidən çox fərqli ola bilir. Belə ki, nəfsin əmrində olan ruh hər kəsin dünyada formalaşdırdığı beynin təsiri altında olduğundan ilk yaradılış ağlından, Allah (c.c) öyrətdiyi elmdən, Allah (c.c) verən SÖZLƏRDƏN fərqli düşünür və danışır. Hətta bəzi “alimlər” yanlış olaraq insan ruhunu beynin məhsulu kimi izah etməyə çalışırlar. Halbuki, ruh hər birimizdə əmanət olub Allah (c.c) Zatındandır. Bir şeyi ki, hər nə varsa Allah (c.c) öyrədib ki, hər birimiz ona uyğun düşünək, davranaq söz deyək, ümumilikdə anlaşaq. Ondan uzaq düşməyimiz faciədir, hətta bədbəxtlikdir. Bu səbəbdən Rəhman, Rəhim olan Yaradanımız Adəm(ə)-dən bəri yüz iyirmi dörd min peyğəmbər göndərərək hər bir bəşər övladının qəflətdən oyanaraq, saflaşaraq fitrət elminə və fitrət ağıla sahib olaraq ömrünü yaşamalarını hay, haray çəkərək çağırmış və təşviq etmişlər. Hətta Nuh (ə) insanları doqquz yüz ilə yaxın müddətdə sanki haray çəkərək hidayətə, saflaşmağa Allah (c.c)–a dəvət etmişdir. Sonuncu Peyğəmbər Məhəmməd (s.ə.s) ümmətinin hər bir üzvünün hidayət olmasını həddən ziyadə istəməsinə rəğmən Allah (c.c) belə buyurur:
“Onların hidayəti üçün sən özünü həlakmı edəcəksən?“…
Əziz peyğəmbərimiz Məhəmməd (s.ə.s)-in həyatından bəhs edən “Çağırış” filmində onun nə cür həyati təhlükələrə qatlaşaraq insanları hidayətə saflaşmağa dəvətini görürük.
Yuxarıda göstərdiyim fikirlərdə istifadə olunan söz bizim bildiyimiz anlamda deyil, Allah (c.c) bütünlüklə öyrətdiklərinin anlamı tək bir SÖZDÜR.
“Haraydı, haydı söz”ün mənası anlamı insanları Allah (c.c) verən “SÖZ”lə danışaraq anlaması üçün hidayətə dəvətdir, çağırışdır. Haray,hay çəkmək xüsusiyyəti yalnız Allah (c.c)-ın bütöv “SÖZÜNÜ” bilən saf insanlara xasdır. Bunlar kimlərdir?
1) Peyğəmbərlər (nəbilər).
2) Elçilər (rəsullar).
3) İmamlar (vəlilər).
4) Ulul ərbablar (saflar, salehlər).
Bildiyimizə görə Həzrəti Məhəmməd (s.ə.s) sonuncu peyğəmbər olduğundan artıq aramızda bütöv “SÖZƏ” peyğəmbər olaraq dəvətçi yoxdur. Ancaq, hər dövrdə elçi, imam, ulul ərbablar , salehlər , ustadlar daim insanları hidayətə dəvət edərək, yalnız diləyənə insanlığın saflıq mərhələsinə çataraq Allah (c.c) verən SÖZ payına sahib olmasına xidmət edirlər. Onlar Allah (c.c) tərəfindən yalnız diləyənlər üçün məmurdular.
“Eşqimizi yaydı söz”-Eşq sözünün anlamını onu yalnız olduğu kimi yaşayan dərk edər. Çünki bu izah olunsa da tam anlaşılmaz. Allah (c.c) Zatından olan hər birimizdə əmanət olan ruhda sevgi adlı mənəvi fəzilət vardır. Sevgi elə bir mənəvi dəyərdir ki, insan nəfsi paklaşdıqdan sonra ruh ilə Allah (c.c) arasında yarana bilir. Yarandıqdan sonra isə eşq yaranır.
Şair kimi çox dəyərli Allah (c.c) dostu Məhəmməd Füzuli sevgi sözünün anlamını bildirən belə bir kəlam söyləmişdir:
Canın kim cananı üçün sevər, cananın sevər,
Canı üçün kim ki, cananın sevər, canın sevər.
İki sətr şerdə sevmək sözü dörd mənada işlədilmişdir.
Burada birinci sətrdə anlam odur ki, insan elə bir məqama çatmışdır ki, nəfsi paklaşaraq ruh kimi olmuşdur. O şəxsin nəfsi istəyi olmadığından ruhun, cismin, nəfsin və iradəsin Allah (c.c)-a təslim edib yalnız Haqq Təalanın razılığın qazanmaq üçün özünə baxaraq yaşayır Allaha (c.c) layiq olduğu üçün ibadət edərək Onu sevir. Bu vaxt əsl sevginin təsirindən eşq yaranır.
Şeirin ikinci sətrinin anlamı odur ki, o şəxs Allah (c.c) varlığına inanır. Cənnət, cəhənnəmin olduğuna inamı, etiqadı var. Cəhənnəmə düşmək qorxusundan dolayı cənnətə düşmək istəyindən Allah (c.c) -a ibadət edir, Onu sevdiyini dilinə gətirir. Ancaq bu sevgi eşq yarada bilməz.Çünki, bu sevgi təmənnalıdır. Həzrəti imam Əli (ə): “Ya Rəbbim, mən cəhənnəm qorxusundan cənnət istəyindən Sənə ibadət etmirəm. Sənə ibadətə layiq olduğuna görə ibadət edirəm.”
Aydındır ki, insanla Allah (c.c) arasında ülvi sevgi yarandıqda eşq yaranır. Eşq dinimizin ən uca məqamlarından biridir. Yaxşı olar ki, bu eşqi, ülvi eşqi maddi aləmdə işlədilən sevgi və eşqdən fərqləndirmək üçün maddi aləmdə işlədilən sevgi və eşqə başqa ad qoyulsun. Çünki, maddi aləmdəki eşq insanla Allah Təala arasındakı eşq ilə eyni mənəvi dəyərlər anlamına gələ bilməz.
Dahi Azərbaycan şairi Nizami Gəncəvi müxtəlif dövrlərdə dünyəvi şeirlər, sevgi və eşq barədə müxtəlif şeirlər yazmışdır. Ancaq, o şairin ən yüksək ruhani məqamda, nəfsinin tam paklaşmış məqamında yazmış olduğu bir şeir mənim diqqətimi cəlb etmişdir:
Eşqdir mehrabı uca göylərin,
Eşqsiz, ey dünya, nədir dəyərin?
Mehrab maddi aləmə aid olan sözdür. Məscidin içərisində elə bir yerdir ki, məscidə daxil olub namaz qılmaq istəyənə qibləni göstərir. Bu şeirdə birinci sətrdə şair Nizami Gəncəvi eşqi yaşayıb dərk etdiyi üçün onun mahiyyətini, anlamını açır. Aydın olur ki, kim əgər Allaha (c.c) doğru düzgün yol tutubsa (maddi aləmdəki mehrab anlamında) sonda mütləq Allah-Təalaya aşiq olaraq, Ona heyran olacaq. Deməli, aşiqlik insanın Allaha (c.c) doğru yolunun sonudur.
Bu beytin ikinci misrasında isə dünya ilə müqayisədə o eşqə qiymət verir.
Doqquz sözdən ibarət olan iki sətir şeir bir anlamı bildirir. XI-XII əsdrdə yaşamış Nizami Gəncəvinin daxili aləmində həqiqi Allah (c.c) eşqinin olduğunu bizə çatdıraraq sanki, aramızda ünsiyyət, anlaşma yaradır.Bu beytin hər misrası, hər sözü ayrı-ayrılıqda tək-tək eşqin anlamını vermir. Söz o vaxt söz olur ki, o başqa bir Allah bəndəsinə anladılsın.
Deməli, XII əsrdə Nizami Gəncəvi öz həqiqi eşqini bildirən iki sətr şeir, bir “sözdür”-eşq anlamlını bildirən “söz”. Çünki, “Söz anlamaq deməkdir. Söz anlatmaq deməkdir”.(Tahir Hüseyn)
Bir fikiri də vurğulamaq istəyirəm ki, eşq sözünü yəni Nizami Gəncəvinin eşqini Lövhi-Məhfuzda olan saf SÖZÜ bilənlər anlaya bilərlər.XI-XII əsrdə yaşamış dahi şair Nizami Gəncəvinin doqquz sözdən ibarət olan yazmış olduğu şeri ona Allah (c.c) eşqinin olduğunu o vaxt bizə çatdırar ki, bizlərdən hər kəs Allah (c.c) verən pay olan SÖZƏ sahib olaq.
“Saf insana taydı söz”-Bu fikrinizahına gəldikdə saf insanın kim olduğunu bilməliyik. Nəfs paklaşaraq ruh kimi olduqda insan qəlbinin nəfsani qapıları bağlanır, insanın beyinlə yaddaşla bağlı danışıqları azalır və yox olur. Bu vaxt insan beyni ruhunun təsiri altına keçir. Bu andan sonra danışdıqları sözlər ruhdan qaynaqlandığı üçün Allah (c.c) verən paydır, ilk yaradılışda Adəm (ə)-a öyrədilən sözlərdir, anlamlardır. Yer kürəsində yaşayan bütün insanların həqiqi SÖZ, haqq SÖZ danışması üçün hər kəs saflaşmalı,nəfsini islah etməli, hidayət tapmalıdır. Başqa cür yolu yoxdur. Yoxsa heç vaxt tam anlaşma olmayacaq.
“Onlar (dünyada) təmiz (pak) sözə (La İlahə İllallah) yaxud (“Quran”a) müvəffəq olmuş, həm də Allahın bəyəndiyi yolla (islama) yönəldilmişlər.(“Quran” Həcc 24).
İlk yaradılışa qayıdaraq Allah verən “SÖZƏ” nail olmaq üçün heç kəs deyə bilməz ki, Yaradanımız bizə heç nə verməmişdir.
“(Həzrəti Musa)Bizim Rəbbimiz hər şeyə yaradılışını lütf edən (ehsan edən) sonra da hidayət edəndir. (“Quran” Taha 50).
Bu qədər sübutlar göstərir ki, Yer kürəsində bütün insanların tam bir-birini anlaması saflaşması insanın hidayəti, Allaha (c.c) bəndə olması hesabına mümkündür.
Qeyd etmək istəyirəm ki, bu bir bənd şeir Allah (c.c) tərəfindən Tahir Hüseynə yazdırılandır.Bunu bilməliyik.
Bizim danışdıqlarımız sözlərin əksəriyyəti o,saf SÖZÜN içərisindədir… Bütövlükdə isə o SÖZ saf insana taydır. Yalnız saf insan o “SÖZÜN” batinini bilər və anlayar…

Vidadi Hidayət – Pressaz.az