Elman İsrafiloğlu:”ÇOX CƏSUR DÖYÜŞÇÜ İDİ” – FOTO

 


(Şəhid Həsənov Pərviz Yolçu oğlu haqqında)

2020-ci il Azərbaycan tarixinə Zəfər ili, qələbə ili kimi daxil oldu. Bu zəfəri, qələbəni qazanmaq heç də asan olmadı.Torpaqlarımızın hər qarışı uğurunda igidlərimiz, qəhrəman oğullarımız döyüşdülər, canlarını belə fəda etdilər. Dşmən üzərində qələbə çaldılar…
Canlarını fəda etdilər ki, gələcək nəsillər məğlubiyyət acısı yaşamasınlar.
Canlarını fəda etdilər ki, Vətən azad olsun. Övladlarımız alnı açıq gəzə bilsinlər.
28 ildən çox olardı ki, torpaqlarımıız işğal altında idi. İnsanların üzü gülmürdü. Bir tərəfdən də erməni işğalçıları havadarlarına arxalanaraq yeni torpaq iddiasına düşmüşdü. Bu mənfurlar ölkəmizin müxtəlif bölgələrinə hücumlar edir, dinc əhalini güllə-baran edir,kənd və şəhərlərimizi iriçaplı silahlarla atəşə tutur, sakinlərimizi qorxu içində saxlamağa çalışırdılar. Havadarlarına arxalanan bu şərəfsizlərin iddiaları daha böyük idi. Biz müharibə istəmirik. Sülh şəraitində yaşamaq istəyirik. Heç kimin də torpağında gözümüz yoxdur.
Uzun illər xalqımız erməni işğalçılarının vəhşiliklərinə səbrlə dözürdü. Amma, səbrin də bir ölçüsü var, ölçüsü olmalıdır.2020-ci ilin iyun-avqust aylarında erməni işğalşıları quduraraq yeni torpaqlar işğal etmək üçün ölkəmizin müxtəlif bölgələrinə hücumlar etdilər.Qan tökdülər. Bu şərəfsizlər elə düşündülər ki, xalqımız onların hərəkətlərini cavabsız qoyacaq.

Ali Baş Komandan müzəffər İlham Əliyevin 27 sentyabr 2020-ci il tarixli əmri ilə bütün Azərbaycan silaha sarılaraq torpaqlarımızın azadlığı uğurunda ayağa qalxdı.Doğma torpağımızı qoruyan, onun hər daşına, qayasına, dərəsinə, təpəsinə yiyə duran, canını Vətən yolunda fəda edən şəhidlərimiz, qazilərimiz də oldu.
Qeyrət timsallı babalarımızın bizə əmanət qoyub getdiyi torpaq uğrunda igidlərimiz döyüşlərə atıldılar. Cəmi 44 gün çəkən bu Vətən müharibəsində Azərbaycanın Silahlı Qüvvələrinin igid əsgər və zabitləri döyüşlərdə bir dəfə də olsun məğlub olmadı. Hünər göstərdilər.Qələbə sevincini xalqımıza bəxş etdilər. Bu qələbəni xalqımıza bəxş edən Ali Baş Komandan İlham Əliyev başda olmaqla bütün zabit və əsgərlərimizi Allah qorusun. Şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə isə şəfa diləyirik. Vətən müqəddəsdir. Vətəni Vətən edən onun qəhrəman övladlarıdır…
Vətən mühüribəsi zamanı şəhid olan Vətən oğullarından biri də Beyləqan rayonunun Kəbirli kəndində dünyaya göz zçan Şəhid Həsənov Pərviz Yolçu oğludur.
Şəhid Həsənov Pərviz Yolçu oğlu 17 sentyabr 1990-cı il tarixdə Beyləqan rayonunun Kəbirli kəndində anadan olub. M.Fərzəliyev adına Kəbirli kənd tam orta məktəbi bitirib. 20 oktyabr 2020-ci il tarixdə şəhidlik zirvəsinə ucalıb. Kəbirli kənd Şəhidlər xiyabanında dəfn olunub.
Şəhidlər xalqımızın ən əziz övladlarıdır. Bu övladların igidlikləri sayəsində üzümüz gülür. Torpaq üzərində alnı açıq gəzə bilirik. Hamılıqla onlara borcluyuq. 28 ildən çox bir müddətdə işğalda qalan torpaqlarımızı məhz onların sayəsində işğaldan azad etdik.
Şəhid Həsənov Pərviz Yolçu oğlunun keçdiyi döyüş yolu barədə məlumat toplamaq üçün şəhidimizin ata evində olduq.
Şəhidimizin atası Həsənov Yolçunun dediklərindən:
-Hərbi xirmətdən təxris olandan sonra Pərviz Bakı şəhrəinə getdi. Müharibə başlamamışdan əvvəl Pərviz Bakıda işləyirdi. Həsənova Arifə Əli qızı ilə ailə qurmuşdu. Bakı şəhərində kirayə ev tutub orada işləyirdi. Bir oğulları dünyaya gəlib. Həsənzadə Gündüz Pərviz oğlu.
Bakıda müharibə olacağı xəbərini eşidib orada qala bilməmişdi. Elə gecəynən, səhərə yaxın doğulub boya-başa çatdığı kəndimizə gəlmişdi.
– Həmin gecə möhkəm yağış yağırdı. Səhər saat 6-ya 15 dəqiqə işləyəndə eşitdim ki, qapıda bir maşın səsi gəlir. Çıxdım ki, darvazanın qarşısında palçıqlı qara “çeşka” dayanıb. Gördüm ki, Pərvizdi. Maşından düşdü, sürücünü yola saldı.Öpüşdük, görüşdük. Keçdik evə.Anası da durdu.
Dedi:
-Ay bala, bu gecə vaxtı niyə gəldin.Səhər gələydin də. Demirsən yolda bir hadisə olar?
Aradn bir neçə saat keçdi… Bu müddət ərzində ata bala söhbət etdik…
Səhər saat 9-un yarısı olardı maşını işə saldı getdik komissarlığa. Həmin günü kəndimizdən 15 nəfəri də çağırmışdılar.Çağırış məntəqəsinə gələndə gördük ki, millət hamısı buradadır. Pərviz komsarlığa iki dəfə getmişdi ki,könüllü müharibəyə yazılsın.Orada bunları böldülər. Yağışlı hava idi. Bu zaman hərbi Komissar valideynlərə, çağırışçıları yola salmaq istəyənlərə müraciət edərək dedi:
-Xahiş edirəm valideynlər gözləməsin. Özünüzü yağışda islatmayın.
Komissarın bu sözündən sonra qayıdıb gəldim evə. Bir az kövrəlmişdim. Onda kimin ağlına gələrdi ki, müharibə olar.Onda müharibə söhbəti yox idi.
Gedəndə 20 manat pul götürdü. Dedi ki, siqaret çəkmirəm. Bunu da elə-belə götürürəm ki, birdən lazım olar.Çay pulu. Axşam mənə zəng gəldi.Pərviz idi. Dedi ki, ata, narahat olma “N” saylı hərbi hissəyə gəlmişəm. Səhər alaqaranlıqdan maşını minib getdim həmin hərbi hissəyə. Ora çatanda həmin hərbi hissədə işləyən tanış bir nəfər sürücü ilə görüşdüm. Pərvizin hara gedəcəyini soruşdum. Dedi:
-Problem yoxdur. Öyrənib sənə məlumat verərəm gələrsən görüşdürərəm.
Bu söhbətimizdən az sonra Pərvizlə görüşdüm. Gələndə gördüm ki, təzə formanı geyinib. Bura gələn çağırışçıların hamısını da qəşəng geyindirmişdilər, yəni təzə hərbi formada idilər. Hasarın yanından soruşdum niyə çağırıblar. Dedi:
-Möhkəm ol. Gecə yer olmayıb üç nəfər bir yerdə yatmışıq. Ordan evə gəldim. Evə çatanda mənə zəng elədi ki, bizi apardılar Xaçına. Orada “kaçaqar”da tanışım var. O, mənə zəng elədi ki, Pərviz gəlib yanımdadır. Amma, harasa aparacaqlar, aparacaqları yeri bilmirəm.Onları maşınlara yığırlar. Hara aparırlar bilmirəm. Dedim:
-Sən Allah, telefonu ver ona, danışım.
Dedi:
-İmkan yoxdur. Gözlə yaxınlaşım öyrənim.
Aradan yarım saat keçmişdi mənə zəng elədi. Dedi:
– Qəhrəmanlıya aparırlar.
Aradan qırx dəqiqə keçəndən sonra Pərviz özü zəng elədi.Dedi ki, narahat olma. Gəlmişik Qəhrəmanlıya. Hələ ki, burdayıq. Bundan sonra Pərvizlə gündə bir dəfə, iki dəfə danışırdıq.
Arada bir dəfə zəng edəndə dedim ki, gəlmək istəyirəm, yanına.
Dedi ki, bura icazə vermirlər.
…Sentyabr ayının 27-də səhər-səhər, tezdən dedilər müharibə başlayıb.Həmin gün səhər hələ açılmamışdı. Hər tərəfdə qəribə bir uğultu var idi. Sanki göy dağılacaqdı. Od yağdı…Pərvizlə əlaqə saxlaya bildim.Zəng edib onunla danışdım. Vəziyyəti soruşdum.
Dedi:
-Ata narahat olma.Hər şey yaxşıdır. Anamdan muğayat ol. Bir şey olsa zəng edəcəm.
…8 oktyabr günorta idi. Həyat yoldaşımla ağacın dibində oturmuşduq. Qəfldən mənə zəng gəldi. Pərviz idi. Pərvizin səsini eşidəndə mən də, anası da sevindik.
Dedi:
-Ata, bu dəqiqə hardasan? Anam necədir?
Dedim:
-Yaxşıdır.Anan da yanımda qapıda oturmuşuq. Elə səndən danışırdıq. Səndən nigaranıq.
Dedi:
-Nə bacarırsan tez gəl. Üç saatlıq sizinlə görüşmək üçün icazə almışam. Gəlirəm anamla görüşüm.
Maşını minib təcili evdən çıxdım. Anası da başladı yemək hazırlamağa.
Oğlumun dalıyca görüşə gedəndə hərbi kalona rastlaşdım. Mənnən qabaq hərbi kalon gedirdi. Keçə bilmirdim.
Pərviz də zəng edib soruşur:
-Ata, nə oldu, niyə gecikirsən? Axı, mən üç saatlığa görüş almışam.
Dedim ki, sənə qurban olum , keçə bilmirəm. Məndən qabaq hərbi kalon gedir.
Qəhrəmanlıya çatanda ona zəng etdim.
Dedim:
-Mən hərbi hissəyə çatıram. Mən körpüdən içəri düşüm yoxsa elə burda görüşək?
Dedi:
-Ata, sən gəl Daşburuna tərəf.
Maşını sürdüm Daşbrunun ala qapsını keçdim.Əhmədbəylinin bazarına çatanda gördüm qara bir maşın işığı yandırıb söndürür.
Maşını saxladım düşdüm. O, da düşdü. Kürəyində hərbi çanta var idi. Çantanın içərisində nə isə var idi. Çünki çanta ağzına qədər dolu görünürdü. Bir anlığa fikirləşdim ki, bunları harasa uzağa aparırlar. Öpüşüb, görüşdük. Oktyabr ayının 8-i saat 3-ün yarısı idi.
Dedim:
-Bala sən hara-bura hara? Bəs səninlə danışanda deyiesən ki, burada istirahət edirsən. Heç bir iş görmürsən.Bizə niyə yalan deyirsən?
Dedi:
-Çörək aparırıq.İrəlidə döyüşçü qardaşlarımıza çörək aparırıq.
Gördüm ki, bu çörək aparana oxşamır. Bunun kipriyindən də palçıq tökülür. Yağış yağmışdı. Yalan deyirmiş. Maşını sürdüm gətirdim evə anasıyla görüşdü, öpüşdü…
Məndən soruşdu ki, Aybəniz bacım nəcədir.
Dedim:
-Yaxşıdır.
Soruşdu:
– Bəs üzün niyə tüklüdür?
Dedim:
-Vallah vaxtım yoxdu.
Deyə bilmirəm ki, hüzür düşüb. Kəndə giəndə dedi ki , ata, (mənim bacıma) Şəfiqə mamama denə gəlsin bizə.Bacımla da görüşdü.
Dedi:
-Məni Aybəniz bacımla da görüşdür.
Dedim:
-Olar. Sən hamamlanana kimi bacın da gələr görüşərsən.
Heç evə girmədi Çiynində çantası var idi. Çantasını qoydu yerə. Çantasından uşağına bir dənə hədiyə, mənə beş altı siqaret gətirmişdi.Alışqan da verdi,orda ona veriblər. Yığıb sumkaya. Alt paltarı gətirmişdi. İki də kofta.Koftanın birini anasına məcbur geyindirdi. Biri də salafanda idi. Dedi:
-Ata, bunu da sənə gətirmişəm. Geyinərsən. Bunun bacısı, mənim bacım da gəldi.Bacım yoldaşı ilə gəlmişdi. Yeznə, ağsaqqal kişidi. Pərvizdən soruşur:
-Hardasınız?
Həyat yoldaşım məni çağırdı. Bunun qulağı alıb ki,Şəybəydəyik. Axşam da televizorda Şəybəy kəndini göstəriblər. Yeznə buna sual verib ki, bəs orda axşam ana-bala erməni arvadını danışdırırdılar. Gördüm deyir ki,Eldar əmi, biz də orda idik.Orda çəkiliş gedəndə biz sağ tərəfdə idik.
Bu vaxt yoldaşım qışqırdı ki, Allah məni öldürsün. Sən gedib hara çıxmısan. Mən qayıtdım, ə bala, sən getmisən döyüşə. Düşmənlə döyüşürsən, bəs bizi niyə aldadırsan. Mən hər dəfə imkan olanda Pərvizdən soruşardım ki, haradasınız, nə iş görürsünüz, vəziyyətin necədir? Hər dəfə də soruşanda deyirdi ki, Qəhrəmanlıdayam. Arada zəng edirəm, deyirəm sənə zəng elədim bayax telefonu niyə açmadın. Deyir ki, yatmışdım. Yalan deyir. Orada yatmaq var? İki-üç saat burda hmamlandı.Mən də yeznəynən oturmuşdum. Gördüm anası deyir:
– Allah məni öldürsün. Bu nədi boynuya taxmısan. Deyir ki, ana. Bu şəhid olsam tanınmaqdan ötəridir.
Oktyabr ayının 8- də getdi. 20 oktyabrda döyüş yoldaşları gəlmişdi. Axırıncı döyüşü Qubadlıda olub. Qubadlıda şəhid olub.
Pərviz şəhid olandan sonra 4 nəfər döyüş yoldaşları bizə gəlmişdilər… Gəlib burda divanda oturdular. Xahiş elədim ki, necə döyüşüblər? Çəkiliş var idi. Dedi ki, döyüşdən qayıdıb burda istirahət edirik.
20 oktyabr saat 12- də döyüş yoldaşlarının dedynə görə şəhid olub. Füzuli rayonunun Diaqnostika Mərkəzinə gətiriblər. Bizim isə bundan xəbərimiz yox idi.
Oktyabr ayının 21-də tezdən durub malı aparırdım. Göydə ulduz var idi. Gördüm kəndin axundu gedir. Öz-özümə dedim, Allah xeyir olsun.Elə bu zaman mersedens markalı minik maşını ildrım kimi girdi kəndə. Malı aparıb saldm sahiyə, qaydanda gördüm ki, millət kəndin girəcəyindəki yanacaqdoldurma məntəqəsinin yanına yığılıb. Yaxınlaşıb salamlaşdım. Soruşdum ki, nə xəbər var? Dedilər ki, şəhid var. Xasay var, onun oğlu şəhid olub. Ordan gəldim evə. Atı bağladım qapıya. Gəldim evə. Yuyunub getdim qonşu kəndə. Qonşu xalaoğlu mənə zəng elədi ki, hardasan ?
Dedim:
– Evdə.
Dedi ki, deyirlər Xasayın oğlu şəhid olub.
Dedim:-Bilirəm.
Dedi ki, adda bəri, gedək.
Mənim maşınım qaldı qapıda. Onun maşınına oturub getdik ora. Gördük ki, millət yığışıb ora. Maşından düşdük. Kimə yaxınlaşdımsa hamı məndən qaçdı.Demə hamı bilirmiş. Çətinlik çəkirlərmiş deyin mənə deyə bilmirmişlər. Onunçun hamı qaçırmış,məndən. Orda dedilər ki, Xasayın oğlu Şamxal gec gələcək. Qonşu dedi ki, gəl gedək bizə çay içək. Getdik onlara. Yoldaşı çay dəmlədi, rəngi tökmüşdü ki, mənim telefonuma zəng gəldi. Baxdım ki, qardaşım oğludu. Dedi:
-Əmi hardasan?
Dedim ki, demək olar ki, evdə. Nədi ki?
Dedi ki, mən də sizin çəpərin ayağındayam sizə gəlirəm. Pərviz zəng eləmişdi. Deyir ki, yaralanmışam. Atama bir yolnan de. Bunlar heç bilmədi. Balkonnan tullandım çəpərdən baxdım ki, maşın durub tində.
Dedim:
Ə Hafiz, səni and verirəm ata-ananın canına. Nə xəbərdi, bala . Gördüm yox ey…
Nə ürəkdən and içə bilmir,həm də üzünə baxanda bilinir…
Başıma döyə-döyə, bu yazığın balası- həyat yoldaşım da nar dənəliyir ki, nəvəm gələcək. Ona nar dənəliyir. Dedm birdən özü gələr…
Ordan mindim maşına böyük qardaşımdan kiçiyi var Adil onu da götürdük. ( Hafizin atasıdır) Getdik Füzuli rayonunun Diaqnostika Mərkəzinə.Diaqnostika Mərkəzinin qarşısında mağar qurmuşdular. Yatmışdı. Diaqnostika Mərkəzindən gətirdik…
Şəhidimizin anası Bahar Həsənovanın dediklərindən:
Üç övladımız var . Ailədə üç uşaq idilər. İki oğul bir qız. Pərviz, Məhəmməd və bacıları Məmmədova Gülnarə Yolçu qızı. Pərviz hələ uşaq vaxtlarından hamımızın sevimlisi idi.
Məktəb illərində nümunəvi şagird olub. Davranışı,nizam-intizamlı idi. Həm də yaxşı oxuyurdu. Sizin qardaşınız oğlu Elsevər İsrafilli ilə bir yerdə döyüşüblər.Onun yanında olub. Döyüş yoldaşları müharibə qurtarandan sonra bura gəlmişdilər. Kəndə Şəhidlər xiyabanına gedib Pərvizi və şəhidlərimizi ziyarət edib bizə gəlmişdilər.
Onlardan nə qədər soruşduqsa bir söz demədilər…
Gülə-gülə getdi balam. Hönkürtülü səslə dedi, Bahar ana .
Bir müddət sonra Bahar ana sözünə davam etdi:
-Oktyabrın 8- gəlmişdi. Dedi ki, yuyunmağa gəlmişəm.
Evə gəlib yuyunanda boğazından bir kəndir çıxartdı qoydu stolun üstünə.
Dedim:
-Bala, o nədi? Yadından çıxar evdə qalar. Dedim ki, o nə üçündür?.
Dedi:
-Ana, bu şəhid olanda məni tapmaq üçündür.
Dedim, bala, sən Allah onu taxma boğazıya. Nə bilim yəqin o, özü bilirdi şəhid olacaxdı.O, elə tez-tez o sözü deyirdi.
Gəldi yuyundu, evdən çıxıb maşına tərəf getdi.Nə düşündüsə qayıdıb gəldi, məni öpdü.
Dedi:
-Ana, özündən muğayat ol.
Ailəlidir. Uşağı da var. Uşaq bir yerdə dura bilmir, qaçır ora, qaçır bura atasını axtarır. Gah da anasının yanına qaçır, gah da ki, mənim yanıma qaçır.
Gedəndə dedi:
-Ay ana, şəhidlik hər adama qismət olmur. Sonra gəlib alnımdan öpdü. Gedib maşının qapısını vurdu xalası oğlunun maşını idi. Xalası oğlu onu yola salırdı.
Onun yoxluğuna dura bilmirik. İnanmaq istəmirəm onun yoxluğuna. Haraya baxıramsa Pərvizi görürəm. İndi ondan bir yadigar balası qalıb. Həsənzadə Gündüz Pərviz oğlu.Balamın qoxusunu ondan alırıq. Bir təsəllimiz də odur ki, Pərvizin qisası yerdə qalmadı. Torpaqlarımız azad olundu.
Şəhidimizin həyat yoldaşı Arifə Həsənovanın dediklərindən:
-Heç kim bilmir ki, sabah başına nə gələcək. Pərvizlə ailə qurandan sonra bir övladımız dünyaya gəldi. Övladını çox istəyirdi. Olduqca vətənpərvər, ailəsinə, elinə bağlı idi. İstəməzdi ki, bir kimsənin xətrinə dəyə, qəlbinə dəyə söz deyə. Həyat yoldaşını itirmək çox ağırdı. İndi mən övladımızı böyüdəcəm ki, o atasızlığı hiss etməsin.Bundan sonrakı ömrümü övladımı atasına layiq böyüdəcəyəm. Axı, onun atası qəhrəmandır.
Qardaşın Həsənov Məhəmməd Yolçu oğlunun dediklərindən:
-Pərviz uşaq vaxtlarında kənddə nənəsinin yanında qalardı. Nənəsi onu çox istəyərdi. Elə Pərviz də nənəsini çox istəyərdi.Pərviz on birinci sinifi qurtarana kimi, çox vaxtı nənəsigildə qalardı.
Qardaşımla qürur duyuram. Pərviz qardaş kimi, mənim xətrimi çox istəyərdi. Bir çətinliyi olsa idi elə həmin anda mənə öz köməkliyini göstərərdi.
Şəhid olandan sonra Pərvizin döyüş yoldaşları bizə gəlmişdilər. Sizin qardaşınız oğlu, Elsevər də onlar ilə bir yerdə olublar, döyüşüblər. Pərviz Elsevərin yanında olub. Onlar bizə gəlmişdilər. Getdik kəndin şəhidlər xiyabanına orada şəkil də çəkdirdik.
Yazıçı Vidadi Hidayət:
– Şəhidlər ölməyib. Onlar diridilər,onlar yaşayırlar. Əgər onlar təzədən dünyaya gəlsəydilər yenə də deyərdilər ki, bir də şəhid olum. Çünki, onların məqamı ən yüksəkdədir.
Şəhidimizin ata evindən qayıdandan sonra qardaşım oğlu Elsevərlə görüşdüm.
Şəhidimizin döyüşçü qardaşı Elsevər İsrafillinin dediklərindən:
– Pərvizin vətənpərvər, igid, qorxmaz bir döyüşçü idi. Mən Pərvizlə müharibə başlayanda əvvəlcə bir yerdə idim. Sonradan bizi ayırdılar. Ayrı-ayrı yerlərdə düşmənə qarşı döyüşürdük. Pərvizin son döyüşü haqqında bizim kəşviyat dəstəmizdən bir qardaşımız var, İmranov Mahir.O, daha yaxşı bilir. Onununla əlaqə saxlayaram. Mahir Pərviz haqqında daha ətraflı danışar.
Yazını hazırlayırdım ki, telefonuma tanış olmayan bir nömrədən zəng gəldi.Telefonu açdım. Salamlaşdıq. Mənə dedi ki, bu nömrəni Elsevər verib. Deyir ki, Şəhid Pərviz haqqında kitab üçün yazı yazırsınız. Tanış olduq.
Şəhidimizin döyüşçü qardaşı gizir imranov Mahirin dediklərindən:
Vətən müharibəsi sentyabrın 27-də başladı. Pərvizlə, bir qrupda idik. Yəni kəşviyat qrupunda idik. Döyüşlər başlayandan bir müddət sonra 4-5 gün aramsız yağış yağdı. Həmin yağışlı günlərdə biz Cəbrayılda idik. Üç qrup idik. Bir qrupa mən, birinə Pərviz, üçüncü qrupa isə adı yadımdan çıxıb bir döyüşçü qardaşımız komandirlik edirdi. Hər qrupda doqquz döyüşçü qardaşımız var idi. Həmin vaxt biz Cəbrayılda düşməni məhv edərək postu almışdıq. Özümüzə mövqe tutmuşduq. Yağış yağırdı. Bizim də təminatımız gecikirdi. Gəlib çıxmadı . Sonradan öyrəndik ki,təminat maşınımız yolda vurulub. Geyimimiz nazik idi, şinelimiz yox idi. Həm də neçə gün idi ki, döyüşə-döyüşə gəldiyimiz üçün əsgərlərimizin hamısı ac idi. Geyimimiz də suyun içində idi. Yadımdadı ki, qizir Həsənov Pərviz bir uçuq bina tapdı. O uçuq binanın içində köhnə sursat yeşikləri var idi. Boş yeşiklər. O, yeşikləri qırıqlayıb, tonqal qaladı. Yəni görünməyən bir yerdə ocaq qaladı. Qrupları yığdıq ora.Əyinlərini qurutdular. Demək olar ki, Pərvizin sayəsində özlərinə gəldilər. Döyüşlərin elə vaxtı idi ki, gecələr çox soyuq olurdu. Gecələr ocaq qalamaq mümkün olmurdu. Düşmən yerimizi bilib oranı vura bilərdi. Səhərə yaxın görürdün ki, Pərviz hamıdan tez dururdu. Bir balaca ocaq qalayardı. Yığışardıq həmin ocağın ətrafına. Pərvizin sayəsində qızınırdıq.
Bu müharibə bizə çox şey öyrətdi. Elə olurdu ki, komandir hansısa bir tapşırıq verəndə soruşardı:
-Kim könüllü getmək istəyir? Həmişə də hamıdan qabaq bizimlə birgə Pərviz çıxardı. Pərvizlə
Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı istiqamətdə bir döyüşümük.
Mərd, ürəyi təmiz döyüşçü idi. Heç nədən qorxmazdı. Onda qorxu yox idi.
Oktyabrın 17-si 19-u olardı.Cəbrayıldan çıxıb Qubadlı istqamətində Bala Soltanlıya çatana qədər ağır döyüşdən çıxdıq. Demək olar ki, hər 10 metrliyimizə minamyot mərmiləri düşürdü.Bir tərəfdən də artileriya atəşinə məruz qalmışdıq. Elə bil ki, bizi hansısa bir qüvvə saxlayırdı. Şükürlər olsun ki, yaxınlığımıza mərmilər düşsə də sağ qalırdıq.
Zəngilan istiqamətindən Qubadlıya qayıdırdıq. Dağlarda idik. Burada video da çəkdirdik. Oktyabrın 19 idi. Postu almışdıq. Bir az dincəlirdik. Belə demək olarsa. Bala Soltanlıya giriş idi. düşmən xeyli sayda itgi vermişdi. Sonra düşmən geri çəkildi. Biz həmin postu aldıq. O posta birinci girənlərdən biri demək olar ki, biz idik. Demək olar ki, biz dağlarnan irəliləyirdik. Bizə təminatın gəlib çıxmağı çox çətin məsələ idi. Ac idik.Biz fermada idik. Pərviz haradansa meyvə yığıb gətirdi. Yeyib özümüzə gəldik. Bir az sonra başqa bir taborun təminatı gəlmişdi. Ordan da yemək aldı gətirdi. Yeməyimizi yedik. Döyüşçü qardaşlarına çox can yandırırdı.Onlara qarşı diqqətli idi.Pərviz çox cəsur döyüşçü idi. Cəsur olduğuna görə, öndə getdiyinə görə dəfələrlə qrup komandiri seçilib. Həmişə döyüş zamanı öndə gedirdi.
Bala Soltanlı kəndindən çıxıb Qubadlı istiqamətə irəliləyirdik. Qubadlı görsənirdi. Dağın üstündə idik. Oktyabr ayının 20-si idi. Mühasirəyə düşmüşdük. Qrupumuz dağınıq irəliləyirdi ki, mərmi yaxınlığımıza düşəndə sağ qalanımız olsun. Şərəfsizlər bizi artileriya, minamyot, snayper atəşinə tutmuşdular.Həmin gün Pərviz şəhid olduğu döyüşdə də irəlidə idi, öndə döyüşürdü. Həmin o döyüşdə Pərviz xeyli düşmən məhv elədi. Yan-yana döyüşürdük. Demək olar ki, aramızda 10-15 metr məsafə var idi. Belə döyüşürdük. Bizi o şərəfsizlər aydın görürdülər.Bizi mühasirəyə salmışdılar. Elə bu zaman 10 metr məndən aralı mərmi düşdü. Döyüşçü qardaşlarımdan eşitdim ki, şəhidimiz var. Yaxınlaşanda gördüm ki, Pərvizdi. Şoka düşmüşdüm. Bu zaman düşmən snayperlə məni nişan aldı. Snayperin mərmisi silahımın qundağına dəydi. Silahım yararsız hala düşdü. Düşmən bizi artileriya atəşinə tutmuşdu. Elə bu zaman məndən üç metr aralıya mərmi düşdü.Təpənin porpağı məni saxladı. “Valna” aldım.Şükürlər olsun ki, sağ qaldım. Şəhidlərimizi təxliyə gəlib çıxartdılar. Yaralımız da var idi.Yaralıları isə biz çıxardıq. Bizim qrupdan 3 nəfə sağ qayıtdıq. Buna baxmayaraq qəhrəmanlıqla döyüşərək bizə tapşırılan əmri yerinə yetirdik.Şərəfsizləri məhv edərək Pərviz kimi qəhrəman , igid oğulların sayəsində postu aldıq.

QƏHRƏMAN OĞULLAR, İGİD OĞULLAR

Düşmən üzərində zəfər çaldılar,
Döyüşdə hünərlə igid oğullar.
Ən yüksək zirvəyə həm ucaldılar,
Qəhrəman oğullar, igid oğullar!

Haqqa sığınaraq, haqq söz deyərək,
Keçilməz yollardan keçdilər ər tək.
Bir tarix yazdılar qalib gələrək,
Qəhrəman oğullar, igid oğullar!

Dəmir yumruq kimi, zərbələr vurdu,
Vətən keşiyində mərdanə durdu.
Düşməni yurdumdan it kimi qovdu,
Qəhrəman oğullar, igid oğullar!

Şəhidlər ölməzdi,ölməyib onlar,
Tanrı dərgahına yüksəlib onlar.
Qələbə uğrunda döyüşüb onlar,
Qəhrəman oğullar, igid oğullar!

Sizin hər biriniz igid, qəhrəman,
Dəmir yumruq kimi oldunuz hər an,
Sizinlə fəxr edir can Azərbaycan,
Qəhrəman oğullar, igid oğullar!

44 gün davam edən vətən müharibəsində Kəbirli igidləri böyük şücaətlər, qəhrəmanlıqlaq göstərdi.Onlar düşmənin istehkamlarını dağıdaraq, qələbə sevincini xalqımıza çatdırdılar. Ölkə üzrə ən çox şəhid verən qəhrəman kəndir, KƏBİRLİ ! Bu kəndin hər bir evindən vətən müharibəsində döyüşən igidlərimiz olub. Üç yüzə yaxın Kəbirli igidləri Vətən müharibəsində igidliklər göstərərək Ali Baş Komandan müzəffər İlham Əliyevin komandanlığı altında torpaqlarımızı erməni işğalçılarından azad etmişdir.Qəhrəman kəndin qəhrəman oğulları ilə hər birimiz fəxr edirik. Bu igidlərin hər biri haqqında dastanlar, yazılmalı, adlarına nəğmələr qoşulmalıdır. Pərviz kimi igid, qəhrəman oğulları təkcə Kəbirli kəndi deyil, Beyləqan deyil, bütün ölkəmiz tanımalıdır. Belə oğulların sayəsində bu gün bu torpağın üstündə gəzirik!
Pərviz kimi igidlərimizin döyüş yolu gələcək nəsillərə çatdırılmalıdır. Biz qəhrəmanlarımızla fəxr edir, qürur duyuruq. 44 gün davam edən müharibədə ölkə üzrə ən çox şəhid verən kənd Kəbirli kəndidir. Bu günlərdə Kəbirli kəndində igid şəhidlərimizin xatirəsinə abidə kompleksi və ehsan bulağı tikilib . Daha bir abidə kompleksi isə kəndin girişində inşa edilir.
Şəhidlər heç vaxt unnudulmur. Pərviz döyüşlərdə göstərdiyi igidliyə görə verilən “Vətən uğurunda” medalı ilə təltif olunub. Vətən müharibəsində şəhidlik zirvəsinə ucalanların hər bir şəhidimizin ailəsi dövlətimizin daima diqqət və qayğısındadır. Yolçu ata, Bahar ana övladınız digər şəhidlərimiz kimi əbədi yaddaşlardadır.Pərviz nəinki, Kəbirli kəndinin, bütün Azəırbaycanın qürur yeri, fəxarət yeri oldu.
Pərviz kimi övlad böyütdüyünüz üçün qarşınızda baş əyirik. Allah bütün şəhidlərimizə rəhmət eləsin, məkanları cənnət olsun.

 

Elman İsrafiloğlu,
“Quruluş” qəzetinin təsisçisi və baş redaktoru, hergun.az saytının rəhbəri.