Tanınmış həkim, şair Əfrahim Hüseynli: “AZƏRBAYCAN SƏHİYYƏSİ İLƏ FƏXR ETMƏYƏ DƏYƏR!” – Müsahibə

Respublikamızda son illər baş verən sürətli iqtisadi inkişaf bütün sosial sahələrin, o cümlədən, səhiyyənin inkişafına da əsaslı təkan verib. Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində ölkə səhiyyəsi yeni inkişaf mərhələsinə qədəm qoyub. Azərbaycan səhiyyəsinin müasir dövrümüzdə bütün xüsusiyyətlərinə görə, özünün yeni inkişaf mərhələsini yaşaması ölkəmizin iqtisadi gücünün, siyasi sabitliyin təzahürüdür. Müasir dövrümüzdə səhiyyənin idarə olunması, tibb müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi və digər irimiqyaslı tədbirlər həyata keçirilib. Bütün bu uğurlar səhiyyənin dünya standartları üzrə inkişafına, onun dünyanın qabaqcıl ölkələrinin səhiyyə sisteminə ardıcıllıqla inteqrasiya edilməsinə zəmin yaradan amillərdir. 
Pressaz.az Tanınmış həkim, AYB – nin üzvü, şair, publisist Əfrahim Hüseynli ilə olan müsahibəni təqdim edir:

  • Salam, Əfrahim həkim. Siz koronaviruslu xəstələrin vəziyyəti, müalicə prosesi ilə yaxından tanış olub, öz həyatlarını təhlükəyə ataraq onlarla virusla mübarizə aparan, ömrünün 40 ildən çoxunu öz işinə həsr edən fədakar, təcrübəli həkimlərimizdənsiniz. Sizin bu haqda fikirlərinizi bilmək istərdik.

– Salam. Mən səhiyyəmizə tam bələd olan bir həkim kimi bu fikirlə tam razıyam. İndi xəstəxanalarımız tibbin ən çətin suallarını həll edə biləcək müasir avadanlıqlarla təmin olunmuşdur. Qabaqcıl ölkələrdə ixtisaslaşmış kadrlarımız günbəgün artır. Yardımçı müayinə metodları da ağlasığmayan dərəcədə artmışdır. Məhz buna görə demək olar ki, həkimlərimizin qarşısında aciz qaldıqları xəstəliklərin müalicəsinin mümkünsüzlüyü heçə enmişdir.

  • Əfrahim Həkim, bu dediyiniz uğurları işlədiyiniz Cəlilabad rayon səhiyyəsində də görürsünüzmü?

– Əlbəttə. İnanın, əvvəllər Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına, eləcə də Mərkəzi Xəstəxananın tabeçiliyində olan tibb müəssilərinə yolu düşənlər gözlərinə inanmazlar. Cəlilabad Rayon Mərkəzi Xəstəxasına 2020-ci ilin əvvəllərində Baş Direktor təyin edilmiş Elnur doktor Azadxanovun yüksək təşkilatçılıq qabiliyyəti hesabına nümunəvi kardioloji şöbədən tutmuş cərrahiyyə şöbəsinə qədər yaradılmış, daha doğrusu yenilənmişdir. Ən mürəkkəb kordiloji xəstələr, cərraha ehtiyacı olan xəstələr və s. (digər profillərə ehtiyacı olan xəstələr də) heç bir yerə üz tutmur. Bütün bunlara görə Cəlilabad əhalisi Baş Direktor Elnur Azadxanova, Baş Həkim, gözəl cərrah Vüsal Abdullayevə minnətdardır. Bunu təkcə mən demirəm, bütün Cəlilabad əhalisi deyir.

  •  Azərbaycan dünya miqyasında nadir ölkələrdəndir ki, koronavirusa yoluxan bütün xəstələr tibbi müəssisələrdə müalicə alır. Azərbaycanda koronavirusdan ölənlərin sayının az olmasının səbəblərindən biri də məhz odur ki, yoluxmuş bütün xəstələr tibbi müəssisələrə qəbul edilir və onlara lazımi xidmət göstərilir. Sizin fikrinizcə dünyanın bəlası olan covid-19-a qarşı mübarizə nə vəziyyətdədir?

 – Bu bəlanı rayonumuzdan tam yox etmişik desəm, yalan danışmış olaram. Amma bu pandemiyaya qarşı mübarizə aparan ən öncül bizik desəm, digər bölgələrdən olan həmkarlarım inciməsinlər. Hər bir covid-19 xəstəsi aşkar olan gündən sağalana qədər başda səhiyyəmizin rəhbəri Elnur Azadxanov olmaqla bizim narahatçılığımızı heç nə əvəz edə bilməz.

  • Əfrahim həkim, belə isə bizim bəzi vətəndaşların xarici ölkələrə üz tutmasına səbəb nədir?

– Belə bir sualı mənə başqa bir saytın müxbiri də vermişdi. Vətəndaşlarımızın müalicə üçün xarici ölkələrə üz tutmasının ən əsas bir neçə səbəbi var. Birinci başlayaq Avropa ölkələrinə getmələrindən. Sovetlər dönəmində ölkəmizin digər sahələri kimi, səhiyyəsi də bir növ xarici ölkələrdən təcrid olunmuşdu. Məhz buna görə də səhiyyə təhsili sahəsində, eləcə də yardımçı müayinələrdə istifadə olunan avandanlıqlar sarıdan, etiraf edək ki, geri qalırdıq. Hal-hazırda isə tam əminliklə mən deyərdim ki, səhiyyəmiz ölkələr sırasında ən qabaqcıl yerlərdən birini tutur. Xarici ölkələrə üz tutanlar ürəyində o dövrün inamsızlıqları hələ də qalan insanlardır. Bəzilərinin getməsinə səbəb isə şan-şöhrəti yüksəkdə tutmalarıdır. Mən sizə Azərbaycan səhiyyəsinin uğurlarından və əvəzolunmaz həkimlərimizdən söhbət açardım və görərdiniz indi səhiyyəmiz nələrə qadirdir. Sadəcə vaxt azlığı ucbatından belə həkimlərimizdən söhbət sala bilmədim… Sizə ən sadə bir misal deyim, dünya səhiyyəsində ən tanınmış simalardan biri olan, İranda yaşayan (qəbri nurla dolsun) Cavad Heyətin durumunun ən ağır məqamında bizim səhiyyə ocağımızı seçməsi heç də əbəs yerə deyildi… Amma məncə siz əsasən İrana üz tutan xəstələri nəzərdə tutursunuz. Onu da açıqlaya bilərəm. Səmimi olaq ki, bizdə özəl klinikalarda qiymətlər əlbəttə o ölkə ilə müqayisədə çox fərqlidir. Bu fərqin belə kəskin olmasını, əlbəttə iqtisadçılar bizdən də gözəl bilirlər. O səbəbdən həmyerlilərimizin çoxu o ölkəyə üz tutur. Proqnoz isə həkimlərə daha yaxşı bəllidir. Düzdür, gedənlər özlərini bir müddət yaxşı hiss edirlər və bir müddətdən sonra anlaşılır ki, bu sadəcə inamın müvəqqəti nəticəsi imiş. Misallar çəkə bilərəm ki, xarici ölkələrdə həkimlərin səhvləri dəfələrlə bizim həkimlər tərəfindən aradan qaldırılıb.
Onu da deyim ki, ölkəmizdə tibbi sığortanın tətbiqindən sonra tam əminəm ki, belə hallara rast gəlməyəcəyik.

  • Sonda hörmətli həkimimiz Əfrahim Hüseynlinin ən böyük arzusu nədir?

 – Mən Azərbaycan Səhiyyəsi ilə fəxr edirəm! Bütün həmkarlarımın, siz jurnalistlərin Bayramını təbrik edirəm! Qoy üzümüzə gələn illər sizlərə, başda Elnur doktor Azadxanov olmaqla, bütün həmkarlarıma yeni-yeni uğurlar gətirsin!

  • Çox sağ olun, Əfrahim həkim. Biz də Sizi təbrik edirik. Siz həkimlərin sayəsində Azərbaycan Səhiyyəsi bu gün öz uğurlarını əldə edir. Dəyərli vaxtınızı bizə ayırdığınız üçün Sizə təşəkkür edirəm. Vaxtınızı aldım, halal edin.

 – Siz də sağ olun!

 

Könül Səssiz – Pressaz.az