Şair-publisist Nizami Qərib -Yeni şeirlər… VİDEO

                  GECƏLƏR

Zaman-zamam hislərimin oduna,
Alışıram hey yanıram gecələr.
Deyəmmirəm qəlbimdəki sözümü,
Gah gizlədib, gah danıram gecələr.

Misralarda itib gedir ümidlər,
Kəlmə-kəlmə sətirlərdə azıram.
Mən hər gecə sən var olan dünyada,
Sənsiz qalıb, sənsizlikdən yazıram.

Sən gedəndən mənim kimi yatmadı,
Ağrılarım oyaq qaldı gecələr.
Səni məndən ayırmışdı sabahlar,
Məni məndən uzaq saldı gecələr.

Gözlərimdən ulduzlara yol salıb,
Addım-addım həsrətini çəkirəm.
Sevincimin sarayını uçurub,
Ürəyimdə qəm qalası tikirəm.

Eşq bağımda payız vaxtsız göründü,
Sən əkdiyin gül-çiçəklər qurudu.
Yadigartək saxladığım şəkillər,
Gecələri otağımın nurudu.

Bir Qəribdi, bir tənhalıq, bir otaq,
Göz yaşımı kimlər silsin gecələr?
Bir gün ölsəm vəfasıza, söyləyin,
Məzarıma səssiz gəlsin gecələr.

 

GÜNAHGAR DÖVRANDI ZAMANDI DEDİK

Çox çətin bir yolun, sonuna gəldik,
Günahkar dövrandı, zamandı dedik.
Doğmanı, əzizi biz düşmən bildik,
Günahkar dövrandı, zamandı dedik.

Əsən yelə verdik ötən illəri,
Ağrıyla, acıyla bitən illəri.
Seyr edib ömürdən itən illəri,
Günahkar dövrandı, zamandı dedik.

Dəfn edib ürəkdə qorxu-təlaşı,
Unutduq imanı hər addımbaşı.
Yad bilib qohumu, dostu, yoldaşı,
Günahkar dövrandı, zamandı dedik.

Haqsızlıq elədik, haqqı yox bildik,
Yalandan ağladıq, yalandan güldük.
Rüşvətlə doğulduq, rüşvətlə öldük,
Günahkar dövrandı, zamandı dedik.

Əyrini yaşatdıq düz məzarında,
Çox səhvi dəfn etdik göz məzarında.
Satıb sözümüzü söz bazarında,
Günahkar dövrandı, zamandı dedik.

 

 

 

Nizami Qərib -Pressaz.az