Əfrahim Hüseynli: “Mən sənə hər şeyi demədim, Ana”! – VİDEO

BAHARIN İÇİNDƏ İTİB BATIRAM…

İllərlə qapısı bağlı bu evin
pəncərəsini
külək döyə-döyə açıb bu gecə.-
bir əlçatmaz güman
dolur ürəyimə… dolur gizlicə…
İlahi, elə bil yuxuya dönür
nə vaxtdır dərdini çəkdiyim bir köç…
elə bilirəm ki, bu evdən yenə
məni çağıracaq… doğma səs məni…
Ana yoxluğuna inanmıram heç.
…tələsirəm
pəncərəni örtməyə,-
qorxuram sına şüşələri,
anamın çilik-çilik olan arzuları kimi,-
sonrasa… sonrasa…
bir ağrı qəfil güllə tək
dəlib keçə ürəyimi…
örtmək istəyirəm,
toxunur əlimə anamın əlləri,
toxunur əlimdən saçıma qədər.
Anamın yoxluğu yalana dönür.-
dünya da təzədən gözəl görünür…
baharın içində itib batıram.
bu əsən külək də
dönüb dəyişir,-
behişt küləyi tək üzümə dəyir.
yenə şahlıq edir ərköyünlüyüm,-
yenə gül-çiçəyi gərəksiz yerə
yolub torpaq üstə tökürəm bir-bir.
qardaşım deyinir,
bacım deyinir…
çiçəklər kollara qısılıb qalır.
sonrasa… sonrasa…
peşmançılığım
ən ağır yük tək
yenə öz çiynimdə asılıb qalır.
yuxudu, röyadı, nağıldı, nədir?
baxıb gözlərimə inanmıram heç
İlahi, yenə də yadıma düşür
nə vaxtdır dərdini çəkdiyim bir köç.

 

 

Pressaz.az