Hüquqşünas – şair Ədalət Əroğlu: ” ƏSLƏN HOVUSLU KƏNDİNDƏN OLAN ŞƏHİDİMİZİN 31 YAŞI OLACAQDI”…

Əslən Cəbrayıl rayonun Hovuslu kəndindən olan Hətəmxan Quliyev Məti oğlu 24.03.1990-cı ildə Sumqayıt şəhərində anadan olmuşdur. Atasını bir yaşında itirən Hətəmxanı anası Ruqiyyə xala təkbaşına böyüdür. Daha sonra qardaşını, sonra anasını maşın qəzasında itirən Hətəmxan həyatda çox çətinliklərlə qarşılaşır. Bu çətinliklərə baxmayaraq oxuyub təhsilini davam etdirir, işləyir, ailə qurur. Min bir əziyyətlə bütün istəklərinə nail olur. 9-cu sinfə qədər Sumqayıt şəhərində yerləşən 4 saylı tam orta məktəbdə oxuyan Hətəmxan hərbiyə olan marağından sənədlərini 2005-ci ildə Cəmşid Naxçıvanski adına hərbi liseyə verir və daxil olur. 2008-ci ildə oranı bitirir.
Həmin ildə də Akademiyaya daxil olur. 2012-ci ildə oranı bitirdikdən sonra bir il də Təlim Tədris Mərkəzində təhsil alır. Daha sonra təyinatı Ağcakəndə verilir. Aprel döyüşlərinin iştirakçısı olur. Ağcakənddən sonra yeni təyinat yeri Mingəçevir olur. Orada Hətəmxan qərərgah rəisi vəzifəsində çalışır. 2020-ci il Sentyabr ayının 27- də başlayan İkinci Qarabağ müharibəsində istirak edir.
29 sentyabrda Tərtər rayonu Suqovuşan kəndi istiqamətində gedən döyüşlər zamanı qəhrəmancasına şəhidlik zirvəsinə ucalır. Şəhidimizin nəşi 44 gün neytral ərazidə qalır və 24 noyabrda Bakı şəhərinə gətirilərək 2-ci fəxri xiyabanda dəfn edilir.
Hətəmxan Quliyev Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması və ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarına yüksək peşəkarlıqla hərbi qulluq vəzifəsini yerinə yetirərkən igidlik və mərdlik nümunəsi göstərdiyinə görə “Vətən uğrunda” və “Hərbi xidmətlərinə görə” medalı ilə təltif edilmişdir.
Qeyd edim ki, Hətəmxanın uşaqlıq illəri Sumqayıt şəhərində gözüm önünüdə canlandı. Rəhmətlik atası Məti dayı, mərhumə anası Ruqiyyə xala çox qohumcanlı, qonaqpərvər insanlar idilər. Lap gənclik illərimdən tanıyırdım ailəni…
Allah Rəhmət eləsin. Məkanı cənnət olsun.

 Hüquqşünas, Şair QAFAROV ƏDALƏT İZZƏTOĞLU (ƏROĞLU)