Müşfiq Rafaeloğlu – Yeni şeirlər…

           Tənha qadın

Tənha qadın gördüm, sevgidən uzaq,
Arzunu xəyalda sıxır kövrəlir.
Don vurmuş eşqini çox edir soraq,
Sevən ürəklərə baxır , kövrəlir.

İllər öncə sevgi dolu həyatı,
Nağıla dönmüşdü , dildə bayatı.
Titrək dodağına süzülcək adı,
Nişanə üzüyün taxır , kövrəlir.

Ruha əzab verir qaranlıq gecə,
İstirab doğurur tənhalıq necə.
Sevgisin qaçırıb sanki indicə,
Ürəyin odlara yaxır , kövrəlir.

Alnında sevginin qırəşları var,
Bu geniş kainat ürəyinə dar.
Kor olsun gözlərin ey vəfasız yar,
Şəklini qəlbinə sıxır, kövrəlir.

Həzin musiqidir eşqin küləyi,
Üşüdər hicrində yanan ürəyi.
Həsrətin göz yaşı boğur mələyi,
Kiprikdən yanağa axır, kövrəlir.

 

Fələk öz fəndini yozana kimi

Baxıb köks ötürmə ötən illərə,
Ömrə hökm oxunan zamana kimi.
Köçür yaddaşını xatirələrə,
Saralıb tökülən xəzana kimi.

Şəm kimi ömür də yanır, azalır,
Yaddaş uzandıqca ömür qısalır.
Ölüm addım-addım sənə yan alır,
Hafizən yol, izi azana kimi.

Yüklənir sinədə çarpışan ürək,
Bilirsən soluxub, büzüşüb kürək.
Yenə də deyirsən, tikərdim gərək,
Gorqazan qəbrimi qazana kimi.

Ömrü xəyallarla vurma gəl başa,
Möcüzə gözləmə, sadəcə yaşa.
Mümkünmü tək zərlə atasan qoşa ?
Fələk öz fəndini yozana kimi.

Müşviq, de, dərd bitməz olsa ziyada,
Ölümü arabir salsanız yada.
Çiçəkli yaz ömrü vermərsiz bada,
Allahım hökmünü yazana kimi.


Müşviq Rafaeloğlu -Pressaz.az