Aygün Həsənoğlu: “Anadangəlmə kor uşaqların gözlərini ilk dəfə cərrahiyyə yolu ilə açan Azərbaycan alimi”…

Anadangəlmə kor uşaqların gözlərini ilk dəfə cərrahiyyə yolu ilə açan Azərbaycan alimi…
…göz xəstəliklərinin mühüm problemlərindən bəhs edən sanballı məqalələri mətbuat səhifələrinə yol açır, xarici ölkələrin tibb jurnallarında onun dəyərli elmi mülahizələri maraq doğurur.

1934-cü ildə oftalmologiya üzrə terminologiya lüğəti tərtib edir,
1935-ci ildə isə tədqiqatlarında əsas yer tutan görmə sinirlərinin xəstəlikləri və gözün fiziologiyasından bəhs edən 20 çap vərəqi həcmində Azərbaycan dilində ilk “Göz xəstəlikləri” dərsliyini yazır.

1935-ci ildə Azərbaycan Xalq Səhiyyə Komissarı Möhsüm Qədirlinin əmri ilə ONA tibb elmləri namizədi alimlik dərəcəsi verilir. Təxminən 4 ay sonra o, Azərbaycan Tibb İnstitutunda “Büllurun qazanılmış çıxıntısının patologiyasına dair” mövzusunda doktorluq dissertasiyası müdafiə edir və 1936-cı ildə Tibb elmləri doktoru adını alır.

Respublikada oftalmologiya üzrə gənc kadrlar yetişdirmək, diaqnostikaya, müalicə və profilaktikaya aid metodik vəsait yaratmaq kimi vəzifələrin öhdəsindən bacarıqla gələrək, 1943-cü ildə professor adına layiq görülür.

Böyük Vətən müharibəsi illərində İnstitutda, Mərkəzi göz klinikasında işlərinin çox olmasına baxmayaraq, həm də Bakıdakı Əsəb-cərrahiyyə hospitalında məsləhətçi kimi fəaliyyət göstərən alim öz qüvvəsini müharibənin törətdiyi fəlakətlərə qarşı mübarizəyə həsr edir. Həmin illərdə “Kəllənin güllə ilə yaralanması nəticəsində göz dibində əmələ gələn dəyişiklik və görmə dairəsinin pozulması” (Bakı, 1943), “Kəllənin güllə ilə yaralanması zamanı göz əzələlərinin iflici” (Bakı, 1944) və s. qiymətli tədqiqat əsərləri yaranır.

Bakı şəhərinin iki doğum evində (1 saylı─keçmiş Əzizbəyov adına və 5 saylı ─hazırki Şamama Ələsgərova adına) illərlə apardığı konsultativ işin nəticəsində topladığı materiallar əsasında 1956-cı ildə 178 səhifəlik «Заболевание глаз при патологии беременности» (Баку, 1956) kitabı ərsəyə gəlir.
1957-ci ildə ona Əməkdar elm xadimi adı verilir.
1945-ci ildən ömrünün sonuna kimi Azərbaycan Tibb İnstitutunun (1957-ci il aprelin 29-dan N.Nərimanov adına — R.S.) Göz xəstəlikləri kafedrasının müdiri vəzifəsində çalışmışdır. O, Y.K.Varşavski (1922), K.X.Orlov (1922-1923) və A.Q.Trubindən (1923-1945) sonra Göz xəstəlikləri kafedrasına rəhbərlik edən ilk azərbaycanlı alimdir.

Anadangəlmə kor uşaqların gözlərini ilk dəfə cərrahiyyə yolu ilə açan Azərbaycan alimidir. O vaxtlar Sovet ittifaqının ən tanınmış oftalmologiya mərkəzi sayılan Odessanın həkimləri Azərbaycan aliminin praktikasına üstünlük verdiyindən, belə cərrahi əməliyyatlar üçün onu dəfələrlə öz klinikalarına dəvət edirdilər. Eyni zamanda bu məqsədlə onun yanına nəinki İttifaqın hər yerindən, hətta xaricdən də xəstələr gəlirdi.

Gənc həkimlərin yetişdirilməsinə xüsusi qayğı göstərirdi. Alim öyrənməyi beynin qidası hesab edir, cavanları həmişə öyrənməyə çağırırdı. Onun üçün savadlı tələbə gələcəyin aynası, sabahın dahi şəxsiyyəti demək idi. Həmin fikir Parisdə keçirilən II Ümumdünya Deontoloji konqresdə (1967-ci il) Hippokrat andına bir cümlə ilə əlavə olunmuşdu: “And içirəm ki, ömrüm boyu öyrənəcəyəm”.

1957-ci ildə Azərbaycan EA-nın müxbir üzvü, əməkdar elm xadimi adına layiq görülmüşdür.

1958-ci ildə Brüsseldə keçirirlən Ümumdünya oftalmoloqlar konqresinin iştirakçısı, Sovet Sülhü Müdafiə Komitəsinin (1955-1974), Sovet Qadınları Komitəsinin (1963-1974) üzvü, Azərbaycan Oftalmaloqlar Cəmiyyətinin sədri (1957-1974) olmuşdur. 1959-cu ildə Ümumdünya Sülh Şurasının Fəxri fərmanı ilə təltif olunur. SSRİ Ali Sovetinə (5-6-cı çağırış), Azərbaycan SSR Ali Sovetinə (4-cü çağırış) deputat seçilmişdir.

1960-cı ildə “Sovet hakimiyyəti illərində Azərbaycanda oftalmologiyanın nailiyyətləri” kitabı işıq üzü görür.

1961-ci ildə Yaponiyada çağırılmış Nüvə silahının qadağan edilməsi və Xirosima və Tokioda tərksilaha hazırlıq uğrunda VII Beynəlxalq konfransda iştirak edərək çıxışını ingilis dilində qürurla söylədiyi bu sözlərlə başlamışdı: “Mən gündoğan ölkəyə qonaq gəlmişəm. Bilirsinizmi haradan? Dünyanın gündoğan ölkəsindən, odlar diyarı Azərbaycandan gəlmişəm”.

1962-ci ildə “Визит к американцам. Баку, 1962” (Amerikalılara qonaq) kitabı yazılmışdır.

1973-cü ildə «На Афро-азиатских офтальмологических конгрессах» kitabları nəşr olunmuşdur.

Vəfatından 3 il sonra, 1977-ci ildə illər sərf etdiyi “Refraksiya, akkomodasiya və optik şüşələrin təyini” Bakı,1977 (R.M.Axundova ilə birlikdə) kitabı işıq üzü gördü.

Ölkə sərhədlərindən xeyli kənara çıxmış, 1970-ci illərdə xaricdə, o cümlədən Amerika, İngiltərə, Yaponiya, Fransa, Türkiyə və bir sıra ərəb ölkələrində ən çox əsəri çap olunmuş yeganə azərbaycanlı oftalmoloq olmuşdur.

Onun gözün akkomodasiya qabiliyyətinin tədqiqinə həsr etdiyi tədqiqat işləri görmə orqanın fıziologiyası sahəsinə əsaslı yeniliklər gətirmişdir.

HAQQINDA DANIŞDIĞIM BÖYÜK ALİM AZƏRBAYCAN OFTALMOLOGİYASININ BANİSİ ÜMNİSƏ MUSABƏYOVADIR…

ALLAH RƏHMƏT ELƏSİN!

Aygün Həsənoğlu – pressaz.az